Trampın qorxunc vədlərinə əməl etməsi böyük fəlakətlər gətirəcək
Qanlı açılış...
Qüdsdə ABŞ səfirliyinin açılması 55 nəfərin ölümünə səbəb oldu
Trampın qorxunc vədlərinə əməl etməsi böyük fəlakətlər gətirəcək
Trampın qorxunc vədlərinə əməl etməsi böyük fəlakətlər gətirəcək
ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra, səfirliyin Təl-Əvivdən Qüdsə köçürmək barədə qərar qəbul etmişdi. Dünən həmin qərar reallaşdırıldı və səfirlik Qüdsə köçürüldü. Hətta şəhərdə dipomatik korpusun rəsmi açılış mərasimi də baş tutdu. Mərasimə Amerikanın maliyyə naziri Stiven Mnuçin və prezident Trampın qızı İvanka Tramp qatıldılar. Səfirliyin açılışında İsrailin Baş naziri Benyamin Netanyahu çıxış etdi. Bildirdi ki, Qüds həmişə Yəhudi dövlətinin paytaxtı olub: "Mən bu qərara görə, ABŞ Prezidenti Donald Trampa minnətdaram. Bu gün bizim üçün çox şərəfli gündür. Qəzza zolağında fələstinlilərlə döyüşən İsrail əsgərlərinə də təşəkkür edirəm”.
Qüdsdə ABŞ səfirliyinin yerləşdiyi küçədə böyük sevinc hissi hakim olduğu halda, sərhəd zonasında fələstinlilərin ciddi etirazı və nümayişi baş verib. Səhər saatlarında iş yerlərini bağlayan yüzlərlə fələstinli açılışa etiraz olaraq sərhədə yönəliblər. Nəticədə İsrail ordusu ilə toqquşma yaşanıb. İsrail hərbçilərinin silahsız fələstinlilərə açdığı atəş nəticəsində 55-ə yaxın adam həlak olub. Yaralıların sayı isə 2500 nəfərə yaxınlaşıb.
Trampdan qandonduran açıqlama: Möhtəşəm gündür!
Qəzza zolağında yüzlərlə fələstinlinin yaralandığı və çoxlu sayda adamın dünyasını dəyişdiyi etiraz aksiyaları davam etdiyi bir vaxtda ABŞ Prezidenti Donald Trampın sözləri bütün dünyada rezonans doğurub. Tvitter səhifəsində səfirliyin Qüdsə köçürülməsi barədə yazan Tramp açılışa görə böyük sevinc yaşadığını bildirib: "ABŞ səfirliyinin Qüdsə köçürülməsinə sevinirəm. İsrail üçün möhtəşəm bir gündür”. Tramp deyib ki, hökumət binalarının, dövlət nazirlərinin yerləşdiyi Qüds suveren bir dövlət olan İsrailin paytaxtı olmaq haqqına sahibdir: "Ancaq illərdir buna izn vermirdilər. Mənim göstərişimlə nəhayət, ABŞ Qüdsü paytaxt olaraq tanıdı. Səfirlik binamızı bu müqəddəs torpaqlarda açdıq. Amerikanın daimi sülhə hesablanmış qərarlılığı davam etməkdədir. Bundan sonra da İsrailin dostu olmağa davam edəcəyik. İsrailə, fələstinlilərə və bütün qonşulara sülh arzu edirik”.
54 ölkə Qüdsdə səfirliyin açılış tədbirində iştirakdan imtina etdi
İsraildə olan 54 ölkənin səfiri Qüdsdə ABŞ səfirliyinin açılış tədbirində iştirakdan imtina edib. Avropa Birliyi ölkələrinin əksəriyyəti dəvəti rədd etsələr də, Avstriya, Macarıstan, Rumıniya və Çex Respublikası tədbirdə iştiraka razılıq verib. Rusiya, Misir, Hindistan, Yaponiya və Meksika isə Qüdsdə ABŞ səfirliyinin açılması ilə əlaqədar keçiriləcək şənliklərə qatılmayıb. Avropa İttifaqına üzv olmayan Albaniya, Makedoniya, Serbiya, Ukrayna və Gürcüstan mərasimdə iştirak etməyə razılıq verib.
Ərdoğandan yəhudilərə: "Qüds sizin olmayacaq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edib: "Qüds İsrailin "paytaxtı” olacaqmış. ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını deyir. Necə tanıyırsa, tanısın. 128 ölkə mövqeyini ortaya qoyub. Şərqi Qüds Fələstinin paytaxtıdır. İsrail hökumətini lənətləyirik, Qəzzada fələstinlilərə qarşı törədilən qətliamın səbəbkarı ABŞ-dır. Bunun səbəbi Amerikanın bütün dünya nizamını heçə sayaraq, "biz istədiyimiz olmalıdır” anlayışı ilə hərəkət etməsidir. Buna "dur” deyilməlidir”.
"Bu, ABŞ-ın etibarına zərər verəcək”
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmə qərarından sonra Qəzzada yaşananlara münasibət bildirib: "ABŞ hüququ tapdayaraq Təl-Əvivdəki səfirliyini Qüdsə köçürdü. Beynəlxalq hüququn əsas prinsiplərini və tarixi həqiqətləri heçə saydı. Bu, ABŞ-ın etibarına zərər verəcək. Avropa Birliyinin bu məsələdə bizimlə eyni düşündüyünü bilirik. Ancaq eyni düşünmək yetməz, bir an öncə addımlar atılmalıdır. ABŞ-ın bu qərarının qarşısını almaq lazımdır. Vaşinqton qərardan sonra bir çox ölkəni təhdid etdi. Hər kəs sussa da, biz susmarıq. Fələstin işinin müdafiəçisi olacağıq”.
FAT: ABŞ Qüdsdə dini münaqişəni alovlandırır
Fələstin Azadlıq Təşkilatının ABŞ-dakı nümayəndə heyətinin sədri Husam Zomlot bildirib ki, ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürməsi dini münaqişəni daha da alovlandıracaq: "Təəssüf ki, ABŞ administrasiyası əsrlər boyu bütün dinlər üçün müqəddəs olan bir şəhərə müstəsna iddiaları olan İsrailin tərəfini saxladı. Səfirliyin köçürülmə prosesi ləyaqətli sülh əvəzinə, dini münaqişəni ilhamlandırır”. Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərq regionunda sülhyaradıcı rolundan imtina edib və Fələstin məsələsi ətrafındakı qeyri-müəyyənliyi gücləndirib.
"Trampın vədlərini yerinə yetirməsi beynəlxalq aləmə baha başa gələcək”
İsrail və Fələstin sərhəddində baş verən prosesləri şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ Prezidenti Donald Tramp prezident seçkisindən əvvəl verdiyi bütün vədləri addım-addım yerinə yetirir. Onun sözlərinə görə, adətən prezident seçilməyənə qədər çox vəd verən olub, ancaq Ağ Evə köçdükdən sonra soyuq başla hərəkət edərək ehtiyatlı qərarlar qəbul ediblər: "Tramp onlardan deyil, dediyini edir. Ancaq onun qorxunc vədlərini yerinə yetirməsi beynəlxalq aləmə baha başa gələcək. Demişdi ki, İranla nüvə anlaşmasından çıxacaq, dediyi kimi də etdi. Daha sonra Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Qəzza bölgəsində ölənlərin sayı kifayət qədər çoxdur, bu say getdikcə artacaq. Amerikanın yaxın tarixində çox səhvləri olub. Ancaq indi etdiklərinin nəticəsi daha ağır olacaq. Buna baxmayaraq, Donald Tramp ölkə daxilində reytinqini artırıb. Deməli, Amerika cəmiyyəti okeanın o tərəfindən bu tərəfinə baxarkən özü üçün təhlükə görmür”.
İsmayıl