Bundan sonra yuxarı kurs tələbələri klinikalarda işləyə biləcəklər
Tamamilə doğru olaraq orta tibb təhsilli işçi kimi çalışmaq hüququ stomatologiya və ictimai səhiyyə və əczaçılıq fakültələri tələbələrinə verilir...
Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurs tələbələri bundan sonra universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsili işçi vəzifələrində işləyə biləcəklər.
ATU-dan APA-ya verilən məlumata görə, bu haqda Universitetin rektoru Gəray Gəraybəylinin Səhiyyə Nazirliyinə müraciətinə cavab məktubunda bildirilib.
Məktubda qeyd olunub ki, "Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 46-cı maddəsinə əsasən, ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Beləliklə Səhiyyə Nazirliyi ATU tələbələrinin bu vəzifələrdə işləməsinə icazə verib.
Bundan sonra müalicə-profilaktika fakültəsinin tələbələri 3-cü kursu bitirdikdən sonra stomatologiya, ictimai səhiyyə və əczaçılıq fakültəsinin tələbələri isə 4-cü kursu bitirdikdən sonra ATU-nun klinikalarında və universitetin bazası olan müalicə müəssisələrində müvafiq orta tibb təhsilli işçi vəzifələrində (diplomaqədər) işə qəbul oluna biləcəklər.
Bəs niyə yalnız stomatologiya və ictimai səhiyyə, əczaçılıq fakültələrinin tələbələri işləyə biləcək?
Tibb Universitetinin tələbələrinin orta tibb təhsilli işçi kimi çalışmasını şərh edən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirdi ki, qərar düzgündür:
- Müalicə-profilaktika işinə aid olan stomatologiya ixtisası, eləcə də ictimai səhiyyə və əczaçılıq tədris intensivliyi yüksək olmayan ixtisaslardır. Bu fakültələrdə, deyək ki, cərrahiyyə, neyrocərrahiyyə, ümumi müalicə-profilaktika fakültələrinə nisbətən tədrisin intensivliyi yüksək deyil. Ona görə də orta tibb təhsilli işçi kimi çalışmaq üçün məhz bu fakültələr seçilir.
Sovet vaxtı da tələbələr orta tibb işçisi kimi çalışırdılar, təcrübə keçirdilər. Lakin xarici ölkələrdə tibb təhsili tamam fərqlidir. Tələbə nəzəri bilikləri tam mənimsədikdən sonra ən yüksək rezidentura pilləsinə adlayır, 1 il müddətində çalışır, getdikcə özünü təkmilləşdirir, uzmanlıq yoluna qədəm qoyur.
Dünyada qəbul olunmuş qayda budur ki, baza tibb təhsili tam başa çatdırılmalı, sonra rezidentura pilləsi başlamalıdır. Rezidentura pilləsi həm nəzəri biliklərin davamı, həm də təcrübə qazanılması dövrüdür. Rezidentura pilləsinə yüksəlmiş tələbə çalışacağı klinikanı seçir, orada çalışmağa başlayır, praktikada həm nəzəri biliklərini artırır, həm də təcrübə toplayır. Bir neçə ildən sonra artıq uzman - professional tibb işçisi, həkim kimi yetişir.
Tibb təhsilində nəzəri biliklər tam mənimsənilməmiş praktikaya üstünlük vermək tələbəni yorur, tələbə çalışdığı üçün nəzəri biliklərini artırmağa vaxt da tapmır, eyni zamanda yorulduğu üçün biliklərini artırmağa meyl də etmir. Ona görə də hesab edirəm ki, tamamilə doğru olaraq orta tibb təhsilli işçi kimi çalışmaq hüququ stomatologiya və ictimai səhiyyə və əczaçılıq fakültələri tələbələrinə verilir. Bu fakültələrdə tədrisin yükü yüksək deyil. Tədrisin intensiv olduğu fakültələrdə isə tələbələr ilk növbədə nəzəri bilikləri tam mənimsəməyə çalışmalıdırlar.
Məlahət Rzayeva