"Paşinyan öz hakimiyyətinin legitimliyinə şübhə ilə yanaşır"





"Xarici işlər nazirlərinin mütəmadi olaraq görüşməsi münaqişənin sülh yolu ilə həlli baxımdan əhəmiyyət kəsb edir”.

Bunu "Sherg.az”a açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilin sonunda baş tutacaq görüşünü dəyərləndirən ekspertin fikrincə, hazırda Ermənistanda hökm sürən siyasi böhran vəziyyətində Dağlıq Qarabağla bağlı müzakirələrdə ciddi irəliləyişdən bəhs etmək yersiz olardı:

"Bu baxımdan nazirlər arasında görüş zamanı əsas müzakirənin cəbhə xəttindəki vəziyyətin normallaşması və qorunub saxlanması ilə əlaqədar ola biləcəyini düşünürəm. Bundan əlavə, onu da qeyd edim ki, Paşinyanın münaqişənin həlli ilə bağlı müzakirələrdə iştirak etməməsi onun siyasi səriştəsizliyindən irəli gəlir. Ermənistan baş naziri Nikol Paşinyanın mövqeyinin tamamilə dəyişdiyini düşünmürəm. Xankəndində "istehsal olunmuş” pilotsuz aparatların havaya qaldırması, Ağdam ərazilərində atəş təlimlərin keçirilməsi Paşinyanın mövqeyinin dəyişmədiyindən xəbər verir. Paşinyan Düşənbədə razılığa getmək və erməni xalqına mövqeyinin nisbətən yumşaldığını göstərmək məcburiyyətində idi. Çünki hələ də daxildə öz hakimiyyətinin legitimliyinə şübhə ilə yanaşır. Yəni başı daxili siyasətə qarışdığı üçün belə bir addım atdığını söyləmək mümkündür”.

E.Aşırlının sözlərinə görə, əgər dekabrda növbədənkənar parlament seçkiləri keçirilərsə və bu seçkilərdə Paşinyan qalib gələrsə, yenidən Azərbaycana qarşı sərt bəyanatlar səsləndirməsi ehtimalı yüksəkdir: 

"Baş nazirin əsas məqsədi daxili siyasi vəziyyəti stabilləşdirməkdir. Buna görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələri Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakyanın öhdəliyinə buraxdığını qeyd edə bilərik”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla həmkarı Zöhrab Mnatsakanyanın növbəti görüşü planlaşdırılır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan məlumat verib. Balayan ilin sonunadək xarici işlər nazirlərinin görüşünün baş tutacağını deyib.

İsmayıl