“Qanlı Göl”ün ərazisində 2 minə yaxın sosial evlər tikiləcək

Elə kriteriyalar hazırlanmalıdır ki, mənzillər həqiqətən ona ehtiyacı olan insanlara verilsin


Bakıda "Qanlı Göl” adlanan ərazidə yeni istirahət sağlamlıq mərkəzi və çoxmənzilli binalar inşa olunacaq. "Qanlı Göl” ərazisinin, ümumilikdə 219 hektar təşkil etdiyini deyən Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini, Köçürmə üzrə işçi komissiyanın sədri Səməd İslamovun sözlərinə görə, "Qanlı Göl”ün cənub və cənub-qərb hissəsindəki ərazidə hələ 1996-cı ildə məcburi köçkün ailələri məskunlaşıb.

2014-cü ilin sonlarında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar istiqamətində olan ərazidə məskunlaşmış 300-ə yaxın məcburi köçkün ailələrinin köçürülməsi təmin edilib. Bu ailələrin hamısı şəhərin müxtəlif yerlərində rahat şəraitli mənzillərlə tam təmin olunub. Komissiya sədrinin dediyinə görə, "Qanlı Göl” adlanan ərazinin digər, şimal və şimal- qərb hissəsində, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən ərazi isə vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli mənzillərin inşası üçün seçilib. Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin sahəsi 11,6 hektardır.

Salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcəyini vurğulayan S.İslamov qeyd edib ki, şəhərin ekoloji cəhətdən təmiz, sağlam və əlverişli hissəsində yerləşən ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının olması isə onun ekoloji durumunu daha da yaxşılaşdırır: "İnsanların çox vaxt itirmədən iş yerlərinə çatması məqsədilə yeni şəhərciyin nəqliyyat sisteminin paytaxtın mövcud nəqliyyat şəbəkəsi ilə inteqrasiyası təmin ediləcək. Şəhərcikdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün hər cür şəraitin yaradılması, normalara uyğun olaraq həyətlərin, yaşıllıq zolaqlarının, uşaq meydançalarının, vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək üçün məktəb, uşaq bağçası, məişət və xidmət obyektləri, həmçinin digər müvafiq sosial infrastrukturun yaradılması nəzərdə tutulur”.

S.İslamov hesab edir ki, hazırda "Qanlı Göl” adlanan ərazinin şimal və şimal-qərb hissəsində yerləşən 11,6 hektar ərazidə MİDA tərəfindən inşa olunacaq çoxmənzilli binaların tikintisinə heç bir maneə olmadığı üçün orada hər hansı bir yaşayış sahələrinin söküntüsünə ehtiyac yoxdur: "Lakin gələcəkdə növbəti mərhələlərdə layihənin daha geniş ərazidə tətbiqi üçün zərurət yarandıqda bu sahələrin də boşaldılması təmin ediləcək. Ərazidə yerləşən yaşayış evlərinin söküntüsü zamanı uzun illər həmin evlərdə yaşadıqlarını nəzərə alaraq, sənədsiz evlər də daxil olmaqla sahəsinə görə mənzil sahiblərinə dövlət tərəfindən kompensasiyalar ödəniləcək. Ancaq həmin ərazidə yaşayan hər bir vətəndaş bunu bilməlidir ki, təsərrüfat məqsədilə qanunsuz olaraq zəbt olunmuş və çəpərlənmiş torpaq sahələrinə görə heç bir kompensasiya ödənilməyəcək”. (apa)

Qeyd edək ki, MİDA sosial evlərin tikiləcəyi ərazini və mənzillərin sayı ilə bağlı ictimaiyyəti məlumatlandırsa da, bu evlərin kimlərə veriləcəyi ilə bağlı bütün suallar açıq qalıb.

İqtisadçı-ekspert Qalib Toğrul isə "Şərq”ə açıqlamasında qeyd edib ki, "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Prezident Fərmanında Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb ki, "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin: "Nəzərə alsaq ki, fərman apreldə verilib, o vaxtdan artıq 6 ay keçib. Bu qaydalar ya Prezident tərəfindən, ya da Prezidentlə razılaşdırıldıqdan sonra Nazirlər Kabineti tərəfindən təsdiqlənməli idi. Sosial mənzillərlə bağlı ən vacib və məsuliyyətli məsələ onların verilməsi kriteriyalarının hazırlanmasıdır. Elə kriteriyalar hazırlanmalıdır ki, mənzillər həqiqətən ona ehtiyacı olan aztəminatlılara, ev əldə etmək imkanı olmayan gənc ailələrə, sosial baxımdan əhalinin ən müdafiəsiz təbəqələrinə verilsin. Dünya təcrübəsində olduğu kimi uzunmüddətli və çox aşağı aylıq ödəniş müqabilində (təxminən kirayə məbləğinə bərabər) həmin mənzillər əsl sahiblərinə verilməlidir. Bu çox məsuliyyətli məsələ olduğundan çox güman ki, dünya təcrübəsi və yerli xüsusiyyətlər dərindən öyrənilməklə yaxın vaxtlarda mənzillərin verilməsi qaydaları təsdiq olunacaq.

Bu kriteriyaların hazırlanmasından heç də geri qalmayan digər məsələ həmin mənzillərin tikintisini həyata keçirən şirkətlərin seçilməsi prosedurunun şəffaf olması idi. Elə həmin fərmanda Prezident müəyyən edirdi ki, mənzilləri tikəcək podratçılar "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müsabiqə yolu ilə seçilsin. Ancaq bu gün belə bir prosesin gedişi müşahidə olunmur ki, bu da təəssüf doğurur”.

Şəymən