"Paşinyanın fəaliyyəti o qədər də asan olmayacaq" - Gözləntini doğrultmalıdır






"Ermənistanda keçirilən aksiyaların məqsədi sadəcə hakimiyyətin dəyişdirilməsi deyil. Etirazçılar bir sıra məsələləri də həll etməyə çalışırlar”.

Bunu "Sherg.az”a Ermənistanda yenidən aksiyaların baş qaldırmasının səbəblərini izah edərkən politoloq Fikrət Sadıqov deyib. 

Onun sözlərinə görə, ermənilər ölkənin baş prokuroruna qarşı çıxır və həbsdə olan bir sıra məhbusların azad olunmasını tələb edir:

"Nikol Paşinyanın meydan aksiyalarında qəhrəmancasına bəyanatından sonra fəaliyyət göstərməsi o qədər də asan olmayacaq. Çünki o, ölkəni idarə etməli, Qərblə və digər ölkələrlə münasibətləri düzgün qurmağı bacarmalıdır. Vacib ölkələrlə münasibətlərdə prioritetlərin cızılması vacibdir. Bu məsələlərdən etirazçılar xəbərdar deyil. Onların əsas məqsədi Ermənistanın əsas prinsiplərinin dəyişdirilməsi, ölkənin mürəkkəb vəziyyətdən çıxması və inkişaf yolunda addımlamasıdır. 

Belə məsələlərin həllinə nail olmaq və bütün qüvvələrin maraqlarını təmin etmək mürəkkəb prosesdir. Yeni baş nazir küçələrdə, etiraz aksiyalarında səsləndirdiyi fikirləri yerinə yetirməli olacaq. Etirazların yenidən baş qaldırmasının əsas səbəbi də xalqın bu gözləntisidir”.

Qeyd edək ki, Ermənistandan etiraz aksiyaları başlayıb. Bu dəfə Ararat sement zavodunun yüzlərlə işçisi tətil elan edib.

Aysel Aslan