"Prezident təqaüdləri hər il 20 nəfər gənc yazıçıya şamil olunur"

Məlumdur ki, 2007-ci ildən etibarən Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq gənc şair və yazıçılarımız müvafiq təqaüdlərlə təmin olunurlar. Artıq 12 ildir ki, davam edən bu ənənə ölkə başçısının yazıçılara, xüsusilə gənc şairlərə olan diqqətinin nümunəsidir.
Azərbaycan Yazıçlar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid "Sherg.az”a açıqlamasında bildirib ki, təqaüdlər hər il 20 nəfər gənc yazıçıya şamil olunur: 
"Prezidentin 2007-ci ildən bəri verdiyi sərəncama əsasən Azərbaycan Yazıçılar Birliyi tərəfindən müəyyən sənədlər hazırlanır. AYB-nin üzvləri olan gənclərin sənədləri Mədəniyyət Nazirliyinə təqdim olunur. Güman edilir ki, may ayında təqaüdlər veriləcək”.
Təqaüd alanlar arasında gənc şair Tural Turan da var. Təəssüratlarını "Sherg.az”la bölüşən şair göstərdiyi diqqət üçün ölkə başçısına təşəkkür etdi:
 "Hər il müəyyən sayda gəncə 200 manat təqaüd verilir. Ölkə başçısına istedadlı gənclərin yanında olduğu üçün minnətdaram. Onu da deyim ki, başqa ölkələrdə bu cür hallar yoxdur. 
Məsələn, Özbəkistanda, Gürcüstanda, Türkiyədə olmuşam, amma bizdə belə bir ənənənin olduğunu deyəndə təəccübləndilər. Çünki həmin ölkələrdə prezident istedadlı gənclərə belə bir təqaüd vermir. Bunu əminliklə deyə bilərəm. 
Səhv etmirəmsə, hər il 50 gəncə şamil olunur bu təqaüd. Üstəlik, 20 nəfər yaşlı yazarlar təqaüdə layiq görülür. Onlar 300 manat alırlar. Böyük köməkdir. Şəxsən mənim ehtiyacım vardı. Yazıçılar Birliyinə, məni bu təqaüdə layiq görən hər kəsə təşəkkür edirəm. Yaradıcılığımla bu etimadı doğrultmağa çalışacağam. Bütün istedadlı gənclərin bu təqaüddən kənarda qalmamasını arzu edirəm”.
Yeganə Bayramova