Fazil Mustafa: “Moskva həm dünya ictimaiyyətinə, həm də tərəflərə göstərir ki, münaqişənin həlli sadəcə Rusiyanın əlindədir”
Payızda Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi gözlənilir. "İzvestiya” qəzetinin məlumatına görə, görüşün əsas təşkilatçısı Kreml olacaq. Çünki ATƏT-in Minsk Qrupunun digər üzvləri - ABŞ və Fransanın Bakı və İrəvanı danışıqlar üçün bir araya gətirmək cəhdləri uğursuzluqla nəticələnib. Mənbə qeyd edib ki, dialoqun davam etdirilməsi prinsipial əhəmiyyət daşıyır.
Məhz bu baxımdan regionda irimiqyaslı müharibə baş verməyib. Lakin tərəflərin məqsədi və baxışları fərqli olaraq qalmaqdadır. Ermənistan prezidenti Serj Sarkisyan da görüşlə bağlı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevlə görüş haqqında ilkin razılıq həmsədrlərinin səfəri zamanı əldə olunub: "Biz belə görüşlərə xüsusi ümid bəsləmirik, hazırlıq işləri konkret təkliflərə əsaslanan mövqeyi ehtiva edir. Bununla belə görüşlərə qarşı deyilik. Yəni görüşdən gözləntilər böyük olmasa da, o, payızda ola bilər”.
Prezidentlərin görüşü və Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərlə bağlı "Şərq”ə danışan millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, tərəfləri bir masa arxasına əyləşdirməyə çalışan Moskva ortaya öz mövqeyini qoymağa çalışır. Ekspertin sözlərinə görə, Kreml bu işin sadəcə Rusiyanın "öhdəliyində” olduğunu bəyan edir:
"Rusiyanın görüşlə bağlı canfəşanlığının səbəbi məlumdur. Moskva həm dünya ictimaiyyətinə, həm də tərəflərə göstərir ki, münaqişənin həlli sadəcə Rusiyanın əlindədir. Problemi çözmək üçün Moskvanın imkanları daha çoxdur, nəinki Vaşinqton və Parisin. Əslində isə tərəflərin mövqeyi və danışıqlar prosesi ilə bağlı yeni situasiya yoxdur. Kremlin görüş istəyi reallaşsa belə, hansısa nəticəsi olmayacaq”.
Millət vəkili, Sarkisyanın görüşlə bağlı ifadələrinə də münasibət bildirib:
"Sarkisyanın sözləri diplomatik mahiyyət daşıyır. Erməni tərəfi həmişə iddia edir ki, guya, onlar görüşün əleyhinə deyillər, təmaslardan qaçmırlar və s. Amma düşmənin daim qeyri-konstruktiv mövqe sərgilədiyi bəllidir”.
Deputat düşmən rəhbərinin "Rusiya Azərbaycana silah satışını dayandırmalıdır” fikrini də şərh edib: "Əslində bu məsələ "qabaqdan gəlmişlik” sayılır. Guya Rusiya Azərbaycanı silahlandırır. Məqsəd Azərbaycanın silahlanmasını gündəmə daşımaqdır. Lakin faktiki olaraq hamı çox gözəl bilir ki, Rusiyanın daim silah-sursat verdiyi ölkə məhz Ermənistandır. Özü də düşmən ölkə təmənnasız silahlandırılır”. F.Mustafa son günlər artan müharibə ritorikasını də dəyərləndirib: "Müharibə ehtimalı həmişə olub və olacaq. Ancaq biz daha çox çalışmalıyıq ki, Ermənistan tərəfi bir reallığı dərk etsin. Düşmən tərəf anlasın ki, Azərbaycanın güclü ordusu onlara çox ciddi problem yarada bilər. Ona görə də gec olmadan yürütdükləri yanlış siyasətdən əl çəksinlər”.
İsmayıl