"Peşəkarlığı ilə fərqlənən kadrların işdən çıxarılması düzgün deyil" - Sədaqət yox, bacarıq önə çəkilməli





"Əksər Şərq ölkələrində, o cümlədən Azərbaycanda bəzi qurumların rəhbərləri kadr seçimində peşəkarlıqdan daha çox sədaqət prinsipinə önəm verirlər”.

Bunu "Sherg.az”a müxtəlif dövlət strukturlarına təyin olunan rəis və ya rəhbərlərin öz komandasını formalaşmaq adı ilə peşəkar şəxsləri işdən çıxarması hallarına münasibət bildirərkən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. 

O qeyd edib ki, fəaliyyətində nöqsanlar aşkarlanmayan, peşəkar şəxslərin səbəbsiz yerə işdən çıxarılması düzgün deyil:

"Dövlət qulluğuna qəbul test və müsahibə yolu ilə həyata keçirilir. Bunun sayəsində peşəkar şəxslər dövlət qulluğuna cəlb edilir. Hazırda çoxsaylı savadlı kadr dövlət qulluğu imtahanından keçib, təyinat alıb və çalışır. Belə ənənənin formalaşması həm idarəetmənin təkmilləşməsinə, həm də peşəkar komandanın formalaşmasına gətirib çıxarır.

İnkişaf etmiş ölkələrdə rəhbər struktura dəyişiklik edilərkən potensiallı kadrlar saxlanılır, yalnız təyinatla yerini tutan və siyasi vəzifədə olan şəxslər dəyişdirilir. Təəssüf ki, bir sıra Şərq ölkələrində və Azərbaycanda ayrı-ayrı qurumların rəhbərləri peşəkarlıqdan daha çox sədaqət prinsipini əsas götürür, kadrları bu "keyfiyyətinə” görə təyin edir, işində saxlayır. Əslində qurum rəhbərləri strukturu formalaşdırarkən loyallığı təmin etməli, vicdanlı yanaşmada qalmalı, maraqların toqquşmasına yol verməməlidir”.

Vəzifələrə təyin olunan bəzi şəxslərin hətta qohumlarını belə idarə etdikləri quruma gətirdiyini söyləyən Ə. Nuriyev bu halın qanunsuz olduğunu diqqətə çatdırıb:

"Dövlət Qulluğu Haqqında Qanuna görə, birbaşa tabeli münasibətlərdə iki yaxın qohumun çalışması düzgün qəbul edilmir. Belə vəziyyət yaranarsa, həmin şəxslərdən biri istefa verməlidir.

Yeni təyin edilən nazirlər, vəzifəli şəxslər öz komandasını formalaşdırmaq istəyir. Bu, başa düşüləndir. Amma qanunvericiliyin tələblərinə uyğun olaraq, kadrların işə qəbulu, işdən azad edilməsi həyata keçirilməlidir. Peşəkarlığı ilə fərqlənən, işində nöqsan aşkarlanmayan kadrların işdən çıxarılması nümunəvi addım deyil.

Xüsusi vurğulamaq istəyirəm ki, dövlət qulluğunda peşəkarların yetişdirilməsi bir günün işi deyil. Ona görə, peşəkar dövlət qulluqçuları qiymətləndirilməlidir. Onlarla dərhal vidalaşmaq, heç bir quruma yönləndirmə aparmamaq düzgün deyil”.

Aysel Aslan