Putini bu dəfə çətin sınaq gözləyir- Seçkilər gərgin keçəcək






"Rusiyada şərti olaraq bir nömrəli müxalifətçi sayılan Aleksey Navalnının namizədliyi qeydə alınmayıb”.

Bunu "Sherg.az”a 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərindən danışarkən politoloq İlqar Vəlizadə deyib. 

O vurğulayıb ki, Rusiyada müxalifət yenə də leqal siyasi səhnədən uzaqlaşdırılıb:

"Bu ona imkan verəcək ki, qeyri-leqal formada müxalifət hakimiyyətə müqavimət göstərsin. İndi Rusiyada iki siyasi reallıq formalaşır. Rəsmiləşdirilmiş hissədə Vladimir Putin özü və Kseniya Sobçak iştirak edir. İkinci namizəd müxalif olsa da, qaydalara uyğun fəaliyyət göstərəcəyi görünür.

A.Navalnını isə Rusiyadan xaricdə dəstəkləyirlər. Siyasi elitada mürəkkəb proseslər getdiyindən köhnə oyunçuların Navalnını dəstəkləməsi istisna olunmur. Bu müxalifət lideri "oyundan kənar” olsa da, o və tərəfdarları proseslərə seyirci qalmayacaq. Güman ki, onlar seçki kampaniyasını öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar.

Nəticə etibarı ilə Rusiyada seçkiqabağı vəziyyət gərgin olacaq. Bu mürəkkəb vəziyyətdə hakimiyyətə həm daxildən, həm xaricdən müəyyən təzyiqlər olacaq. Putinə isə hazırda real rəqib yoxdur. Ölkədaxili siyasi diskusiyalar mürəkkəb olacaq, hazırkı prezidentin rəqibləri maksimum üstünlük qazanmağa çalışacaq”.

Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası teleaparıcı Kseniya Sobçakı prezidentliyə namizəd kimi qeydə alıb.

Aysel Aslan