"Paşinyanın bu çıxışı Azərbaycanın mövqeyinə xidmət edir" - ŞƏRH





"Ermənistanda baş verən proseslər dövləti zəiflədib. Ona görə, erməni rəsmilər bunu ritorika ilə gizlətməyə çalışırlar”.

Bu barədə "Sherg.az”a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib. 

O qeyd edib ki, hiyləgər erməni ekspertlər yaranmış vəziyyətdən istifadə edib, Dağlıq Qarabağ münaqişəsini ortaya atırlar:

"Nikol Paşinyanın təcrübəsiz bəyanatları sanki erməni ekspertlərə dəstək olub. Qondarma Dağlıq Qarabağ respublikasının danışıqlarda iştirak etməsi barədə təkliflər erməni "patriotların” qazanc mənbəyinə çevrilib.

Yeni baş nazirin Dağlıq Qarabağda səsləndirdiyi fikirlər çox məntiqsizdir. N.Paşinyan danışıqlarda Ermənistanın adından çıxış edəcəyini deyib və Qarabağı Ermənistandan ayırıb. Bu isə əslində bizim mövqeyimizə xidmət edir. Münaqişənin adı hər zaman deyildiyi kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Gələcəkdə münaqişə həll olunsa belə, Ermənistan və Azərbaycan arasındakı problemlər qalacaq. Burada tarixi problemlər, torpaq məsələləri, Sovet dövründən və İrəvanın birləşdirilməsindən bu yana qalmaqdadır. 

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistan ərazisindən qovulan əhalinin, qaçqın və məcburi köçkünlərinin öz yurd-yuvalarına qayıtması da iki dövlət arasında aktuallığını qoruyan problemdir. Münaqişə alovalanandan sonra bir qrup erməni Azərbaycanı tərk etdi. Amma bu ailələr rahat şəkildə köçürülüb. Onlar heç bir əmlakına ziyan gəlmədən, evlərini, dəyərli əşyalarını sataraq gediblər”.

M.Əhmədoğlu deyir ki, N.Paşinyan Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmasında səmimidirsə, ilk növbədə ərazilərimizi boşaltmalıdır:

"Azərbaycan ərazisində olan bütün işğalçı erməni qoşunları çıxarılmalıdır. Bundan sonra danışıqlar başlaya bilər”.

Qeyd edək ki, XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında Ermənistan Respublikası BMT Nizamnaməsinin 2 (4) maddəsini kobud şəkildə pozaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq etdiyini, Azərbaycanı işğala məruz qoyduğunu deyib:
"Beynəlxalq ictimaiyyət bu kimi qeyri-ciddi və əsassız açıqlamaları ilə Ermənistanın münaqişənin həlli prosesində destruktiv siyasətinin, populizm və siyasi avantüra ilə məşğul olduğunun növbəti dəfə şahidi olur".

Aysel Aslan