Qafqaz İslam Ordusu şəhidlərinin məzarı aşkarlandı





1918-ci ilin iyun ayında Qafqaz İslam Ordusunun Azərbaycan dövləti və xalqı naminə xilaskarlıq yürüşündə dayanacaq məkanlarından biri də Göyçay qəzasının Yalman kəndi olub. 
Bu kənd Göyçay çayı boyunca axaraq Kür çayına qovuşan, başlanğıcını Böyük Qafqaz dağlarının ətəklərindən götürən gursulu Yalman çayının sol sahilində yerləşib. 1918-1920-ci illərdə kənd 35-40 evdən ibarət olub. Həmin illərin şahidlərinin (Yasəmən Abdulqədir qızının (1894-1990), Abdulqədir İsmayıl oğlunun, Hacı Hidayətin (1832-1932) və onların həmkəndlilərinin) söhbətləri əsasında bildirilir ki, Türkiyə döyüşçüləri Yevlax və Ağdaş ərazilərindən keçərək 150-200 nəfərlik heyət və hərbi silah-sursatla birlikdə bu kənddə 5 günədək qalaraq "nəfəslərini dərmişlər”. Onların düşərgəsi Yalman çayının sağ sahilində, kəndin cənub-şərq qurtaracağında "Hacı Hidayət dəngəsi” adlanan yerə yaxın olub. Bu tarixi hadisələrin şahidi olan 2 yüz illik 2 qoca çinar ağacı indi də qalmaqdadır. Qədim çinarların əhatəsində qurulan düşərgə həm də "Hidayət bulağı” üstündə olub. Bu bulaq indi də qalır.
Həmin düşərgədən kəndə tərəf 150-200 metr aralı, indi Hacı Hidayətin nəvəsi Abdulqədir İsmayıl oğlu Qədirovun həyətyanı sahəsinə yaxın olan ərazinin əhatəsində, kiçik təpə üstündə adı və soyadı naməlum şəhid türk əsgərinin qəbri var. Üstünə iri, dördkünc formalı, hündürlüyü 1,5 metrə çatan başdaşı qoyulub. Bu barədə kənd sakinlərinə o illərin şahidi Kişkinə Abdullayeva (1887-1977) məlumat verib. Bu kəndə daşnak-bolşevik quldurlarının hücumu və təcavüzü olmadığından ehtimal olunur ki, həmin şəhid türk döyüşçüsü yaralı olub və burada vəfat etdiyindən elə ordaca dəfn olunub.
Qəzanın (indi Göyçay rayonunu) Alı kəndinə daşnak quldurlarının basqını və təcavüzü olduğundan bu kənddə gedən döyüşlərdə bir türk əsgəri şəhid olaraq kənd qəbiristanlığında dəfn olunub. Adı-soyadı bilinməyən bu qəbir 1950-ci ilədək salamat qalıb, sonrakı illərdə isə təsərrüfat işləri nəticəsində məqsədli şəkildə sıradan çıxarılıb. Həmin hadisələrin şahidi olan Zərbalı Qasım oğlunun (1875-1987) şəhid məzarı barəsində söylədiklərini bizə kənd sakini Ramin Əsgər oğlu çatdıraraq məlumat verib.

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi