"Prezidentin Böyük Britaniya səfəri perspektivlərin güclənməsinin təminatıdır”





"Böyük Britaniya siyasi və iqtisadi baxımdan Azərbaycanın yaxın tərəfdaşıdır”.

Bu barədə "Sherg.az”a millət vəkili Rasim Musabəyov danışıb. O diqqətə çatdırıb ki, Azərbaycanın neft və energetika sahəsində iri layihələri Böyük Britaniyanın "British Petrolium” (BP) şirkəti ilə qarşılıqlı həyata keçirilir:

"Həmin layihələrdə BP ölkəmizin əlverişli strateji tərəfdaşı olaraq çıxış edir. Bu baxımdan Böyük Britaniya önəmli investor, iri layihələrin siyasi təminatında olduqca əhəmiyyətli dövlətdir. Hətta hesab edirəm ki, Britaniya sözügedən keyfiyyətlərə görə, Avropada ən əhəmiyyətli dövlətdir”.

R. Musabəyov Böyük Britaniyanın Amerika Birləşmiş Ştatları ilə sıx müttəfiq olduğunu da vurğulayıb:

"Dünyanı idarə edən də bu iki supergücdür. Bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri, müxtəlif məsələləri səfər çərçivəsində nəzərdən keçirməsi gələcək perspektivlərin güclənməsinin təminatıdır”.

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri xanım Tereza Mey ilə görüşü olub. T. Mey prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik edib. O, prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq.

Aysel Aslan