Prezident çox uğurlu və əhəmiyyətli çıxış etdi

Anar Nağıyev: "Artıq münaqişənin xarakteri, Azərbaycanın ərazi bütövlüyünün pozulması, ölkəmizin inkişaf perspektivləri baxımından dünya ictimaiyyətinə hər şey aydındır"


"Ölkə başçısı İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Azərbaycandakı proseslərlə bağlı kifayət qədər dolğun məlumat verdi”.

Bunu "Sherg.az”a politoloq Anar Nağıyev deyib. 

O bildirib ki, prezident həm Dağlıq Qarabağ münaqişəsi, həm də ölkənin uğurları barədə əhəmiyyətli çıxış etdi:

"Ermənistan ölkəmizin ərazi bütövlüyünü təhdid altında saxlamaqda davam edir. Bu isə Azərbaycan dövlətinin prioritet məsələsidir ki, ərazi bütövlüyü çərçivəsində münaqişənin həllinə nail olunsun. Təbii ki, ölkə rəhbərliyi, başda Prezident İlham Əliyev olmaqla ordu quruculuğu və s. istiqamətlərdə hərtərəfli işlər gedir. 

Ermənistan tərəfi həmişə olduğu kimi özünün əməkdaşlığa uyğun olmayan mövqeyini davam etdirməkdədir. Onlar davamlı şəkildə istər Ermənistanın daxilinə hesablanmış, istərsə də beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışırlar. Ancaq bütün dünya ictimaiyyəti hadisələrdən agahdır. Münaqişənin xarakteri, Azərbaycanın ərazi bütövlüyünün pozulması, ölkəmizin inkişaf perspektivləri baxımından dünya ictimaiyyətinə hər şey aydındır.

Düşünürəm ki, xarici siyasətdə dövlətin qarşıya qoyduğu prioritet addımlar Ermənistanın və onun rəhbərliyinin siyasətini növbəti dəfə iflasa uğradacaq”.

Qeyd edək ki, prezident İlham Əliyev BMT tribunasından Ermənistanı işğalçı adlandırıb. 
Azərbaycan torpaqlarının 20 faizinin 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olduğunu deyən İ.Əliyev bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır: 

"Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Aysel Aslan