Avakovun Minsk razılaşmasını tənqid etməsinin məqsədi başqadır
Ukraynanı Daxili işlər naziri Arsen Avakov ölkəsinin Minsk razılaşmasından imtina etməli olduğunu deyib. Nazir bildirib ki, Minsk razılaşması Ukraynanın hüquqi məkanından kənarda qalır. Ona görə də Rada bu razılaşmanı ratifikasiya edə bilməz:
"DİN artıq Donbasın işğal azad edilməsi ilə bağlı "Kiçik addımlar mexanizmi” strategiyasını hazırlayıb. Artıq Minsk razılaşmasına ehtiyac yoxdur”. Əslində üç il əvvəl Şərqi Ukraynada əldə olunan atəşkəs faktiki olaraq Krımın ilhaqını unutdurmağa şərait yaradıb.
Ekspertlərə görə, sözügedən sənədə imza atmaqla Kreml savaş iştirakçısı olduğunu nümayiş etdirib. Bununla Ukraynanın şərqində baş verənlərin arxasında məhz Rusiyanın dayandığı sübut olunub. Lakin açıq formada Şərqi Avropanı şantaj etməkdə davam edən Rusiya ötən müddət ərzində Minsk razılaşmasının şərtlərinə əməl etməyib. Digər tərəfdən, Minsk razılaşması tərəflərə zaman udmağa şərait yaradıb. Lakin ukraynalı rəsmilərin fikrincə, uzunmüddətli atəşkəs Ukraynaya sərf etmir. Çünki Minsk razılaşması ilə Luqansk, Donetsk və Krım faktiki olaraq əldən çıxıb. Həm də ortada razılaşma olduğuna görə Avropa Birliyi Rusiyaya sanksiya tətbiq edə bilmir.
Avakovun açıqlamasını "Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, biz necə ATƏT-in Minsk Qrupunun həmsədrlərini tənqid ediriksə, onları düşmən Ermənistana təzyiq göstərməməkdə suçlayırıqsa, eləcə də Ukrayna ictimaiyyəti Minsk formatını ittiham edir.
Ekspertin sözlərinə görə, Minsk razılaşması rus əsgərlərinin Donbasdan çıxmasını sürətləndirmir, eyniylə problemin həllinə də yardımçı olmur: "Hansısa nəticənin əldə olunmaması bu cür tənqidi münasibət ortaya qoyur. Daxili işlər naziri Arsen Avakovun Minsk razılaşmasını tənqid etməsinin məqsədi isə başqadır.
Avakov prezident Poroşenkonun əleyhinə işləyir. Gələn il Ukraynada prezident seçkisidir. Nazir çalışır ki, seçkiyə kimi Poroşenkonun mövqeyini zəiflətsin. Reallıq odur ki, Ukrayna bu formatdan çıxa bilməz, necə ki, biz Minsk Qrupundan çıxa bilmirik. Bütün qüsurlarına rəğmən məcburuq ki, həmsədrlərin vasitəçiliyi ilə barışaq və danışıqları davam etdirək. Çünki formatdan imtina etmək müharibənin başlanması anlamına gəlir”.
Analitik bəyan edib ki, Ukrayna Minsk razılaşmasından çıxarsa, ciddi tənqidlərlə üzləşəcək. Hətta Rusiyadan daha çox Qərbin təzyiqlərinə məruz qalacaq. Almaniya və Fransa Minsk formatı üçün çox əziyyət çəkib. Bu baxımdan Poroşenkonun imtina edəcəyini düşünmürəm. Arsen Avakov Poroşenkonun problemlərini dərinləşdirmək niyyətindədir”.
İsmayıl