
Paşinyanın seçkilərdə qalib gəlsə də, Ermənistanda siyasi böhranın sonu çatmayıb - Xaos qarşıdadır
"Ermənistandakı yeni hakimiyyət əvvəlki xunta rejiminin səhvlərini təkrarlayıb onun yolunu getsə, onda müharibə qaçılmaz olacaq”
Erməni milli və strateji tədqiqatlar mərkəzinin direktoru (ACNIS) Manvel Sarkisyanın qənaətinə görə, Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan hər vasitə ilə hakimiyyəti təkbaşına idarə etmək istəyir. Onun sözlərinə görə, hazırkı mərhələdə Ermənistanın bütün həyatı və fəaliyyəti bir nəfərin iradəsindən asılıdır və proseslər onun qərarı ilə icra olunur.
Siyasətdə həmişə bumeranq qanununun işlədiyini vurğulayan M. Sarkisyan hesab edir ki, gec – tez cəmiyyətin ona qarşı münasibəti dəyişəcək və bu Ermənistanda bir çox problemlər yaradacaq.
Maraqlıdır, Paşinyan ölkəni təkbaşına idarə edə biləcəkmi və bu idarə üsulu Ermənistanda nə kimi problemlərə yol açacaq?
Politoloq Azər Rəşidoğlu Sherg.az-a açıqlamasında deyib ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində bu yaxınlara qədər nüfuzlu sayılan qüvvələrin hamısı qapı arxasında qalıb. Çox keçmədən həmin qüvvələrin birləşərək Paşinyan hökumətinə qarşı vahid blokda çıxış edəcəyini gözləmək olar:
"Paşinyanın seçkilərdə qələbəsinə baxmayaraq, Ermənistanda siyasi böhranın sonu çatmayıb. Xatırladaq ki, Paşinyan dəfələrlə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə bəyanatlar vermişdi və o, seçkilərə gedərək, qalib gəldi. Lakin siyasi idarəçilikdə təcrübəsiz olan Paşinyan "keçid dövrünün baş naziri" statusundan kənara çıxa bilmir. Paşinyan birləşdirici fiqur deyil. O yalnız dağıdıcı imicə malikdir və iqtisadiyyat barədə məlumatı belə yoxdur. Parlament seçkilərində qələbə Paşinyana olan rəğbətdən daha çox, Sarkisyan və onun ətrafına olan nifrətin göstəricisi idi.
Seçkilərin nəticələri əlbəttə ki, bir yandan artıq legitim ölkə rəhbəri kimi Paşinyanın əl-qolunu açırsa, o biri yandan onun üzərinə konkret, tarixi məsuliyyət qoyur. Xüsusən də Rusiyaya münasibətdə xarici siyasət kursunu dəqiqləşdirmək Paşinyana asan başa gəlməyəcək. Qarabağ məsələsində də Paşinyanın heç bir planı mövcud deyil. Paşinyan savaş baltası qaldırıb. Elə bu səbəbdən də rəsmi Bakı dəfələrlə xəbərdarlıq edib ki, əgər Ermənistandakı yeni hakimiyyət əvvəlki xunta rejiminin səhvlərini təkrarlayıb onun yolunu getsə, onda müharibə qaçılmaz olacaq”.

Ermənistanın gələcək taleyinin bu məsələdən birbaşa asılı olduğunu vurğulayan A. Rəşidoğlu deyib ki, hazırda Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi blokadasındadır. Gürcüstan isə İrəvanla yarımblokada vəziyyəti yaradıb.
Bunun nəticəsi olaraq Ermənistan bölgədə reallaşdırılan layihələrdən kənarda qalıb. Paşinyan isə vədlərini, ölkəsini tənəzzüldən o zaman xilas edə bilər ki, Qarabağ problemində ortaq məxrəcə gələ bilsin. Münaqişə həll olunmadan Ermənistanın hər hansı iqtisadi dirçəlişindən, əhalinin maddi rifah halının yüksəlməsindən danışmaq mümkün olmayacaq:
"Paşinyanın qarşısında iki yol var. Ermənistan danışıqlar yolu ilə dil tapmağı bacarmalı, danışıqlar masası ətrafında konstruktiv mövqe sərgiləməlidir. İkinci, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün nəzərdə tutduğu hərbi toqquşmalara hazır olmalıdır. Əlbəttə, bütün məsələlər Ermənistan üçün çətin dilemmadır. Paşinyanın və ətrafındakıların qatı millətçi olması, danışıqlar haqqında o qədər də nikbin rəy yaratmır. Yəni Paşinyanın baş nazirliyi dövründə danışıqlar prosesində kəskin sıçrayışların olacağını gözləmək mümkün deyil. Bununla belə, Ermənistan üçün həyati əhəmiyyətə malik iqtisadi problemlərin aradan qaldırılmasının yolu ilk növbədə Qarabağ probleminin həll olunmasından keçir. Hazırda danışıqlar prosesinin alınmasının özü də sual altındadır. Hazırda xarici işlər nazirləri səviyyəsində tərəflərin mövqeləri ilə tanışlıq prosesi gedir. Ermənistan tərəfinin təkidi ilə tərəflər problemə yanaşmanı özlərinə aid baxışlarla ortaya qoyurlar. Azərbaycanın istəkləri hamıya bəllidir. Bu, BMT-nin 4 qətnaməsinin ruhuna və beynəlxalq hüququn prinsiplərinə uyğundur. Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığını bir daha sübut etməyə ehtiyac yoxdur. Bütün bunları Ermənistan anlamalı, danışıqlar prosesində necə lazımdırsa, elə də hərəkət etməlidir. Əgər bu baş verəcəksə, Paşinyan xalqına verdiyi digər vədləri də yerinə yetirmək üçün imkanlar açılacağını söyləmək mümkündür. Əksinə yenə də qarşıdurma, siyasi manevrlər bölgədə yaranmış status-kvonun qorunub saxlanılmasına cəhdlər Ermənistan üçün baha başa gələcək və bədəlini ödəmək məcburiyyəti qarşında qalacaq”.
Qarşıda N.Paşinyanı çətin dövr gözlədiyini proqnozlaşdıran politoloqa görə, Qarabağ münaqişəsinin həllində konkret addım atmasa, cəbhə bölgəsində vəziyyət gərginləşəcək. Ermənistanın artan xarici borc problemini həll edilməməsi Paşinyanın özünün də sonunu yaxınlaşdıra bilər:
"Rusiya və Qərb arasında vurnuxan Paşinyana belə diplomatiya xüsusi divident vəd etmir. Paşinyanın ən böyük problemi isə odur ki, o, azad, müstəqil ölkənin rəhbəri deyil. Xarici sərhədlərini belə, rus hərbçilərinin qoruduğu, təhlükəsizliyi bilavasitə Rusiyadan asılı olan bir ölkənin qərbpərəst lider imicini qazanması elə də sadə deyil. Paşinyan özü də anlayır ki, Rusiya ilə yanaşı, Azərbaycan və Türkiyə ilə tezliklə anlaşmalıdır. Əks halda, Paşinyan Qarabağı təslim etməyə məcbur olacaq.
Erməni siyasətşünasları özləri də etiraf edirlər ki, ölkə xaosa yuvarlanmaq ərəfəsindədir. Vəziyyət kifayət qədər gərgindir və gərginləşmə yüksələn xətlə davam edir. Bu, o deməkdir ki, yaxın vaxtlarda Paşinyana qarşı daha güclü cəbhə formalaşdırıla bilər. Bu cəbhə Paşinyanın hətta parlament seçkilərindəki qələbəsini də müəyyən dərəcədə şübhə altına alır. Ermənistan oliqarxlarının Paşinyana qarşı olması, ordunun oliqarxiya tərəfində olması da onu göstərir ki, proseslər özünün çətin dövrünə qədəm qoyur və bu məsələ hətta ciddi qarşıdurmalara aparıb çıxara bilər. Ermənistan üçün ən pis ssenari vətəndaş müharibəsidir. Yəni, hadisələrin belə inkişaf ssenarisi də nəzərdən qaçırılmır. Lakin bütün bunlar seçkidən sonra da baş verə bilər. Seçkidə Paşinyan "küçənin təzyiqi" ilə qələbəsini təmin edə bilər. İstənilən halda, Qarabağ ətrafında ciddi proseslərin baş verəcəyi ehtimal edilir”.
"Mətbuata sızan məlumatlara görə, Rusiya Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün "Lavrov planı"nı işə salmağı planlaşdırır. Lakin bu modeli tərəflər qəbul etmədiyi üçün yeni formatlar da düşünülə bilər” deyə politoloq əlavə edib.
Onun sözlərinə görə, Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı Ermənistana yeni təklif verəcəyi haqqında məlumatlar da mövcuddur:
"Nəzərə alsaq ki, ABŞ buna qarşı çıxır, Paşinyanın Qarabağ danışıqlarında çətin durumda olacağını ehtimal edə bilərik. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvana səfəri zamanı "münaqişəni tərəflər özləri həll etməlidir" açıqlaması da əslində Rusiyanın "Lavrov planı"na qarşı verilmiş bəyanatdır. Vaşinqton Rusiyanın Qarabağ münaqişəsilə bağlı təkliflərini blokadaya almaq istəyir. ABŞ Ermənistana silah sata biləcəyini vurğulamaqla isə əslində elə Rusiyaya qarşı çıxır və bu məsələdə Paşinyandan yardım istəyir. Paşinyanın Rusiyanın nəzarətindən çıxmaq çabaları Ermənistanın geosiyasi vəziyyətini daha da dərinləşdirir. Paşinyana ağır xəstə yatağında olan bir ölkə miras qalır. Paşinyanın qazandığı qələbə nə onun özünü, nə də ki ölkəsini xilas etməyə kifayət etməyəcək”.
Şəymən