"Pul veririk ki, nə olar, bizi o çirkli çimərliyə buraxın!.."
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi çimərliklərlə bağlı xəbərdarlıq edib. Yay mövsümünün əvvəlində idarə çimərliklərdə monitorinq aparıldığını və nəticələrə əsasən hansı çimərliyin istifadəyə yararlı, hansının yararsız olduğunu müəyyən edib.
Analizlərin nəticələrinə görə, Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil.
Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə çimərlik kimi istifadəyə yararlıdır:
"Hazırda Xəzər dənizinin Cənub və Şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su və dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır".
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənovun sözlərinə görə, bəzi çimərliklərdə çirklənmə o həddə çatıb ki, insanların orada çimməsi təhlükəli hesab olunur. Xəzər dənizinin çirkləndirilməsinin fəsadları və əhaliyə birbaşa təsirləri indi-çimərlik mövsümünün başlaması ilə daha qabarıq görünür:
"Xəzərin çirkləndirilməsinin qarşısının alınması üçün hüquqi və fiziki şəxslərə, obyekt sahiblərinə etdiyimiz çağırışların, xəbərdarlıqların məqsədini yəqin ki, indi daha da aydın görəcəksiniz. Biz «tullantı sularını dənizə axıtmayın, təmizləyici qurğular quraşdırın» çağırışını edəndə məqsədimiz bu idi ki, insanlarımız təmiz çimərliklərdə istirahət etsinlər. Təəssüf ki, bu gün nəticələr elə də ürəkaçan deyil. Amma reallıq budur ki, bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil.
Dənizi çirkləndirənlər bilməlidirlər ki, onların yaxınları da dənizdə istirahət edəcək və çimmək istəyəcək. Heç olmasa, bundan sonra öz işlərində dönüş yaratsınlar, çirkab suları təmizləmədən dənizə axıtmasınlar".
Çimərliyin də öz mövsümü var…
Hər il eyni məzmunlu xəbərdarlıqların şahidi oluruq. Amma əhali yenə də qadağan edilmiş çimərliklərdən istifadə edir. Hətta sosial şəbəkə istifadəçilərindən biri belə yazmışdı: dünyada bəlkə də yeganə xalqıq ki, çirkli çimərlikdən istifadə etmək üçün könüllü şəkildə pul ödəyirik. Pul veririk ki, nə olar, bizi o çirkli çimərliyə buraxın!..
Bu günlərdə pediatr Vaqif Qarayev də oxşar məzmunlu status paylaşıb:
- Rəsmi qurum bir sıra çimərliklərdən istifadəni qadağan edib. Amma hamı gedir, uşaqları da aparırlar, artıq xoşagəlməz hallar var, yəni uşaqlar xəstələnir. Bu arada indi satışda olan qarpız-yemişi uşaqlara verməyin! Zəhərlənmə halları var!
Çimərlik mövsümü isə qeyri-rəsmi artıq başlayıb. Camaat son zamanlar hər işdə önə düşmək aludəçisi olub. Meyvə-tərəvəzi «sezon»undan əvvəl həzm-rabedən keçiririk. Aprel gəldimi, alça, çiyələk, gilas satışdadır. Heyrət edirsən ki, ay Allah, bu meyvələr qış boyu yetişməyə necə «uspet» elədi? Bir az keçir, gilənar, ərik, şaftalı... İyun ayı daxil olar-olmaz da qarpız-yemiş. Yəni, anlayacağımız daha mövsüm-zad söhbəti boş şeydi. Nə mövsüm?! 21-ci əsrdir və bütün meyvə-tərəvəz il uzunu satışda olmalıdır. Həkimi, eksperti ha desin ki, ay camaat, bu meyvə-tərəvəz ziyanlıdır, kimyəvi maddələrlə yetişdirilir, inanmayacaqlar. Qarın bu qədər nəfsi üstələyir, sağlamlığımızı da təhdid edir.
Çimərlik mövsümünə yanaşma da eynən bu cürdür. Havanın temperaturu 30-u keçən kimi bəziləri dənizə üz tutur. Daha başa düşmək istəmirlər ki, havanın temperaturu ilə dəniz suyunun temperaturu eyni deyil. Ola bilməz. Və başlayır, xəstələnmələr, dənizdə boğulmalar və sair faciələr.
Ekspertlər deyir ki, çimərlik mövsümü iyul-avqust aylarıdır. Amma kimə eşitdirə bilirsən?!
Əhali xəbərdarlığa əməl etməlidir
Çirkliliyin normadan artıq olduğu, bağırsaq çöplərinin aşkarlandığı su hövzəsində çimmək hansı xəstəliklərə səbəb ola bilər?
Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov «Şərq»ə açıqlamasında qeyd etdi ki, ziyanlı, qadağan olunmuş sularda çimmək təhlükəlidir:
- Yay mövsümü insan sağlamlığı üçün bir sıra təhlükələr daşıyır. Biz həmişə demişik ki, əhali yay mövsümündə sağlamlığına xüsusilə diqqətlə yanaşmalıdır. Burada şəxsi gigiyena, sanitar normalara riayət etmək, meyvə-tərəvəzin yuyulmadan yeyilməməsi, tərkibi şübhəli qidalardan imtina, Günəş şüalarıyla birbaşa təmasdan çəkinmək, hədsiz soyuq, buzlu içkilərdən uzaq durmaq da var, həmçinin, çimərliklərlə bağlı xəbərdarlıqlara əməl etmək də.
Bir halda ki, konkret çimərliklərdə dəniz suyunda çirklənmənin normadan artıq olduğu, bağırsaq çöplərinin aşkarlandığı bildirilir, o çimərliyə gedilməməlidir. Bağırsaq çöpləri olan suda digər infeksiyaların da olacağı ehtimalı böyükdür. Bu da insanlarda müxtəlif infeksion xəstəliklərin yaranmasına səbəb ola bilər. Hətta kütləvi epidemiya da yayıla bilər. Dövlət orqanı o çimərliklərə gedilməsini məsləhət görmürsə, xəbərdarlığa əməl edilməlidir. Xüsusilə də körpələrin, azyaşlıların bu cür natəmiz, sanitar-gigiyenik normaların pozulduğu çimərliklərə aparılması təhlükəlidir. Mən də dəfələrlə müşahidə etmişəm ki, insanlarımız sağlamlıqlarına biganə yanaşır.
Məlahət Rzayeva