Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY bildiyiniz kimi dil birliyi zəminində ortaq türk mədəniyyət təşkilatı olaraq altı müstəqil türk dövlətlərinin birgə səyi ilə 1993-cü ildə yaradılmışdır. Bu dövlətlərdən əlavə səkkiz muxtar qurum da bu təşkilatın məşvərətçi səslə üzvüdür. TÜRKSOY bütün türk dünyasının coğrafiyasının mədəni irsini təbliğ etməyə və yaşatmağa böyük əmək verən bir qurumdur.
Yaxın zamanlarda belə bir coğrafyalardan birinin – Borçalı elinin Türkiyə ictimaiyyətinə tanıtdırmaq yolunda böyük bir tədbirlər silsiləsini həyata keçirdi. Borçalı eli həssas nöqtədir. Bildiyimiz kimi Türkiyə Cümhuriyyəti və Azərbaycanın da siyasətində Cənubi Qafqazda, xüsusilə Gürcüstanla münasibətlərində sağlam əsaslı müttəfiq qonşuluq siyasəti aparıcıdır. Bu baxımdan TÜRKSOY-un Borçalı elinə, onun mədəniyyətinə, elm adamlarına diqqət ayırmaları və rəsmi statusa daxil eləmələri alqışlanası haldır. Bu tədbirin kordinatoru olaraq Borçalı eli adına uğurlu bir iş gördüyümüzə əminəm.
Tədbirə böyük dəstək verən TÜRKSOY baş katibi, Türk dünyasının ziyalı ağsaqqalı Prof. Düsen Kaseynovun əməyi bu işdə xüsusi vurğulanmalıdır. Məlum olduğu kimi TÜRKSOY-da artıq iki ildir ki "Türk Dünyasının Öncülləri” başlığı altında konfrans-tədbirlər keçiririk. Bu tədbirlərdə hər dəfə Türk dünyasının fərqli coğrafiyasından olan elm və mədəniyyət sahəsində tanınmış şəxslər yubileyləri münasibəti ilə yad edilir və həmin şəxslərin təmsil ettikləri toplumun mədəniyyəti konsert programları ilə tədbir iştirakçılarına təqdim olunur. Bu dəfə sayca 8-ci olan "Türk Dünyasının Öncülləri” konfransı Borçalı elinin tanınmış fəlsəfə alimi Prof. Camal Mustafayevə həsr olunmuşdur. Təbii ki tədbirdə Camal Mustafayevin zəngin elmi fəaliyyəti və həyatı danışılarkən, zəngin və qədim mədəni irsə sahib olan Borçalı haqqında da danışılmaya bilməzdi. Topluma coğrafiyanı tanıttırmağın ən gözəl yolu isə oranın mədəniyyət nümunələrini izləyicilərə təqdim etməklə mümkündür.



TÜRKSOY-un himayəsi ilə "Prof. Camal Mustafayev və Borçalı eli” başlıqlı konfranslarımiz 25 sentyabrda Ankarada yerləşən TÜRKSOY-un baş qərargahının konfrans zalında, 26 sentyabrda Eskişehirdə yerləşən Anadolu Universitetinin konfrans zalında, sentyabrın 28-də isə Bursa şəhərinin Osmanqazi bələdiyyəsinin Ördəkli Kültür Mərkəzində yüksək səviyyədə təşkil edildi. Tədbirlər silsiləsinə TÜRKSOY-la birgə fəaliyyət üçün Azərbaycan, Gürcüstan və Türkiyədən Borçalı kökənli elm və mədəniyyət nümayəndələrindən ibarət bir heyyət qatılmışdır. Bu heyyətin başında Azərbaycanda fəaliyyət göstərən Borçalı Cəmiyyətinin sədri hörmətli Zəlimxan Məmmədli bəy dururdu.


Ankarada baş tutan konfrans ilkin təqdimat xarakterini daşıyır və burada Türkiyədən mötəbər qonaqlar da qatılmışdır. Tədbirdə TÜRKSOY baş katibi hörmətli Prof. Düsen Kaseynov, TBMM üzvü, AK-partiyadan İstanbul millət vəkili, Türkiyə-Azərbaycan parlametlərarası dostluq qrupunun sədri hörmətli Şamil Ayrım, Türkiyə Cümhuriyyəti prezidentinin baş müşaviri hörmətli Yalçın Topçu və eyni zamanda Türkiyə ictimaiyyətindən bir çox elm-incəsənət adamları iştirak edirdilər. Azərbaycan və Türkiyə mediasının bəlli bir kəsimi bu layihənin işıqlandırılmasına diqqət ayırmışdı. Fikrimcə hörmətli Düsen Kaseinov və TÜRKSOY ailəsi Borçalı tarixinə qızıl hərflərlə yazılacaq işə qol qoydular. Bu layihə Borçalı elinin Türkiyə siyasi eltasına transformasiya olunması üçün mühüm mərhələ oldu.
"Prof. Camal Mustafayev və Borçalı” başlıqlı bu tədbirlər silsiləsində Borçalı elini təmsil etmək məqsədiylə Azərbaycandan Borçalı Cəmiyyəti sədri Zəlimxan Məmmədli, ustad aşıq Tərmeyxan Qurbanov, Gürcüstandan tanınmış şair Osman Əhmədoğlu, xanım aşıq Nargilə Mehtiyeva, Marneuli "Sarvan” folklor rəqs qrupunun üzvləri rəqqaslar Ayhün Həsənova və Orxan Məmmədov, Türkiyədən isə aşıq Səlahəddin Dündar qatılmışdır. Heyyətin hər bir üzvü yüksən profesional səhnə mədəniyyəti ilə yadda qaldı. Konfransda Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Camal Mustafayev və Borçalı eli”, Türkiyəli tarixçi alim, Ankara Yıldırım Bərazid Universitetinin əməkdaşı Dr. Oğuzxan Aydın isə "Orta Asyadan Anadoluya aşıqlık mədəniyyəti” başlıqlı çox maraqlı məruzələrlə rəng qatmış oldular.
Fikrimcə bu tədbirlərlə biz Azərbaycan mədəniyyətinin bir tamamı olan Borçalı elini qardaş Türkiyədə tanıtdırılması yolunda faydalı bir iş görmüş olduq. Ümid edirəm ki, bu silsilə tədbirlər Borçalı elinin Türkiyədə olduğu kimi Türk dünyasının başqa yerlərində də fəal mədəni əməkdaşlığı baxımından yeni qapılar açacaqdır. "Dədə Qorqud”, "Koroğlu”, "Manas” dastanlarından günümüzə qədər bizə miras qalan müqəddəs aşıq sənətinin beşiyi olan Borçalı elini yaşatmaq hər birimizin mənəvi borcudur.
Cavid Mövsümlü,
TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı