Pentaqon rəsmisinin Bakıya səfərinin bir neçə səbəbləri var

“Vaşinqton Azərbaycanla Ermənistan arasında aprel döyüşlərinin təkrarlanmasını istəmir”



ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter Azərbaycana səfər edib. Qonaq ilk olaraq müdafiə naziri Zakir Həsənovla görüşüb. Nazir Maykl Karpenterə bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratması haqqında məlumat verib. Eyni zamanda cəbhə bölgəsindəki gərginliyi Amerika rəsmisinin diqqətinə çatdırıb.

Z.Həsənov Azərbaycanla ABŞ arasındakı hərbi əməkdaşlıq məsələlərinə də toxunub. Azərbaycan ordusunun Əfqanıstanda həyata keçirilən qeyri-döyüş missiyasına verdiyi töhfə haqqında ətraflı danışılıb. Öz növbəsində Maykl Karpenter ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahədə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu, bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyinə əminliyini bildirib. Karpenterin səfərini şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Pentaqon rəsmisinin indiki məqamda Azərbaycana səfərinin bir neçə səbəbi var: "Birincisi, cəbhə bölgəsində vəziyyət gərgindir. Vaşinqton Azərbaycanla Ermənistan arasında aprel döyüşlərinin təkrarlanmasını istəmir. Çünki Vaşinqton anlayır ki, Cənubi Qafqazda yeni müharibə böyük dövlətləri biri-birilə qarşı-qarşıya qoyacaq. Onsuz da böyük dövlətlər arasında Ukrayna və Suriya ilə bağlı ciddi fikir ayrılıqları var. Daha bir bölgədə növbəti müharibə bu gərginliyi artıracaq. Ona görə də Pentaqon öz nümayəndəsini bölgəyə göndərməklə vəziyyəti yerindəcə təhlil etmək və tərəflərin mövqelərini müəyyənləşdirmək istəyir. Ən əsası odur ki, Vaşinqton Azərbaycanda sabitliyin pozulmasını istəmir. Əks halda bunun fəsadlarının Amerikanın maraqlarına da toxunacağını Vaşinqton anlayır. İkincisi, ABŞ-da prezident seçkisindən sonra bir müddət hakimiyyət boşluğu yaşanacaq. Yeni seçilən prezidentin xarici siyasətdə fəallaşması vaxt aparacaq. Bu boşluqdan isə ABŞ-ın bölgədəki rəqibləri istifadə edə bilərlər. Ona görə də Amerikanın maraqlı olduğu bölgələrdə boşluq yaranmasın deyə Vaşinqton öz emissarlarını müxtəlif ölkələrə, o cümlədən Azərbaycana göndərir”. Ekspertə görə, Rusiya-Azərbaycan hərbi əməkdaşlığı Vaşinqtonu narahat etməyə bilməz: "Azərbaycan Rusiyadan silah alışına milyardlarla dollar pul xərcləyib. ABŞ isə Azərbaycana silah satmır. Bunun üçün Konqresin razılığı lazımdır. Belə bir razılığın əldə olunması mümkün deyil. Bu, ABŞ-Azərbaycan hərbi əməkdaşlığına mane olan əsas faktordur. Ona görə də Pentaqon bunun əvəzinə Azərbaycanla digər sahələrdə hərbi əməkdaşlığını genişləndirmək istəyir. ABŞ Müdafiə Nazirliyi Azərbaycanla birgə təlimlər keçirə, Azərbaycan ordusunun NATO standartlarına keçməsi üçün texniki yardım göstərə bilər”.

İsmayıl