"Qadınlar hətta yeməyi duzsuz bişirdiklərinə görə öldürülürlər" - Rəzalət

"Tibb məntəqələrində, səhiyyə mərkəzlərində dövlət tərəfindən psixoloji xidmət təşkil edilməlidir. İnsanlar zorakılığa biganə qalmamalıdırlar, önləyici tədbirlər gücləndirilməlidir"
"Demək olar ki, hər gün ailədaxili münaqişələr, bu zəmində törədilən cinayətlər haqqında xəbərlər oxuyuruq”.
Bunu "Sherg.az”a ailədaxili münaqişələr nəticəsində qətl hadisələrinin artmasının səbəblərini izah edərkən "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib. 
O diqqətə çatdırıb ki, bu münaqişələrdə həyatını itirənlər daha çox qadın və uşaqlar olur:
"Təəssüf ki, xüsusilə uşaqların belə hadisələrdə qurban olmasını müşahidə edirik. İndi zorakılığın səbəbini, buna şərait yaradacaq vəziyyəti müəyyən etmək çətinləşib. Çünki insanlar heç bir səbəb olmadan küçədə duran birinə, uşağa, tanımadığı insana belə zorakılıq tətbiq edir.
Konkret bu məsələyə gəldikdə, çox güman ki, evli olduqları müddətdə həmin ailədə zorakılığın müxtəlif formaları olub. O qadının döyüldüyünü, psixoloji zorakılığa məruz qaldığını təxmin edirəm. Qanun insanları qorusa da, zorakılığı önləyən mexanizmlər çox zəifdir. Son zamanlar insanlar ümidsiz, gərgin, stressli vəziyyətdədirlər. Nə yazıq ki, bu gün qadınlar hətta yeməyi duzsuz bişirməyinə görə öldürülürlər.
Artıq tibb məntəqələrində, səhiyyə mərkəzlərində dövlət tərəfindən psixoloji xidmət təşkil edilməlidir. İnsanlar zorakılığa biganə qalmamalıdırlar, önləyici tədbirlər gücləndirilməlidir. Yoxsa, hər keçən gün bu hadisələr daha da çoxalacaq”.
Qeyd edək ki, Bakının Binəqədi rayonunda 52 yaşlı Rasim Çəltikov həyat yoldaşı 50 yaşlı Arifəni mübahisə zəminində öldürüb. Bildirilir ki, Rasim Çəltikov Binəqədi qəsəbəsi 3-cü mədən, 124-cü korpusda yerləşən evini satmaq istəyirmiş. Lakin qadın ərinin bu istəyinə qarşı çıxıb və evi satmağa imkan verməyəcəyini deyib. Ardıcıl davam edən münaqişələrdən sonra dünən gecə saatlarında Rasim Çəltikov arvadının boğazını kəsərək, onu qətlə yetirib.
Aysel Aslan