“Qafqaz üçlüyü” sifarişdir

Ssenari Rusiya kəşfiyyatının tezisləri əsasında yazılıb
Rüstəm İbrahimbəyov o eşalonda yer alan ünsürlərdən biridir



Bir neçə gündür mətbuatda, sosial şəbəkələrdə Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü” filmi geniş və haqlı müzakirələrə yol açıb. Çünki 2015-ci ildə çəkilən "Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Əslində dəfələrlə erməni sevgisini sübut etmiş Rüstəm İbrahimbəyovdan başqa hərəkət gözləmək sadəlövhlük olardı.

Bu adam Azərbaycana və azərbaycanlılara daim nifrət edib. Hər zaman Azərbaycana qarşı fəaliyyət göstərən şəbəkələrdə yer alıb. Əks halda, özünü azca da olsa azərbaycanlı sayan heç bir insan bu cür bədnam filmə ssenari yazmazdı. Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alır. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib. Bir sözlə, bu film İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən minasibətinin təzahürüdür.

Millət vəkili Elman Məmmədov "sherg.az”a açıqlamasında söyləyib ki, düşmən qeyri-millətdən olanda bu, o qədər təəccüb doğurmur. Amma öz millətinin nümayəndəsi xalqına düşmən kəsiləndə o şəxsin kimliyi haqqında şübhə yaranır. Deputatın sözlərinə görə, hətta digər xalqın nümayəndələri belə Rüstəm və rüstəmkimilər qədər Azərbaycan xalqına qəddar mövqedə dayanmayıblar: "Rüstəm İbrahimbəyov öz millətini, xalqının adət-ənənələrini qəbul edə bilmir. Həmin ünsürün qanında Azərbaycan, türk millətinə qarşı düşmənçilik var. O tək deyil, ətrafında da özü kimilər yer alıb”. R.İbrahimbəyovun belə addımları tək qazanc məqsədilə atmadığını diqqətə çatdıran E.Məmmədov onun canında bu nifrətin olduğunu deyib: "O, ilk növbədə tarixi təkzib edir. Əslində bütün bu vəhşilikləri azərbaycanlılara qarşı törədən ermənilər olub. Əzilən, işgəncəyə məruz qalan, öldürülən isə bizlər olmuşuq. R.İbrahimbəyov bu faktları əksinə təqdim edirsə, görün nə dərəcədə bizə düşməndir. Müxalif mövqe tutmağı hardasa anlamaq olar. Amma onun bu hərəkətləri millətə, dövlətə, hakimiyyətə qarşı da düşmənçilik və təhqirdir. R.İbrahimbəyov anlamalıdır ki, çəkdikləri ilə ilk növbədə öz əslini, nəslini təhqir edir. Hesab edirəm ki, hüquq-mühafizə orqanları, ictimaiyyət, müxtəlif sahələrdə çalışan şəxslər reaksiya verməlidirlər. Təkcə məzəmmətlə, tənqidlə kifayətlənməməli, hüquqi müstəvidə addım atmalıyıq”.

Millət vəkili Zahid Oruc da söyləyib ki, dünya tarixində mənsub olduğu milləti aşağılayan, lənətləyən, hətta öz xalqının əleyhinə qarşı səngərdə yer alanlar çox olub. Dünya belə xəyanət səhnələri ilə doludur. Onun sözlərinə görə, tarix sübut edir ki, satqınlığın "mükafatı” xalqına xəyanət edən şəxslərin öz başına sıxılan güllələrdən ibarət olur: "Ata-babasına qarşı çevrilmək, öz vətəni əleyhinə döyüşmək yaxşı hal sayıla bilməz. Rüstəm İbrahimbəyov dəfələrlə söyləyirdi ki, Bakıdan ermənilər, ruslar, yəhudilər çıxıb gedəndən sonra bura həbsxananı xatırladır. 2013-cü ildə Rüstəm İbrahimbəyov prezidentliyə iddia edirdi. Əgər Azərbaycan xalqı İbrahimbəyovun gözündə ermənilərdən də aşağıdırsa, niyə bu xalqın prezidenti olmaq istəyirdi? "Milli Şura”nın üzvləri Rüstəm İbrahimbəyovun təhqirləri fonunda niyə səslərini çıxarmırlar? Sosial şəbəkə üzərindən hər gün canlı yayımlar edir, məlumat paylaşırlar. Əli Kərimli Rüstəm İbrahimbəyovun bu anti-milli davranışı qarşısında heç bir tənqid səsləndirməyib”. Z.Oruc söyləyib ki, R.İbrahimbəyov kimi adamların nə qədər böyük dünya şöhrəti olsa da, onlardan imtina etmək lazımdır: "Belə "aristokratlar” daim "mən bu millətdən deyiləm” şüuru ilə yaşayırlar. Onların heç vaxt mənsub olduqları millətlərə xeyri dəymir. Ermənilərin içərisində elə adamlar var ki, Qarabağın Azərbaycana məxsus olduğunu deyirlər. Mənim nəzərimdə onlar, bizim vətəndaşlarımızdır. Amma elə insanlar var, ikili pasportları olduğu kimi ikili də mənəviyyatları var”.
"APA” media qrupunun rəhbəri Vusalə Mahirqızı da bildirib ki, R.İbrahimbəyovun azərbaycanlının ermənini, erməninin azərbaycanlını döyməsi səhnəsinin üstündə film çəkib, rasizmi təbliğ edərək, bununla "qəhrəman” olmaq istəyi çox ibtidaidir: "Filmdəki qərəz, yalan epizodları müzakirə etmirəm. Amma adamdan soruşarlar ki, ilin-günün bu vaxtı, qloballaşmadan, bəşəriləşmədən danışıb, pafos saçıb, adamları mənsub olduqları xalqlara görə biri-birinə döydürmək nəydi, ay "ağsaqqal?”. Bu qədər rasist yanaşma ilə Nobelə iddia etmək ayıbdı. Məni filmdə iyrəndirən əsas məqam budur. Milli məsələlər, xalqın aşağılanması məsələsini ona görə yazmıram ki, mən İbrahimbəyovu heç vaxt milli adam hesab eləməmişəm. Açığı, mədəniyyət adamı və fərd kimi milli olub-olmamağı da mənim üçün əhəmiyyət daşımır. Mədəniyyət adamı kimi normal beynəlmiləlçi olsaydı, bu, cəmiyyətin xeyrinə olardı. "Qafqaz üçlüyü” İbrahimbəyovun içindəki "balaca adamı” ortaya çıxarıb. O filmdə üstünlük verilənin azərbaycanlı, gürcü və ya erməni olması milli maraq baxımından, bir xalq kimi bizi maraqlandıra bilər. Amma özünü "beynəlmiləlçi”, "xalqlar dostluğuna töhfə verən” kimi təqdim etmək istəyən biri üçün xalqları bu cür üz-üzə qoymaq ideyasıyla iflasdır, fiaskodur. Necə ki, antimilli düşüncə ilə siyasətə qarışması həm İbrahimbəyovun, həm də onu dəstəkləyənlərin fiaskosu oldu”.
Millət vəkili Fazil Mustafa da deyib ki, azərbaycanlı yazarlar yaşları 60-70-i keçəndən sonra düşüncə, təfəkkür baxımından ortaya keyfiyyətli yazılar qoya bilmirlər. Bunlardan biri də Rüstəm İbrahimbəyovdur: "Əgər o, yazıçı kimi çatışmazlıqlara mövqe bildirib tənqid etsəydi, bu, qəbul olunardı. Amma o, xalqa nifrət, kin püskürür. Rüstəm İbrahimbəyov Rusiya kəşfiyyat eşalonunda yer alan ünsürlərdən biridir. Guya o humanizm ideyası yayır? Bir tərəfi alçaldıb, digər tərəfi yüksəyə qaldırmaq humanizm deyil. Bu halda obyektivlikdən söhbət gedə bilməz. O, Rusiyanın, Ermənistanın xoşuna gəlmək üçün cılız üsullara əl atır. Bu tip adamların üzə çıxması cəmiyyət üçün yaxşıdır. Adamlar onların iç üzünü tanıyırlar. Bu ssenari Rusiya kəşfiyyatının müəyyən etdiyi tezislər əsasında yazılmış əsərdir. Bizim bu barədə mövqeyimiz sərtdir. Bir daha deyirəm, o, yazıçı kimi Azərbaycan xalqını normal tənqid etsəydi, mən də normal qarşılayardım. Amma burada söhbət bədii mətndən getmir. Rüstəm İbrahimbəyov ermənilərin törətdiyi faşizmi dəstəkləyir, onlara haqq qazandırır, ermənilərlə həmrəy olur. Ona görə də mövqeyimiz sərtdir və heç bir güzəşt ola bilməz”.

"İndiyə qədər Azərbaycan adı, soyadı ilə yaşayan bir şəxsin ömrünün ahıl çağında xalqını aşağılaması, millətinin milli hisslərini təhqir etməsi və nəıticədə tarixə satqın kimi düşməsi heyfisləndiricidir”. Bunu isə "Sherg.az”a millət vəkili Aqiyə Naxçıvanlı deyib. Deputat R.İbrahimbəyova məntiqli bir sual ünvanlayıb: "Daxilində xalqına qarşı uzun müddətdir nifrət daşıyan bir insan Azərbaycanın ona layiq gördüyü təltifləri necə qəbul edə bilib? Ulu öndər Heydər Əliyev deyirdi: 

"Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir”. Görünür, bu qızıl kəlamların R.İbrahimbəyova heç bir aidiyyəti yoxdur. Bu yaşda və başda olan insan belə səhv edə bilməz. Bu xəta deyil, xəyanətdir. Həm də xalqına xəyanətdir. Onun antimilli addımları hər bir azərbaycanlını təəssüfləndirir. Bir ziyalının, mənsubiyyəti azərbaycanlı olan bir şəxsin xalqını təhqir etməsi, aşağılaması, xəyanəti təəssüf və təəccüb doğurur”. A.Naxçıvanlının fikrincə, insanı müxtəlif vasitələrlə şirnikləndirmək mümkündür. Amma ziyalının Azərbaycanı istəməyən qüvvələrin təsirinə düşməsi, hansısa sovqatlara aldanması asan məsələ deyil: "Mükafat xatirinə xalqını aşağılamaq olarmı? Böyük bir xalqı, Azərbaycançılıq məfkurəsini asanlıqla nəyəsə dəyişmək olarmı? R.İbrahimbəyovun nəyi çatmırdı ki? "Oskar” alıb, Azərbaycan xalqının nifrətini qazanmaq ona xoşdurmu? Vətən və xalq məfhumu çox müqəddəs və bənzərsiz anlayışlardır. Onu hər hansı bir mükafata dəyişmək olmaz. R.İbrahimbəyov və başqaları 2013-cü ildə baş tutan prezident seçkilərindən öncə, özlərini demokratik qüvvə adlandıraraq Milli Şura yaratmışdılar. Budur Milli Şuranın baş ideoloqu? Adı milli, özü isə anti-milli... Yəqin, o vaxt prezident olsaydı bir həftənin içərisində xalqını da, torpağını da satardı. Xəyanət etməsi uzun çəkməzdi”.

İsmayıl