Poroşenko 2-ci turda səslərini artıracaq

Amma bunun qələbə üçün yetərli olacağı şübhə altındadır
"Cəmiyyət dəyişiklik istəyir. Bu istəyin ünvanı isə Zelenski oldu. Başqası da ola bilərdi, amma özünü bu münbit zəminə atıb, oradan səsləri toplayan məhz gənc aktyor oldu"


Ukraynada ötən həftəsonu keçirilən prezident seçkilərinin nəticələrindən sonra məlum oldu ki, ölkə başçısı olmağa namizədlər, komediyaçı Vladimir Zelenski və hazırkı prezident Pyotr Poroşenko aprelin 21-də keçiriləcək ikinci mərhələdə mübarizə aparacaqlar. Səsvermənin nəticəsində namizədlərdən Zelenski 30.24 faiz səslə birinci, Poroşenko 15.95 faiz səslə ikinci oldu.

Sabiq baş nazir Yuliya Timoşenkonun topladığı səslər 13.40 faiz, Rusiya tərəfdarı olan Yuri Boykoya verilən səslər 11.67 faiz, sabiq müdafiə naziri Anatoli Qtitsenkoya verilən səslər isə 6.91 faiz oldu.

Seçkilərdə heç bir namizəd 50 faizdən çox səs toplamadığı üçün ən çox səs toplayan komediyaçı və indiki prezident ikinci mərhələdə mübarizə aparacaqlar.

İkinci seçki turu isə aprelin 11-dədir. Beynəlxalq və yerli ekspertlər hesab edirlər ki, ikinci turun da favorit namizədi Zelenskidir. Amma bununla belə, Gürcüstandakı prezident seçkilərinin ikinci turunda baş verənlərin Ukraynada təkrarlanacağını düşünənlər də az deyil. Çünki Gürcüstanda seçkilərin birinci turunda öndə olan müxalif namizəd Qriqol Vaşadze ikinci turda hakim "Gürcü arzusu”nun namizədi Salome Zurabişviliyə məğlub oldu.

Politoloq Şahin Cəfərli də bildirir ki, Ukraynada ikinci turun favoriti şübhəsiz ki, Zelenskidir. Siyasi şərhçi "Şərq”ə bildirib ki, bu, hər kəsə aydın olan həqiqətdir:

 "Zelenski birinci turda əsas rəqibindən iki dəfəyə yaxın artıq səs toplayıb. Poroşenko 16 faiz səs alıb və qalib gəlmək üçün bunu 50 faiz +1 səviyyəsinə qaldırmalıdır. Bu, olduqca çətin vəzifədir, amma imkansız deyil. Mövcud prezidentin çox zəngin təcrübəsi, müstəqillik dövründəki qaynar proseslərdə bişməsi və siyasi oyunlarda püxtələşməsi, Avropa Birliyinin dəstəyi, maliyyə imkanları qələbədən ümidi kəsməməyə əsas verir. Zelenskinin siyasi təcrübəsi yox səviyyəsindədir. O, siyasi cəhətdən hazırlıqsızdır, diletantdır. Amma Zelenskinin də maliyyə imkanları pis deyil və arxasında ciddi media dəstəyi var. Ölkədən qaçmış oliqarx İqor Kolomoyski onu dəstəkləyir. Yeri gəlmişkən, onların hər ikisi yəhudidir”.

Politoloq vurğulayıb ki, aprelin 19-da stadionda keçiriləcək debat çox əhəmiyyətli olacaq: 
"Namizədlərin performansı seçicilərin iradəsinə təsir göstərə bilər. Poroşenkonun ölkənin bütün problemlərinə dərindən bələd olması və istənilən mövzuda fikir bildirməyə hazır olması onun üstünlüyüdür. 

Naşı siyasətçi olan Zelenskinin üstün tərəfləri isə aktyorluq bacarığı və reputasiyasının təmiz olmasıdır. Mən düşünürəm ki, Zelenski debatda əsas diqqəti korrupsiya probleminə yönəldib, rəqibini çətin vəziyyətə salmağa çalışacaq. Korrupsiya və iqtisadi problemlər Poroşenkonun zəif nöqtələridir və gənc rəqibinin məhz bu nöqtələrdən ona zərbə endirəcəyi şəksizdir. Rusiya təcavüzü ilə mübarizə, ordu quruculuğu, xarici siyasət mövzuları isə mövcud prezidentin güclü tərəfləridir və o da öz növbəsində diqqəti bu istiqamətlərə yönəldəcək”.

Ş.Cəfərlinin qənaətincə, ikinci turda qalibin müəyyənləşməsində 1-ci turda iştirak etmiş digər namizədlərin seçicilərinin mövqeyi də mühüm rol oynayacaq: 

"Maraqlıdır ki, digər namizədlər əhalinin yarısından çoxunun səsini alıb və bu, Zelenski ilə Poroşenkonun səslərinin cəmindən çoxdur. Hələlik onlardan heç biri ikinci turda dəstəkləyəcəyi namizədi açıqlamayıb. İlk dördlük – Timoşenko, Boyko, Qritsenko və Smeşko hər hansı namizədə dəstək verməyəcəklərini bəyan ediblər. Şübhəsiz ki, Poroşenko və Zelenski bu namizədləri öz tərəflərinə çəkməyə çalışacaqlar. 

Mən ikinci turun keçiriləcəyi tarixə yaxın adları çəkilən namizədlərdən bəzilərinin öz seçimini etməsini gözləyirəm. Məsələn, Timoşenkonun Zelenskiyə dəstək verməsi tamamilə mümkündür. Smeşko və Lyaşko isə Poroşenkoya dəstək verə bilər. İkinci turda iştirak faizi yəqin ki, ilk turdan aşağı olacaq. Çünki namizədlərdən heç birini bəyənməyən seçicilərin çoxu səsvermədə iştirak etməyəcək”.

Analitik vurğulayıb ki, Zelenskinin uğurunun əsas səbəbi Ukrayna xalqının uzun illərdir siyasətdə dominantlıq edən simalardan yorulmasından, siyasi institutlara inamını itirməsindən, köhnə siyasətçilərin korrupsion-oliqarxik sistemin bir hissəsinə çevrilməsindən və ölkənin problemlərinin həll olunmamasından qaynaqlanır: 

"Toplum yeni simaya susayıb. Əksəriyyət "kim gəlirsə gəlsin, təki indikilər getsin” düşüncəsindədir. Zelenskiyə verilən dəstək əslində ona olan etimaddan, ölkənin problemlərini həll edəcəyinə duyulan güvəndən irəli gəlmir. Zelenskinin aldığı səslər əslində digərlərinin əleyhinə verilən səslərdir. Cəmiyyət dəyişiklik istəyir. Bu istəyin ünvanı isə Zelenski oldu. Başqası da ola bilərdi, amma özünü bu münbit zəminə atıb, oradan səsləri toplayan məhz gənc aktyor oldu. 

Mən Poroşenkonun 2-ci turda səslərini xeyli artırmasını gözləyirəm. Amma bunun qələbə üçün yetərli olacağına ciddi şübhəm var. Kütləvi saxtalaşdırma olacağına inanmıram. Rusiya ilə müharibə aparan bir ölkədə komik aktyorun prezident seçilib ali baş komandan olması ehtimalı kifayət qədər yüksək görünür”.

Anar Bayramoğlu