Putin Paşinyana Qarabağla bağlı mövqeyini çatdırıb

O, izah edib ki, Ermənistan tərəfi danışıqlardan qaçmamalı, masaya geri qayıtmalıdır




Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Paşinyan yerli mediaya açıqlamasında bildirib ki, Soçi sammiti çərçivəsində keçirilən bütün görüşlər çox yüksək səviyyədə baş tutub.

Xüsusən, Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün məsələlər ətraflı müzakirə edilib. Bu bəyanatın ardınca Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan İrəvanın Qarabağ siyasətinin dəyişmədiyini söyləyib: "Qarabağın danışıqlarda aktiv iştirakı ilə bağlı mövqeyimiz yeni deyil. XİN əvvəl də bunu tələb edib. Məqsədimiz odur ki, Azərbaycan tərəfi konfliktin həlli üçün Qarabağ "respublikasının” danışıqlarda iştirakının vacibliyini anlasın”. İyun ayında həmsədrlərin regiona səfərini xatırladan Balayan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqqında razılaşma olmadığını qeyd edib. Ermənistanın yeni hakimiyyətinin açıqlamalarını şərh edən ekspertlər danışıqların növbəti mərhələsinin də nəticəsiz olacağını, status-kvonun qorunub saxlanacağını bildiriblər.

Düşmən tərəfin açıqlamalarını "Şərq”ə dəyərləndirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Paşinyanla Putin arasında müzakirələrin konkret mövzusu bəlli deyil. Amma Rusiya Prezidenti Vladimir Putinin Minsk Qrupunun həmsədr ölkəsinin rəhbəri kimi müəyyən məqamlara toxunması şübhəsizdir: 

"Çox güman ki, Putin Paşinyana danışıqlarla bağlı konkret mövqeyini bildirib. İzah edib ki, Ermənistan tərəfi danışıqlardan qaçmamalı, masaya geri qayıtmalıdır. Hakimiyyətin dəyişilməsi burada heç bir rol oynamır. Əlbəttə, Paşinyan Soçidə Dağlıq Qarabağın tərəf kimi iştirakını önə sürə bilər. Lakin Putin buna müsbət cavab verməz. Putin təcrübəli siyasətçidir. Paşinyan bilməsə də, hamıya yaxşı məlumdur ki, 1990-cı illərin əvvəllərində Minsk Qrupu yaradılarkən konkret qeyd olunub ki, münaqişənin əsas tərəfləri Ermənistan və Azərbaycandır. Qondarma rejim danışıqlarda iştirak etmək istəyirsə, getsin Azərbaycan icması ilə danışsın. Dağlıq Qarabağ separatçılarının siyasi danışıqlarda yeri yoxdur. Azərbaycan bunu heç vaxt qəbul etməyəcək. Yeni hökumətin təklifi cəfəngiyyatdır və Paşinyanın fantaziyasıdır”.

Professor qondarma rejimin danışıqlar prosesinə israrla cəlb edilməsinin səbəbini də açıqlayıb: 

"Paşinyanın siyasi təcrübəsi yoxdur. Küçələrdə, mitinqlərdə hakimiyyətə qarşı çıxışlar söyləməklə dövləti idarə etmək fərqli şeydir. Baş nazirin açıqlamaları təcrübəsizlikdən və savadsızlıqdan irəli gəlir. Paşinyan hakimiyyətə gələndən sonra Qarabağa gedərək separatçılarla görüşdü və onlara söz verdi. Nəzərə alaq ki, Paşinyan Qarabağ klanını devirib, onların hakimiyyətinə son qoyub. İndi də bunu kompensasiya etmək üçün separatçıların danışıqlarda iştirak etməsinin vacibliyini vurğulayır. Yəni demək istəyir ki, baş nazir Qarabağ ermənilərini yaddan çıxarmır”.

İsmayıl