Əgər sülh olmasa, Azərbaycan məsələni əvvəl-axır döyüş meydanında həll edəcək
"Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Bu işğal nəticəsində bizim vətəndaşlarımız məcburi köçkün həyatı yaşayırlar”. Bunu Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksinin açılışında bildirib. Ölkə başçısının sözlərinə görə, bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan əsl vəhşilik törədib:
"Erməni faşizminin yırtıcı sifəti bu münaqişənin nəticələrində özünü büruzə verib. Ancaq Azərbaycan xalqı tam əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik. Həm beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. Eyni zamanda güc də bizdədir. İndi bütün dünya miqyasında güc amili ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da güclü ölkədir. Güclü ordumuz, iqtisadiyyatımız və düşünülmüş siyasətimiz var”. Dövlət başçısı Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını deyib və bildirib ki, Cocuq Mərcanlı kəndinin bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir: "Bütün məcburi köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, biz buna nail olacağıq. Cocuq Mərcanlı kəndinin yenidən qurulması Aprel döyüşlərinin nəticəsindən, parlaq qələbəmizdən sonra mümkün olub. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının ərazilərinin bir hissəsi işğalçılardan təmizlənəndən sonra bu qəsəbənin bərpası mümkün olub. Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Bu gün dağılmış vəziyyətdə olan bütün şəhərlərimizi işğaldan azad edəndən sonra tezliklə bərpa edəcəyik. İşğal altında olan bütün ərazilərimizdəki tarixi abidələrimiz, məscidlərimiz, muzeylərimiz mənfur qonşular tərəfindən dağıdılıb, talan edilib. Bu, misli görünməmiş vəhşilikdir. Dağıdılmış bu binaların, evlərin, məscidlərin görüntüləri erməni vəhşiliyinin yırtıcı xislətini göstərir. Əminəm ki, Azərbaycan dövlətinin gücü, xalqın iradəsi nəticəsində işğaldan sonra bütün şəhərlərimizi bərpa edəcəyik, insanlar o şəhərlərdə yaşayacaqlar, quracaqlar, ölkəmizin inkişafını təmin edəcəklər”.
Prezident İlham Əliyevin mesajları ilə bağlı "Şərq”ə danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ölkə rəhbərinin çox düzgün mövqe vurğuladığını bildirib. Ekspertin sözlərinə görə, Prezidentin bəyan etdiyi kimi Azərbaycan xalqı istənilən yolla torpaqlarımızın geri alınacağına qətiyyən şübhə etmir:
"Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra düşmən ölkənin danışıqlara münasibəti dəyişib. Sarkisyan dövründə danışıqlar prosesi başqa cür pozulurdu. Paşinyan isə birbaşa qondarma rejimin danışıqlar prosesində iştirakını ortaya atır. Bizi təhdid edirlər ki, guya, Dağlıq Qarabağı Ermənistana birləşdirəcəklər. Əlbəttə, bütün bunların hamısı boş söhbətlərdir. Artıq beynəlxalq aləmdə məsələnin anatomiyası qəbul edilib. Danışıqlar da məhz bu xətt üzrə aparılır. Paşinyanın sülh danışıqları ilə bağlı məsələlərdə tələsmədiyi görünür. Ehtimal etmək olar ki, baş nazir sülh prosesində ciddi konstruktiv mövqe nümayiş etdirməyəcək. Ona görə də Azərbaycan tərəfi məsələnin əvvəl-axır döyüş meydanlarında çözüləcəyi qənaətindədir. Hər bir azərbaycanlı yaxşı başa düşür ki, erməni xisləti problemin qan tökülmədən həllini mümkünsüz edir”.
Analitik bəyan edib ki, Azərbaycan müharibəyə tələsmir. Rəsmi Bakı hələlik danışıqlar prosesinin yenilənməsini və Paşinyan hökumətinin konkret mövqeyini gözləyir: "Danışıqlar prosesi yenilənməzsə, Ermənistan absurd şərtlərini irəli sürməkdə davam edərsə, nəticənin necə olacağı hamıya bəllidir. İndi hər şey Ermənistanın verəcəyi qərardan asılıdır. Fikrimcə, yeni rəhbərlik sabiq prezident Sarkisyandan daha sərt mövqe nümayiş etdirməklə populizmə meyl edir. Məqsəd bir sıra ciddi problemlərin üstünü ört-basdır etməkdir. Amma Azərbaycan xalqı və dövlət başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, biz heç vaxt Azərbaycanda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Ermənistan reallıqlardan tezliklə nəticə çıxarmalıdır. Əks halda ziyan çəkən tərəf Ermənistan olacaq”.
İsmayıl