Qanun vətəndaşların xeyrinədir

Əhaliyə psixoloji xidməti yalnız peşəkarlar göstərməlidir



Milli Məclis tərəfindən "Psixoloji yardım haqqında” qanun layihəsi qəbul edilib.
6 fəsil, 22 maddədən ibarət qanun layihəsi Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Layihə ilə bağlı Azərbaycanda ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyası müəyyənləşib.

Qanunun 21-ci maddəsinə əsasən, psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xidmətlə təmin edilməsinə və psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına köməklik göstərilməsi və psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Psixoloqlar Şurası yaradılır.

Yeni qəbul edilən qanun layihəsinə münasibət bildirən psixoloq- konsultant Arzu Müzəffərovanın "Şərq”ə açıqlamasına görə, psixologiya ilə maraqlanmaq və "mən psixoloqam” demək heç də asan deyil. Psixoloji terminlər, teorilerle, terapiyalar, seanslar və s. psixologiyada tam fərqli yanaşma tələb edir. Sözügedən qanun layihəsinin hazırlanaraq qəbul edilməsini təqdirəlayiq hal hesab edən psixoloq deyib ki, bu qanunun əhaliyə psixoloji yardım göstərilməsi sahəsində çox böyük rolu olacaq: 

"Bəli, çox insan var ki, psixologiya nədir bilmir. Təlim başqadır, pasiyentə psixoloji kömək bambaşqadır. Bunu praktikası olan peşəkar psixoloqlar çox gözəl bilirlər. Həqiqətən insanlara psixoloji yardım lazımdır. 

"Psixoloji yardım haqqında" qanun layihəsində ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyasının müəyyənləşdirilməsi də gözəl düşünülüb. 

Öz işini bilən, peşəkar psixoloqlar bunun nə demək olduğunu anlayar. Çünki bu cür qərarı mən öz fəaliyyətimdə də həyata keçirirəm. Həmkarlarıma da uğur diləyirəm. Əhaliyə psixoloji xidmətin yalnız peşəkarlar tərəfindən göstərilməsini də son dərəcə vacib hesab edirəm”.

Şəymən