Prezidentin regionalara səfəri rayon sakinlərinin mübarizliyini artırır- DEPUTAT




Azərbaycan ordusu erməniləri yalnız işğal edilmiş ərazilərdən deyil, tarixi Azərbaycan torpaqlarından da çıxara bilər.

Bunu Sherg.az-a prezident İlham ƏIiyevin Tərtər sakinləri ilə ilə görüşlərindən danışarkən millət vəkili Elman Məmmədov deyib. 

Deputat bildirib ki, prezidentin Tərtər səfəri, əhali qarşısında ruh yüksəkliyi ilə çıxışı cəbhəyanı bölgələrin sakinlərinin mübarizliyini artırır: 

"Dövlət başçısı onlara dəyən ziyanın bərpa olunması barədə tapşırıqların icrasına nəzarəti təmin etmək üçün əhali ilə görüşlər keçirib, ailələrə baş çəkib. Bununla prezident əhalinin təhlükəsizliyinin təmin edilməsinə, infrastruktur layihələrinin artırılmasına, dəymiş zərərlərin aradan qaldırılmasına hər zaman diqqət etdiyini göstərir. Məmurların bölgədəki işlərinə nəzarət etmək üçün bu səfərlər sıx- sıx edilməlidir. İlham Əliyev cəbhə xəttində məskunlaşan sakinlərin bütün problemlərinə duyarlıdır. Həmin bölgələrdə yaşayan əhali düşmən tərəfindən hər an təxribata məruz qala bilər, həyatı təhlükə yarana bilər. Buna baxmayaraq Ali Baş Komandan heç bir təhlükədən ehtiyat etmədən əsgərlərin və sakinlərin yanında oldu, onların qayğısına qaldı”. 

Millət vəkili əlavə edib ki, bu görüşlərin keçirilməsi Ermənistan və onun havadarlarına da layiqli yerini göstərir. 

"İlham Əliyev Azərbaycanda olan ordu, xalq və prezident birliyini nümayiş etdirməklə düşmənə mesajlarını göndərdi. Ermənilər anladı ki, aprel döyüşlərində yerlərinə oturduqları kimi yenə təxribata əl atsalar, bu dəfə ölümcül qarşılıq ala bilərlər. Prezidentimiz erməni xalqına Azərbaycanın gücünü göstərdi və prezident Serj Sarkisyanın reallaşmayan sərsəm vədlərinin həqiqətə uyğun olmadığını nümayiş etdirdi. O, öz hakimiyyətini qorumaq üçün ağzına gələni danışır. Elə aprel döyüşləri də xalqımızda mübarizlik və ruh yüksəkliyi yaratdı”. 

Qeyd edək ki, ötən günlərdə prezident İlham Əliyev Tərtər rayonunda əhali ilə görüşüb və çıxışlarında düşmən tərəfinə öz mesajlarını çatdırıb.

Ayyət Əhməd