Prezident ən doğru və ən optimal strateji hədəf seçib

Neftin qiymətinin yüksəlməsinə baxmayaraq qeyri-neft sektorunun inkişafı prioritetdir


Prezident İlham Əliyevin siyasəti xalqa söykənir və ölkədə sabitliyin, rifahın, əmin-amanlığın qorunub saxlanılmasına, iqtisadi yüksəlişin təmin edilməsinə xidmət edir. Dövlət başçısı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu artıq 15 ildir uğurla davam etdirir. Ölkədə aparılan uğurlu islahatlar nəticəsində əhalinin gəlirləri təxminən 10 faiz artıb, inflyasiyanın faizi azalıb. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi qalmayıb. Ölkəmizdə güclü iqtisadiyyat yaranıb, sosial problemlərin həllində müəyyən addımlar atılıb. Əlbəttə, respublikamızın iqtisadi imkanları yüksək olmasaydı, ölkədə pensiyaları, maaşları qaldırmaq, irihəcmli investisiya yatırmaq, infrastruktur layihələrini həyata keçirmək mümkün olmazdı. 

Xüsusən, son dövrdə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi istiqamətində görülmüş işlər diqqəti cəlb edir. Dünya İqtisadi Forumunun hesablamalarında Azərbaycan 35-ci yerə yüksəlib. Azərbaycanın iqtisadi uğurları ötən gün Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında da xüsusi olaraq vurğulandı. Dövlət başçısı qısa zaman ərzində ölkənin bütün sahələr üzrə əsaslı inkişaf etdiyini bəyan etdi: "2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb. Bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, istədiyimizə nail olmuşuq. Doqquz ayda iqtisadiyyatımız, yəni ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz yüksəlib. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı göstərilir. İnflyasiya cəmi 2,6 faiz təşkil edir. Ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub ki, onun da 5,6 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcək”.

Ölkəmizin iqtisadi inkişafını "Şərq”ə dəyərləndirən "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, Prezidentin çıxışı hökumətin iqtisadi islahatlardakı əzmini və yol xəritəsini təsəvvür etməyə imkan verdi: 

"Baxmayaraq ki, neftin qiyməti yüksəkdir və əsas gəlirlərimiz neft-qaz ixracından əldə edilir, ancaq hökumət bu sektora çox da ümid etmir, iqtisadiyyatın diversifikasiyasına çalışır. Qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirir. Təbii ki, bu ən doğru və ən optimal strateji yanaşmadır. Son illərdə qeyri-neft sektorundakı inkişaf tempi yüksəkdir və bu temp artan xətlə davam edir. Ötən illərdə müxtəlif sahələrə qoyulmuş investisiyaların nəticələri qarşıdakı illərdə özünü göstərəcək. Ölkə iqtisadiyyatına sərmayələrin artması müsbət haldır. İnvestisiya inkişafın mühərrikidir. Əlbəttə, burada yerli investisiyanın payının mümkün qədər çox olmasına çalışmalıyıq. Dövlət yatırımları da böyük paya malik olmalıdır. Nə qədər mümkündürsə, büdcədən real iqtisadiyyata invest edilməlidir. Həm də çalışmaq lazımdır ki, yatırım infrastrukturlara yox, daha çox istehsala yönəldilsin. Əvvəlki illərdə infrastruktura böyük vəsaitlər qoyulub və artıq ölkədə normal səviyyədə müvafiq infrastruktur mövcuddur. Bundan başqa, xarici fondlarda 1-2 faiz gəlirliliklə saxlanılan strateji rezervlərimizin bir hissəsini, məsələn, 5 milyardını gətirib real iqtisadiyyata invest eləmək olar. Nəticədə gəlir çoxalar və ölkə iqtisadiyyatında böyük inkişaf yaranar”.

İqtisadçı bildirib ki, yerli istehsalın artması, idxalın azalması həm büdcənin gəlirlərini çoxaldar, həm də işsizlik problemini aradan qaldırar: 

"Fikrimcə, qeyri-dövlət sərmayələrinin artırılması üçün bəzi tədbirlər yaxşı effekt verər. Misal üçün, maliyyə amnistiyası qəbul oluna, dövriyyədə olmayan vəsaitlər, həmçinin xarici ölkələrə yatırılan sərmayələr ölkə iqtisadiyyatına yatırıla bilər. Paralel olaraq, sahibkarlığa əsassız müdaxilələr tam aradan qaldırılarsa respublikada istehsal bumu yaranar və biz xaricə xammal deyil, hazır məhsul ixrac edərik. Ümumiyyətlə, hökumətin bu istiqamətdə addımlarını izləyirəm və təqdirəlayiq hesab edirəm. Tezliklə, ciddi nəticələr əldə olunacağına şübhə etmirəm”.

İsmayıl