Prezident indiki məqamda Amerika ilə üz-üzə gəlməyi ağılsızlıq sayır
Kremlin sadəcə sualtı qayıqları ABŞ üçün təhlükəlidir
Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin generallarına Amerika ilə hərbi qarşıdurma riski yaratdıqları üçün bərk qəzəblənib. Məlumata görə, Putin Rusiya qırıcılarının Qara dənizdə ABŞ hərbi gəmisinə təhlükəli dərəcədə yaxın məsafədən uçmasına və gəmiyə hücum görüntüsü yaratmasına görə generalları danlayıb.
Pentaqonun bildirdiyinə görə, Rusiya qırıcıları hərbi gəmiyə təhlükəli səviyyədə yaxın məsafədən uçublar və bunun riskli olduğu barədə xəbərdarlığa məhəl qoymayıblar. İnsident barədə xəbər tutan Putin Müdafiə Nazirliyinin rəhbərliyini müşavirəyə çağırıb və baş verənləri "çox riskli” adlandırıb. Bu zaman generallar deyiblər ki, amerikalılar baş verənlərə layiq idi. Putin isə generallara: "Siz dəli olmusunuz? Başınız xarabdır?” deyə cavab verib. Ekspertlərə görə, Putinin reaksiyası Rusiya Prezidentinin NATO və ABŞ-la hərbi toqquşmada maraqlı olmadığını, ancaq onun komandasında qarşıdurmanı dərinləşdirməyə can atanların mövcudluğunu göstərir. Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, ABŞ-Rusiya hərbi qarşıdurması çox ciddi fəsadlara yol aça bilər: "Rusiya son dönəmlər ABŞ və NATO-ya "xox” gəlirdi. Amma Rusiyanın nəhəng kəşfiyyat idarəsi var və Amerika ilə bağlı informasiya əldə etmək üçün kifayət qədər imkanlara sahibdir. Çox güman ki, Kreml rəhbəri Amerika ordusunun hərbi gücünü çox gözəl bilir. Putin indiyə qədər ABŞ-ı nüvə silahı ilə vura biləcəyini düşünürdüsə ki, artıq bunu ağlına belə gətirmir. Çünki son araşdırmalarda aydın oldu ki, Moskvanın nüvə silahlarının yarıdan çoxu tamamilə köhnəlib. Rusiyanın hava hücumundan müdafiə sistemləri də müasir standartlara cavab vermir. Kremlin sadəcə sualtı qayıqları ABŞ üçün təhlükəlidir”. Politoloqa görə, Amerika tərəfi nüvə silahına əl atmadan əlindəki yeni texnologiyalar sayəsində Rusiyaya öldürücü zərbə vura bilər: "Vaşinqton Rusiyanın enerji və elektrik sistemlərini bir anda sıradan çıxarmaq potensialına malikdir. İstəsə, qısa müddət ərzində Rusiyanı xaosa sürükləyər. Rusiyanın əzələ nümayişi az inkişaf etmiş Avropa ölkələri və geridə qalmış dövlətlər üçündür. Artıq Putin reallığı dərk edir və indiki məqamda Amerika ilə üz-üzə gəlməyi ağılsızlıq sayır. Putin beyni qızmış rus generallarının havasını almaq üçün belə bir müşavirəyə ehtiyac duyub. Çünki həqiqətən, ABŞ-Rusiya hərbi qarşıdurması çox ciddi fəsadlara yol aça bilər”.
İsmayıl