Pediatr deputatın fikrini dəstəklədi: “Həkimlər də polislər kimi toxunulmaz olsun !

Parlamentin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev "Pasiyent hüquqları haqqında” qanunun qəbul edilməsini təklif edib. Deputat bildirib ki, artıq neçə ildir ki, bu məsələ gündəmdədir. O qeyd edib ki, pasiyentlərin hüquqlarının qorunması ilə yanaşı, tibb işçilərinin də hüququ qorunmalıdır.
M.Quliyev onu da diqqətə çatdırıb ki, bəzən pasiyent və ya həmin şəxsin qohumları həkimdən şikayət edib onu məhkəməyə verirlər:
"Onda həkimin də hüquqları olmalıdır ki, bu çərçivədə nələri edib-etməyəcəyini bilsin. Bu mənada əslində tibb işçiləri də bizə şikayət edirlər.
Xüsusən Təcili Tibbi Yardım həkimləri çağırış yerinə gedən zaman döyüldüklərini, təhqir edildiklərini söyləyirlər. Düşünürəm ki, Təcili Yardım Stansiyasında çalışan həkimlərin də hüquqlarını polis işçilərinin hüquqlarına bərabər tutmalıyıq”.
Millət vəkilinin fikirlərini dəstəkləyən pediatr Vaqif Qarayev "Sherg.az”a bildirib ki, bütün dünyada pasiyentlərin hüquqlarının qorunması olduqca aktual və vacibdir:
"Çünki təbabətin qanunlarına görə, xəstənin hüquqları mütləq qorunmalıdır. Həkim səhvi və səhlənkarlığı varmı, vaxtında keyfiyyətli və adekvat yardım göstərilib yoxsa yox? Bütün bunlar çox vacibdir.
Nədənsə bizdə sovetdən qalma bir düşüncə var: xəstə həmişə haqlıdır. Vaxtilə mən təcili tibbi yardım sistemində işləyəndə xəstənin yaxınları tərəfindən kifayət qədər zorakılıq halları var idi. İndi də belə hallar müşahidə olunur. Amma həkimlər onları heç vaxt məhkəməyə vermir.
Musa müəllim çox maraqlı fikirlər söyləyib. Necə ki, polislər toxunulmazdır, eləcə də təcili yardım həkimlərinin də hüquqları qorunmalıdır. Ötənlərdə bütün saytlar 3 aylıq uşağın ölümü ilə bağlı eyni başlıqda yazı verirdilər. Guya uşağa yanlış qanköçürmə olub. Əgər 3 aylıq uşağa 6 dəfə qan köçürülübsə, deməli burada ciddi bir problem var idi. Sonra bəlli oldu körpənin başqa ciddi bir xəstəliyi olub. Uşağın valideynlərini anlayıram, övladlarını itiriblər deyə emosional danışırdılar. Lakin öncə baş verən hadisəni dəqiq araşdırmaq lazımdır”.
Pediatr bildirib ki, ölümlə nəticələnən hadisə olanda xəstənin yaxınları tibb personalına fiziki zorakılıq göstərirlər:
"Daha sonra iddia irəli sürürlər ki, həkim xəstəni öldürdü. Yaxşı, deyək ki, bu xəstənin yaxınlarının iddiasıdır. Amma mətbuat bu olanları iddia yox, ittiham edir.
Türkiyədə də həkimlərə qarşı fiziki zorakılıq tətbiq olunur. Hələ Türkiyənin səhiyyə sistemi bizimkindən daha təkmildir. 
Əgər ölkəmizdə insan hüquqlarından danışırıqsa, pasiyentin hüququ qorunduğu kimi həkimin də hüququ qorunmalıdır. Ona görə də Musa müəllimin bu təkflini dəstəkləyirəm. Həkimləri günahlandırmadan öncə ortaya fakt qoymaq lazımdır”.
Yeganə Bayramova