"Prezident bu dəfə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini bəyan etdi"





"Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumunda mütəmadi olaraq iştirak edir. Bu iştirakın əsasını 1995-ci ildə Ulu Öndər Heydər Əliyev qoyub. Cənab Prezident də bu kursa sadiqdir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

Parlament üzvü bildirib ki, Davos Forumuna dünyanın sadəcə iqtisadi elitası toplanmır. Forum həm də siyasilərin bir araya gəldiyi məkandır:

"Orada dünyanı narahat edən qlobal iqtisadi məqamlar müzakirə edilir və çıxış yolları axtarılır. Bu tədbirə qatılmaq istəyən dövlətlər və onun rəhbərləri ilk növbədə dünya iqtisadiyyatına təsir imkanlarının hansı səviyyədə olduğunu, cəlbedicilik əmsallarının nəyə bərabər tutulduğunu müəyyən etməlidirlər.

Yəni Forumda təmsil olunmağın dövlət üçün hansı siyasi, iqtisadi əhəmiyyət kəsb etdiyinin fərqinə varmalıdırlar. Məsələyə bu kontekstdə yanaşdıqda aydın görünür ki, Azərbaycanın dünya iqtisadiyyatında özünəməxsus çəkisi və yeri var. Xüsusən, Avropanın enerji təhlükəsizliyində artan nüfuzumuz ortadadır. Avropanın ən böyük layihəsi hesab edilən, 7 dövləti birləşdirən "Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı məhz Azərbaycandır”.

Deputatın sözlərinə görə, Azərbaycan dünyada nəqliyyat qovşağı mərkəzinə çevrilib və çox zəngin infrastruktur imkanlarına sahib olub:

 "Güclü iqtisadi potensialımız var. Cənubi Qafqazın iqtisadi həyatında birinci söz sahibi Azərbaycandır. Prezident İlham Əliyevin Davosda iştirakı təkcə Azərbaycan üçün deyil, eyni zamanda Avropanın özü üçün də əhəmiyyətlidir.

Məhz bu əhəmiyyətin isbatıdır ki, 2013-cü ildə Davos İqtisadi Forumu öz tədbirini Bakıda keçirdi. Səfər çərçivəsində dövlət başçımız dünyanın nəhəng şirkətlərinin rəhbərləri ilə görüşdü. Görüşlərdə ciddi fikir mübadiləsi aparıldı və Azərbaycanın təkcə enerji ölkəsi olmadığı, qeyri-neft sektorunun inkişafına ciddi diqqət ayırdığı, ixrac yönümlü iqtisadiyyatını formalaşdırdığı vurğulandı.

Prezident Rusiyanın və Çinin nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycanın iqtisadi və sosial vəziyyəti, əldə olunan uğurlar, qarşıda duran vəzifələr barədə ətraflı açıqlamalar verdi. Hər zaman olduğu cənab Prezident bu dəfə də Dağlıq Qarabağ münaqişəsini diqqət mərkəzində saxladı və Azərbaycanın haqlı mövqeyini bəyan etdi”.

İsmayıl