"Nikol Paşinyanın hakimiyyəti kövrək, ciddi sosial dayağı olmayan rəhbərlik təsiri bağışlayır”.
Bunu "Sherg.az”a Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma Dağlıq Qarabağ Respublikasının danışıqlarda üçüncü tərəf kimi iştirak etməsi ilə bağlı təklifinə münasibət bildirərkən politoloq Elşən Manafov deyib. Onun sözlərinə görə, son hadisələr göstərir ki, hazırkı hakimiyyət koalision xarakter daşıyır:
"Paşinyan bu müddət ərzində xalqın etimadını qazanacaqsa, xalq onun rəhbərlik etdiyi hökumətə, parlament fraksiyasına hörmət göstərəcəksə, bu Paşinyanın daxili və xarici siyasətlə bağlı mövqelərində fərqli baxışlara gətirib çıxara bilər. İndiki halda isə Paşinyan Serj Sarkisyanın və Qarabağ klanının ölkənin ictimai-siyasi həyatına təsir imkanlarını nəzərə almalıdır. Ona görə, baş nazirin Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər ictimaiyyətin manipulyasiyasına yönəldilib. O, baş nazir seçildikdən sonra ilk qeyri-rəsmi səfərini beynəlxalq birlik tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikasına etdi. Amma görüşlərdən bir müddət sonra Qarabağda hadisələr nəzarətdən çıxdı. Onun separatçı rejimin rəhbərliyinə, Qarabağ klanına yönəlmiş bəyanatları deklarativ mahiyyətdən kənara çıxmır”.
E. Manafov vurğulayıb ki, N.Paşinyan özünü qərbyönümlü göstərsə də, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalacağı barədə açıqlamaları onun Rusiya planı olduğunu sübut edir:
"O Rusiyanın təsirindən kənara çıxmaq iqtidarında olan siyasətçi deyil. Qərb tərəfindən ciddi maliyyə dəstəyi olmadıqca, Paşinyanın mövqeyi hələlik kövrəkdir. Onun səsləndirdiyi bəyanatlar ictimai manipulyasiyaya yönəldilib, millətçilik dalğası üzərində siyasi dividentlər qazanmaq istəyir. Azərbaycan bu şərtlərlə danışıqlar masasına heç vaxt oturmayacaq. Ermənistan və onun havadarları Azərbaycan Ordusunun gücünə çox yaxşı bələddirlər. Rusiya isə hazırda qərblə yaşanan problemləri, maliyyə çətinlikləri səbəbindən Ermənistana yetərli dəstək verə bilməyəcək. Ona görə, Paşinyan belə bəyanatlar verməklə sadəcə danışıqların vaxtını uzatmaq istəyir”.
Aysel Aslan