Psixoloji mərkəzlər insanları soymaqla məşğuldur

Elnur Rüstəmov: “Gərək vətəndaşlar belə mərkəzlərə üz tutmazdan əvvəl araşdırıb tanısınlar, ondan sonra getsinlər”Arzu Müzəffərova: “Psixoloqlar tanıyıram ki, özü ailə həyatı qurmayıb, amma ailə psixologiyasından insanlara dərs keçir”
Millət vəkili Kamilə Əliyeva "Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı psixoloji mərkəz adı altında açılan yerlərin insanları soymaqla məşğul olduqlarını deyib. Xanım millət vəkilinin sözlərinə görə, həmin yerlərdə işləyənlərin çoxu müəyyən sertifikat almaqla insanların, xüsusilə də uşaqların gələcək taleyi ilə məşğul olurlar:
"Bu da qanunazidd hərəkətlərdir. Bu cür "psixoloqlar” var. Bu əgər psixoloji mərkəzdirsə, psixoloji yardım göstərməlidir. Həmin yer müalicə məsələlərinə aid olmalı deyil. Bəziləri autizm, daun sindromu və s. bu kimi irsi xəstəliklər müalicə olunur sözü altında fəaliyyət göstərir. Buna görə əlbəttə ki, onların rəhbərləri məsuliyyət daşımalıdır. Bunlar soyğunçuluqla məşğuldur. Bununla bağlı valideynlər bizə şikayət edirlər”.
"Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsində iştirak etdiyini vurğulayan Psixologiya və Konsultasiya Mərkəzində (PCC), psixoloq Elnur Rüstəmov əvvəla onu deyib ki, Kamilə xanım çıxışı zamanı konkret xəstəliklərin adını çəkməyib: "Xanım deputat öz açıqlamasında genetik xəstəliklərdən bəhs elədi. Qeyd elədi ki, müalicəsi olmayan müəyyən genetik xəstəliklər var ki, psixoloji mərkəzlər onları müalicə etdiklərini elan edirlər. Halbuki o xəstəliklərin müalicəsi olmur. Fikrimcə, millət vəkili haqlı olaraq məsələni qaldırıb. Mən də hesab edirəm ki, bu işlə məşğul olanlar şarlatanlardır. Axı, daunu necə müalicə edirlər? Söhbət
ancaq bu cür xəstəlik daşıyıcısı olan uşaqların ailəyə, cəmiyyətə inteqrasiyasından gedə bilər. Psixoloqların bu xəstəliklərin müalicəsi ilə bağlı danışması etik deyil. Amma autizmin müalicəsi ilə bağlı metodikalar, texnologiyalar var. Tibb göstərir ki, autizmli xəstələrə psixoloji, pedaqoji, laqopedik göstərildiyi və problemin vaxtında üzərinə düşüldüyü halda effektiv nəticələr əldə etmək olur”.
Psixoloji mərkəz adı altında fəaliyyət göstərən yerlərin insanları soymaqla məşğul olmasına gəldikdə isə E.Rüstəmov "elin gözü tərəzidir” deyib: "Azərbaycan o qədər də böyük ölkə olmadığı üçün insanların məqsədləri tez bir zamanda aşkar olunur. Psixoloji mərkəzlər hər nə qədər çox yayılmış olsa da, illərlə bu sahənin içərisində olan insanlarla, öz məqsədləri üçün psixologiyadan istifadə edən insanları ayırd etmək o qədər də çətin deyil. Sadəcə olaraq, insanlar belə mərkəzlərə üz tutmazdan əvvəl araşdırıb tanısınlar, ondan sonra getsinlər. Nəzərə almaq lazımdır ki, harda qazanc var, orada işbazlar da yol açarlar. Bu qaçılmazdır. Ona görə də zaman keçdikcə, bu sahəyə təsadüfi adamların ayaq açmasını da düşünürəm, normal qəbul etmək lazımdır”.
Azərbaycanda "Psixoloji yardım haqqında” qanunun qəbulunun sosial sifariş və zərurət olduğunu vurğulayan psixoloq deyib ki, bunun qəbul edilməsi ilə bir çox sahələr üzrə psixologiya sahəsində irəliləyişlərin şahidi olacağıq: "Əsas məqsəd ondan ibarətdir ki, bu qanun psixoloji yardımın keyfiyyətini yüksəltsin. Ayrı-ayrı bölmələrdə təhsildə, səhiyyədə, penitensiar xidmət müəssisələrində, fövqəladə vəziyyətlərdə psixoloji yardımın göstərilməsi məsələsi öz əksini tapıb. Mənim fikrimcə, bu sahədəki ən önəmli məsələlərdən biri kadr hazırlığı və psixoloji mərkəzlərin işinə nəzarət mexanizminin tapılması, psixoloqların sertifikatlaşdırılması ilə bağlı müəyyən işlərin aparılmasıdır. Bu gün bakalavr dərəcəsində psixoloq olmayanlar magistratura təhsilində psixoloq ixtisasını seçirlər. Bu, yolverilməzdir. Çünki bu sonda ciddi problemlərə yol açır. Qeyri-peşəkar mütəxəssis ordusunun yetişməsinə yol açır. Ümumiyyətlə, ixtisaslaşmaya nəzarəti gücləndirmək lazımdır”.
E.Rüstəmovun fikrincə, sözügedən qanunun qəbul olunması, Azərbaycanda psixoloji yardımın daha yaxşı qurulmasına və daha effektiv işləməsinə şərait yaradacaq və psixologiyanın inkişafına çox böyük töhfə verəcək.
Psixoloq konsultant Arzu Müzəffərova da hesab edir ki, bəzi psixoloji mərkəzlər irsi genetik xəstəlik daşıyıcılarından istifadə edərək, ciblərini doldururlar: "Heç bir ailə daun sindromundan sığortalanmayıb. Və hətta sağlam həyat tərzi yaşayan insanlar belə gələcəkdə başlarına nə gələcəklərini bilmirlər. Mən Kəmalə xanımın fikirləri ilə tamamilə razıyam ki, irsi xəstəliklərin müalicəsini iddia edən psixoloqlar insanları soymaqla məşğuldur. Hər universitet bitirən psixoloq ola bilmir. Psixoloq olmaq üçün mütləq praktika olmalıdır. Psixoloqlar tanıyıram ki, özü ailə həyatı qurmayıb, amma ailə psixologiyasından insanlara dərs keçir. Sadəcə kitabdan oxuduqlarını insanlara aşılayaraq onlara dəstək olmaq mümkün deyil. Real problemlər tamam başqa bir şeydir”.
Sindromlu uşaqlarla işləməyin qlobal bir problem olduğunu vurğulayan psixoloq hesab edir ki, bu cür uşaqların müalicəsi fərdi xarakter daşıyır: "Onlarla söhbət zamanı psixoloq və həkimlərlə yanaşı, anaları da seanslarda iştirak etməlidirlər ki, maariflənsinlər. Uşağı irsi xəstəlik daşıyıcısı olsa da, bu xəstəlik barəsində tamamilə məlumatsız olan analar tanıyıram. Kəmalə xanımla razıyam ki, daun sindromlu uşaqların müalicəsi mümkün olmadığı halda valideynlərin bilgisizliyindən istifadə edib, gəlir güdən mərkəzlər var. Hesab edirəm ki, onlara qarşı nəzarət gücləndirilməlidir. Çünki özlərini psixoloq kimi qələmə verənlər cəmiyyətə ağlasığmaz dərəcədə ziyan vururlar”.
Şəymən