“Ağır tonnajlı maşınların minik avtomobilləri ilə eyni hərəkət zolağını paylaşması doğru deyil”
Qaradağ rayonu ərazisində - Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 1 nəfərin ölümü, 17 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. İlkin məlumatlara görə, "İsuzu” markalı yük maşını 149 saylı sərnişin avtobusunun qarşısına çıxıb və toqquşma nəticəsində sərnişin avtobusu bir neçə dəfə aşıb. Yük maşınının sürücüsünün sükan arxasında yuxuladığı da yayılan məlumatlardan biridir.
Hadisənin səhər saatlarında baş verdiyi nəzərə alınarsa, sürücünün yuxulaması versiyası inandırıcı görünür. Qeyd edək ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2 - yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - maddəsi ilə cinayət işi başlanıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova KİV-ə açıqlamasında təmsil etdiyi qurumun ölkədaxili yükdaşımalarını yerinə yetirən hüquqi şəxslərə və sahibkarlara ciddi xəbərdarlıq etdiyini deyib. Xəbərdarlıq bundan ibarətdir ki, ölkədaxili yükdaşımalarını yerinə yetirənlər balanslarında olan avtonəqliyyat vasitəsini idarə edən sürücülərin müvafiq qaydada reysqabağı tibbi müayinədən keçirilməsində nöqsana yol verən, sürücülərin iş və istirahət vaxtlarının təmininə riayət etməyən hüquqi və fiziki şəxslərlə bağlı müvafiq qaydada ölçü götürüləcək, insan həyatı üçün təhlükə yaradan faktorlar əsas alınaraq şəxslərin daşıyıcı qismində fəaliyyətlərinə həmişəlik xitam veriləcək. N.Allahyarova deyib ki, sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşə hazırlığı ilə əlaqədar təlim-tədris müəssisələrinin fəaliyyəti də təkmilləşdiriləcək.
Qeyd edək ki, hər dəfə belə ağır yol-nəqliyyat qəzaları baş verdikdə sürücülərin peşəkarlığı, yol-hərəkət qaydalarını bilmələri və onlara riayət etmələri, sahibkarların sürücülərin iş və istirahət saatlarına qanuna müvafiq şəkildə əməl etmələrinin vacibliyi gündəmə gəlir, müzakirə mövzusu olur. Lakin yenə də hansısa yol qəzası baş verdikdə ya sürücünün yol-hərəkəti qaydasını kobud şəkildə pozduğu, qarşıdan gələn avtonəqliyyat vasitəsinin qarşısına keçdiyi, ötmə qaydalarına riayət etmədiyi, ya da sükan arxasında yuxulu və yorğun olması səbəbindən qəzanın qaçılmaz hala gəldiyi bilinir.
Qısa bir misal çəkim; srağagün axşamüstü işdən evə gedərkən 50 saylı marşrutda sərnişinlərin sürücü ilə kiçik bir mübahisəsinin şahidi oldum. Avtobusun dayanacaqda çox (bəlkə də istinin təsirindən dəqiqələr sərnişinlərə ağır gəlirdi - red.) dayanmasından gileylənən sərnişinlər sürücüdən avtobusu sürməsini istədilər, sürücü isə "vaxtla işləyirəm. Hələ 1 dəqiqəm var... 3 dəqiqə günün altında dözə bilmirsiz, 18 saat "rulun” arxasındayam...” dedi. Həqiqətən də, bu qızmar yay günlərində 18 saat - səhər saat 6-dan gecə 12-dək sükan arxasında əyləşən sürücünün halına yazıq!.. 18 saat fasiləsiz avtobus idarə edən sürücü yuxulayar da, əsəbi də olar, başı da ağrıyar, gözünə tor gələr, yolu da azar, avtobusu başı aşağı yuvarlayar da. Bəs sürücüləri belə məşəqqətli əməyə məcbur edən nədir və ya kimlərdir?

Deyilənə görə, yük avtomobillərində sürücü işləyənlərin işi lap ağırdır. Gecə saatlarında yollarda nisbətən boşluq olur deyə, yük maşınları məhz gecə saatlarında reysə daha çox çıxır. Əmək haqqı artıq olsun deyə, gecə boyunca bir neçə reys gedib-gəlməyə çalışırlar. Dincəlmədən, normal yuxu yatmadan fasiləsiz işləyirlər. Buna şərait yaradan, reysin tez və artıq sayda başa vurulmasını istəyən də sahibkarlardır. Nəticə isə bəzən çox ağır olur. Yorğun sürücü sükan arxasında yuxulayır, diqqəti itirir və qəza vəziyyəti yaranır.
Hadisə barədə fikirlərini "Şərq”lə bölüşən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov sürücülərin çox zaman hərəkət qaydalarını pozduğunu və bunun da ağır nəticələrə səbəb olduğunu dedi:

- Sürücü var ki, yol-hərəkəti qaydalarını bilmir, bilmədiyi üçün də qəzalara şərait yaradır. Sürücü də var ki, qaydaları bilir, amma onları bilə-bilə pozur. Bu da təbii ki, ağır faciələrə gətirib çıxarır. Biz bir nəfərin ölümü və bir neçə nəfərin, o cümlədən də uşaqların xəsarət alması ilə nəticələnmiş həmin yol qəzasının konkret hansı səbəblərdən baş verdiyini hələ bilmirik. Bunu istintaq müəyyən edəcək. İlkin məlumat bundan ibarətdir ki, yük avtomobili avtobusun hərəkət yoluna keçib və toqquşma baş verib. Bir məsələ aydındır ki, bir çox hallarda avtomobillər naşı sürücülərə həvalə edilir. Görün, istər paytaxtda, istərsə də regionlarda nə qədər yol-nəqliyyat qəzaları baş verir. Sayı-hesabı yoxdur. İctimai nəqliyyatda da savadsız, yol-hərəkəti qaydalarını bilməyən, ümumiyyətlə, özünü apara bilməyən, davranış qaydalarından xəbərsiz sürücülər var. Dəfələrlə sürücülərə xəbərdarlıq edilir ki, ötmə qaydalarına əməl etsinlər, sürət həddini aşmasınlar. Diqqətli olsunlar. Amma nə fayda?! Xüsusilə də ictimai nəqliyyatda çalışanlar diqqətli olmalıdır və bir məsuliyyət hissi daşımalıdırlar ki, axı biz insan aparırıq. Sükan arxasına keçən insan professional olmalıdır. Amma bəzən baxırsan ki, 19-20 yaşlı gənclər əyləşib sükan arxasında. Cavan sürücünün təcrübəsi çox ola bilməz. İctimai nəqliyyatın idarəedilməsi mütləq təcrübəli, peşəkar sürücülərə həvalə edilməlidir. Ə.Hüseynov ağır tonnajlı avtomobillərlə minik avtomobillərinin eyni hərəkət zolağını paylaşmasının qətiyyən doğru olmadığını dedi:
- Biz bu problemləri dəfələrlə qaldırmışıq. Bildirmişik ki, ağır tonnajlı maşınlar, yüklə dolu "tırlar”ın minik avtomobilləri ilə eyni hərəkət zolağını paylaşması qətiyyən düzgün deyil və bu, bir çox qəzaların baş verməsinə səbəb olur. Çünki minik avtomobili təyin olunmuş sürətlə hərəkət edir, yük və digər ağır tonnajlı maşınlar isə yavaş hərəkət etmək məcburiyyətindədirlər. Betonqarışdıran maşınla minik avtomobilinin sürəti eyni ola bilməz. Minik avtomobili təyin olunmuş sürətə uyğun hərəkət edir, qarşısına ağır maşın çıxanda isə idarəetməni itirir. Əlbəttə, burada sürücünün peşəkarlığı və məsuliyyəti məsələsi də var. Xüsusilə də sərnişindaşımada fəaliyyətdə olan sürücülərin. Sərnişin daşıyan sürücü xüsusilə ehtiyatlı olmalıdır. Riskli ötmə əməliyyatlarına getməməlidir. Biz də, yol polisi də daim sürücülərə xəbərdarlıq edirik ki, ara məsafəni gözləsinlər. Eyni hərəkət zolağında olan iki avtomobilin ara məsafəsi azı 5 metr olmalıdır. Bunu elə-belə, söz xətrinə demirlər. Ara məsafəsi nə qədər çox olarsa, qəza ehtimalı da bir o qədər az olacaq. Yük maşınları da, şəhərlərarası sürücülər də bir gün ərzində iki reys həyata keçirməyə can atırlar ki, pul qazansınlar. Yorğun sürücü üçün yola çıxmaq potensial ölümdür. Bizim bəzi sürücülərsə tələsirlər ki, Bakıya çatıb təkrar avtobusu doldurub bir də rayona qayıtsınlar, eləcə də yük daşıyıcılar səy edir ki, yükünü boşaldıb bir də təkrar yüklənsin. Əslində isə buna icazə verilməməlidir. Çünki o sürücü artıq yorğundur.
Yol infrastrukturunun düzgün qurulmaması probleminə toxunan ekspert bir çox qəzaların məhz buna görə baş verdiyini də bildirdi:
- Təsəvvürə gətirmək belə dəhşətlidir ki, avtobusdan enən sərnişin "başı üzərində” betonqarışdıran və ya daş dolu "KAMaz” görür. Bu maşınlar günün günorta çağı şəhər yollarında nə gəzir? Nə qədər deyilirsə də ki, ağır tonnajlı maşınları gündüz saatlarında şəhərə girişi qadağan olunacaq, ortada bir nəticə, bir dəyişiklik yoxdur. Yollarda tıxacların yaranmasının da, qəzaların baş verməsinin də əsas səbəblərindən biri budur. Ümumiyyətlə, qəzalar baş verdikdə biz təcili müdaxilələrin şahidi olmuruq. Qəzaya uğramış avtomobillər xeyli müddət yolda qalır. Bu da tıxacların yaranmasına gətirib çıxarır. Bəs evakuasiya xidməti nə üçündür? Evakuasiya xidməti qəzanın baş verdiyi yerə hamıdan tez yetişib lazımi fotoları çəkdikdən sonra avtomobili yolun qeyri-hərəkət hissəsinə keçirməlidir ki, yol açıq olsun. Yol polisi üçün də, təcili yardım üçün də yol açılsın. Amma biz bunu görmürük. Qəzaya uğramış maşınlar da, onların sürücüləri də, zərərçəkmişlər də saatlarla yolun hərəkət istiqamətini zəbt edib yol polisinin gəlməsini gözləyirlər. Bütün bu problemlər təcili həllini tapmalıdır. Həmçinin yükdaşımada və sərnişindaşımada işə cəlb olunan sürücülərin kvalifikasiyasına da ciddi önəm verilməli, təcrübəsiz, uyğunsuz kateqoriyalı sürücülərə yükdaşıma və sərnişindaşıma həvalə edilməməlidir. Sahibkarlara, şirkətlərə də ciddi nəzarət olunmalıdır ki, işçini istirahətsiz, fasiləsiz işlətməsinlər. Sükan arxasında yorğun sürücü potensial təhlükədir.
Məlahət Rzayeva