Eldar Namazov: “Boçarnikov Azərbaycanda rahat işləyəcək, hansısa ciddi çətinliklə üzləşməyəcək”
Rusiya Prezidenti Vladimir Putin Mixail Boçarnikovun Azərbaycanda səfir təyin edilməsi barədə Fərman imzalayıb. 70 yaşlı Boçarnikov kifayət qədər təcrübəyə malik diplomat kimi tanınır. 1948-ci ildə anadan olan Boçarnikov Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət İnstitutunu bitirib.
1971-ci ildə SSRİ-nin Efiopiyadakı səfirliyində məsləhətçi-müşavir kimi çalışmağa başlayıb. 1990-cı ildə Zimbabvedə çalışıb. Boçarnikov ilk dəfə səfir vəzifəsinə 1992-ci ildə yüksəlib və Zambiyaya səfir təyin edilib. 1996-cı ildə Rusiya XİN-in Afrika Departamentinin direktoru təyin edilib, 1999-cu ildə Yunanıstana səfir olaraq göndərilib. Səfir 2003-cü ildə yenidən Moskvaya çağırılıb və bu dəfə ona Rusiyanın Qafqaz siyasəti istiqamətində önəmli vəzifə verilib. Boçarnikov Gürcüstan-Abxaziya konfliktinin həlli məsələsində xüsusi səlahiyyətli səfir olub. 2006-cı ildə Qafqazdakı fəaliyyətini bitirən diplomat Qazaxıstana səfir təyin olunub və Moskvanın rəsmi nümayəndəsi kimi 12 il Astanada qalıb. Buradakı fəaliyyəti dövründə Qazaxıstan hakimiyyəti ilə sıx əlaqələr qurmağı bacaran səfirin demək olar ki, hökumətlə heç bir problemi yaşanmayıb. Boçarnikov NATO əleyhdarı kimi tanınır. Onun fikrincə, regionun təhlükəsizliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mühüm rol oynayır və alternativ gücə ehtiyac yoxdur.
Səfirin təsdiq olunması ilə bağlı "Şərq”ə danışan "Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazov Boçarnikovu çox təcrübəli bir diplomat kimi dəyərləndirib. Politoloqun sözlərinə görə, səfirin tərcümeyi-halı və uzun iş təcrübəsi kifayət qədər peşəkar olmasından xəbər verir:
"Nəzərə almaq lazımdır ki, Rusiya üçün Qazaxıstan və Azərbaycan müəyyən mənada oxşar ölkələr sayılır. Hər iki ölkə böyük neft-qaz resurslarına malikdir. Qazaxıstan da, Azərbaycanda enerji resurslarını dünya bazarlarına çıxarmaq uğrunda mübarizə aparır. Eyni zamanda hər iki dövlət çalışır ki, həm Qərblə, həm də Rusiya ilə balanslaşdırılmış siyasət yürütsün. Bu yaxınlarda Qazaxıstan məhz Azərbaycanın təcrübəsindən yararlanaraq, latın qrafikasına keçdi.
Yəni demək istəyirəm ki, Qazaxıstanda səfir olmuş Boçarnikov Azərbaycanda rahat işləyəcək, hansısa ciddi çətinliklə üzləşməyəcək”. Ekspert postsovet məkanında Rusiya səfirlərinin daşıdığı statusla bağlı bunları deyib:
"Kreml rəhbəri birbaşa ölkə başçıları ilə dialoqa üstünlük verir. Qərb ölkələrindən fərqli olaraq, bu bölgədə şəxsi əlaqələr daha böyük rol oynayır. Bir məsələni qeyd edim. Türkiyə-Rusiya münasibətlərində Rusiya xarici işlər naziri demək olar ki, "ofsayt” vəziyyətinə düşüb. Putin faktiki olaraq rus səfirliyinin və Rusiya XİN-in başının üstündən Türkiyə ilə münasibətlər qurmaqdadır. Bu da onunla bağlıdır ki, erməni əsilli Lavrovun başçılıq etdiyi Xarici İşlər Nazirliyi Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir göstərən provokativ açıqlamalar verib. Ona görə də Putin birbaşa Türkiyə lideri Ərdoğanla işləyir.
Hətta bu yaxınlarda Putinin köməkçisi Peskov dedi ki, "mən Ərdoğanın müşavirləri ilə həyat yoldaşımdan daha çox ünsiyyətdə oluram”. Peskov vaxtı ilə Türkiyədə çalışdığı üçün türk dilini yaxşı bilir. Bəlkə də, qeyri-rəsmi olaraq Putinin Türkiyə üzrə köməkçisi vəzifəsini icra edir”.
Analitik bildirib ki, rus jurnalistlərinin hesablamalarına görə, keçən il ərzində hər üç həftədən bir Putin Ərdoğanla görüşüb, telefon əlaqəsi qurub: "Putin birbaşa təmaslara üstünlük verdiyi üçün münasibətlərin aqibətini səfirliyin öhdəsinə buraxmır”.
İsmayıl