Payızı sevən, sevməyən insanlar var

Azad İsazadə: «Mövsüm dəyişəndə insanların davranışlarında gərginliklər yaşanması heç də psixoloji depresiyya ilə bağlı deyil»



Payız insanı yayın enerjisindən qışın soyuğuna aparan mövsümdür. Havaların dəyişməsi, günlərin qısalması, açıq havadakı gəzintilərdən günəşsiz, bağlı yerlərə üz tutmağımız bizə kefsizlik və bədbinlik hissi verir. Payız həm də bir az hüzn mövsümü kimi xatırlanır. Ona görə də bu fəsil insanların, əsasən də qadınların «payız depressiyası»na düşməsinə səbəb olur.

Statistikaya görə, dünyada hər beş nəfərdən biri payız depressiyasından əziyyət çəkir. Stressə məruz qalan, həyatdan narazı, fiziki və psixi sağlamlığı tam olmayanlar bu fəsildə əhval dəyişkənliyi ilə daha çox üzləşirlər.

Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AzərTAC-a məlumat verib. Onun sözlərinə görə, günəş şüalarının azalması orqanizmdə melatonin hormonunun artmasına səbəb olur və bunun nəticəsində əhvali-ruhiyyə aşağı düşür. Payız depressiyası daha çox qadınlarda müşahidə olunur.

Psixoloq depressiyaya qarşı mübarizə üsulları barədə deyib: "Payız aylarında hava şəraitindən asılı olmayaraq xoş əhval-ruhiyyə yaradan rəngbərəng geyinməkdən imtina etməmək lazımdır. Meditasiyalara üstünlük vermək, yəni özünə müsbət enerji aşılamaq, daxilən hər şeyin sakit və rahat olduğunu özünə təlqin etmək vacibdir”.

Psixoloq Azad İsazadə isə «Şərq»ə açıqlamasında depressiya ilə depressiv halın fərqli olduğunu bildirib. «Payız fəslində, ümumiyyətlə, bütün təbiət depressiyaya düşür. Bu təbii proses nəticəsində yarpaqlar tökülür, günəş azalır, yağış yağır və sair. Bu səbəbdən də insanların çoxu payız aylarında melanxolik vəziyyətə düşə bilər. Buna mən depressiv hal deməzdim. Sözsüz ki, burada bioloji, stresdən yaranan depresiyyalardan söhbət getmir».

Psixoloqun fikrincə, mövsüm dəyişəndə insanların davranışlarında gərginliklər yaşanması heç də psixoloji depresiyya ilə bağlı deyil. Bunu depressiya kimi qəbul etmək də düzgün olmaz. Xarakterlər müxtəlif olduğu üçün hər mövsümü sevən və sevməyən insan var. Bəzi insanlar var ki, payızı daha çox xoşlayır, payızda özünü daha gümrah hiss edir, elə insan var ki, yazı, isti günləri xoşlamır. Kimisi qışda özünü daha yaxşı, rahat hiss edir və sair. Amma bu halla daha çox Şimal, Qərb ölkələrində yaşayan insanlar qarşılaşa bilər. Çünki il ərzində günəşin şüası ora daha az düşür və bəzən təbii enerji azalır».

İlahə