Paşinyan Qarabağ kartını Naxçıvanla əvəzləmək istəyir

“Rusiyanın monopoliyasında olan Qarabağdan fərqli ikinci bir münaqişənin alovlanması amili də istisna olunmamalıdır”



Son günlər Ermənistan tərəfi Naxçıvanla bağlı ardıcıl məlumatlar yaymaqdadır. Şübhəsiz ki, düşmən tərəfin cəmiyyətə ötürdüyü informasiyaların demək olar ki, hamısı uydurma və təxribat xarakterlidir. Naxçıvan istiqamətində Azərbaycanı provokasiyaya çəkməyə çalışan İrəvan Azərbaycanın guya bu istiqamətdə durmadan hərbi aktivlik nümayiş etdirdiyini iddia etməkdədir.

Görünür, ötən gün Naxçıvan istiqamətində erməni hərbiçilərinin təxribata əl atması və Milli Ordumuz tərəfindən düşmənə tutarlı cavab verilməsi Ermənistan ictimaiyyətini təşvişə salıb. Ermənistan Müdafiə Nazirliyi əhalini Naxçıvan istiqamətində "ciddi bir şey baş vermədiyinə” inandırmağa çalışsa da, sosial şəbəkələrdə müzakirələr səngimir.

 Hərbi ekspert Arkadi Qriqoryan sosial şəbəkələrdə və KİV-lərdə yayılan məlumatlarla bağlı Naxçıvan istiqamətindəki hakim yüksəkliklərin çoxunun Ermənistan ordusunun nəzarətində olduğunu deyib. Lakin onun sözlərinə görə, "Azərbaycan ordusu, doğrudan da, 1-2 yüksəkliyi götürüb, ancaq bu qüvvələr bölgüsünə təsir etmir”. 

Qriqoryan Azərbaycan ordusunun həmin mövqeləri götürməsinin "bu günlərdə baş verdiyini” bildirib. Bu arada Ermənistan xarici işlər nazirinin müavini Armen Papikyan xatırladıb ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə razılaşması var və bu, yerinə yetiriləcək. Nazir Azərbaycanın guya Naxçıvan istiqamətində sərhəd xəttini dəyişməyə cəhd etdiyini iddia edərək, İrəvanın buna cavab verəcəyini bəyan edib: "Əgər KTMT-nin nə etməli olduğunu soruşursunuzsa, mən buna cavab verməkdə çətinlik çəkirəm. Lakin razılaşma və icra edilməli müəyyən maddələr var”.


Düşmən ölkənin narahatlığı ilə bağlı "Şərq”ə danışan politoloq Nəzakət Məmmədova deyib ki, Naxçıvan məsələsinə bir neçə aspektdən, həm geosiyasi cəhətdən, həm də Ermənistan-Azərbaycan münaqişəsinin tərkib hissəsi kimi baxmaq lazımdır: 

"Belə bir suala cavab verməyə çalışaq ki, Naxçıvanda vəziyyətin gərginləşməsi kimə lazımdır? Əlbəttə ki, Ermənistanda seçkilər yolu ilə hakimiyyətə gəlməyən Paşinyana öz legitimliyini bərqərar etmək üçün yeni bir poliqon lazımdır və bu poliqon Naxçıvandır. Sarkisyan rejimi Qarabağ kartından istifadə edirdisə, Paşinyan Naxçıvan kartından istifadə edir. Erməni xalqının və diasporanın gözündə öz legitimliyini əsaslandırmağa çalışır. Başqa torpaqları zəbt etmək Ermənistanın dövlət ideologiyasıdır. Paşinyan da bundan kənara çıxmır, çıxa da bilməz. 

O, bununla Sarkisyandan geri qalmadığını, əksinə, Azərbaycana qarşı yeni cəbhə açdığını göstərmək istəyir. Bununla da dediyimiz kimi, öz legitimliyini təsdiq etmək istəyir. Digər tərəfdən, Paşinyan əlbəttə ki, müstəqil şəxs deyil. Müəyyən dairələrin oyuncağıdır. O, müstəqil heç bir addım ata bilməz.

Naxçıvanda olan əməliyyatlar da razılaşdırılmış məsələdir. Naxçıvan olduqca strateji bir ərazidir. Burada baş verən proseslər İran, Türkiyə və Rusiyanı maraqlandırır. Bölgədəki iğtişaş bilavasitə həmsərhəd İran və Türkiyənin ərazisinə sirayət edir. Həmin ölkələr hazırda Qərblə, Paşinyanı hakimiyyətə gətirən mərkəzlərlə bir sıra məsələlər ucbatından ixtilaf şəraitindədir. Xüsusilə, İran və ABŞ arasında baş verən son gərginliklər fonunda bu, İrana ciddi mesaj sayıla bilər.

İranın şimal sərhədi yaxınlığında bu cür hərbi insidentlərin olması Tehrana birbaşa təhdiddir. Həm də elə bir dövrdə ki, şiə partiyaları Yaxın Şərqin bir neçə ölkəsində qələbə qazanıb parlament çoxluğu əldə ediblər. İsraillə fələstinlilər arasında ABŞ səfirliyinin Qüdsə köçürülməsindən sonra qanlı olaylar baş verib. Əsəd hələ də hakimiyyətdədir. Lakin bütün səbəblər bir amildən ibarət deyil”.

Politoloq bildirib ki, Rusiyanın monopoliyasında olan Qarabağdan fərqli ikinci bir münaqişənin alovlanması amili də istisna olunmamalıdır:

 "Regionun böyük güclərini, eləcə də Qərbin bəzi güc mərkəzlərini hərəkətə gətirəcək bu münaqişə olduqca təhlükəli məcraya yönələ bilər”.

İsmayıl