Elman Nəsirov: “Nəticəsi ürəkaçan olmayacaq”
ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburqda keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilə bilər. Bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. Həmsədr bildirib ki, münaqişənin həlli ilə bağlı danışıqların davam etdirilməsi istiqamətində nazirlərin görüşünü səbirsizliklə gözləyirlər.
Uorlik Hamburq görüşünə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı görüşün nəzərdə tutulması sualına isə belə cavab verib: "Biz prezidentlər və nazirlərlə mütəmadi kontaktdayıq və istənilən vaxt görüşməyə hazırıq”. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin nəzərdə tutulan görüşünü şərh edən ekspertlər pozitiv nəticələr əldə olunacağına inanmırlar. Onlar hesab edirlər ki, Ermənistan qeyri-konstruktiv mövqe tutduğuna görə, işğalçı tərəflə faydalı görüş keçirmək mümkünsüzdür. Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, Minsk Qrupunun həmsədrləri regiona səfər edəndən sonra yenə də ənənəvi formal çıxışlar edirlər. Ekspertə görə, vasitəçiləri düşündürən yeganə məsələ heç olmasa yeni ilə qədər bir dəfə də olsa prezidentlərin görüşünə nail olmaqdır: "Əlbəttə, belə bir görüşün baş tutması sual altındadır. Əgər görüş baş tutsa belə, 54-cü uğursuz görüş olacaq. Hələlik həmsədrlər prezidentlərin görüş ehtimalına özləri də inanmırlar. Ona görə də ilk növbədə xarici işlər nazirlərini görüşdürmək istəyirlər. Əslində bu görüş planı vasitəçilərin birbaşa təşəbbüsü deyil. Onsuz da Almaniyada nəzərdə tutulan toplantıda ATƏT-ə üzv ölkələrin XİN rəhbərləri iştirak edəcək. Həmsədrlər həmin görüş çərçivəsində nazirləri bir araya gətirməyə çalışırlar. Mən bu görüşdən pozitiv heç nə gözləmirəm. Çünki həmsədrlərin pessimist bəyanatları, erməni maraqlarına xidmət edən açıqlamaları müsbət nəticələrin olacağına şübhə salır. Hətta prezidentlərin görüşü baş tutsa belə, nəticəsi ürəkaçan olmayacaq. Çünki yeni formalaşan Ermənistan hökumətinin siyasi proqramında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir güzəştin olmayacağı xüsusilə vurğulanıb”. Politoloq bildirib ki, vasitəçilərin "aktivliyi” illik hesabatları üçündür: "Onlar ATƏT-ə təqdim olunan hesabat dosyasını daha qalın etmək üçün nəticəsiz də olsa görüşlərin sayını artırmağa cəhd edirlər. Prezidentlərin görüşü sadəcə müəyyən bir müddətə cəbhə xəttində yaranmış gərginliyi azalda bilər. Amma təxribatçı ermənilərin atəşkəs rejiminə riayət etməyəcəyi gün kimi aydındır”.
İsmayıl