Qarabağ açıqlaması...

Rusiyanın yeni səfiri sələflərindən fərqlənir
"Bu da onu göstərir ki, Kremlin Cənubi Qafqazla bağlı siyasətində bir qədər dəyişikliklər müşahidə olunmaqdadır..."


Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov bir sıra açıqlamalar səsləndirib. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışan səfir bəyan edib ki, danışıqlar prosesində münaqişə tərəflərini bir-biri ilə tanış etmək üçün müəyyən hərəkətlilik müşahidə edilir. Boçarnikovun sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağla bağlı rəsmi mövqeyi məlumdur:

"Moskvanın məqsədi münaqişəli tərəflərə anlaşmaya nail olmaq üçün dəstək verməkdir”. Diplomat vurğulayıb ki, Rusiya bu məsələyə həmsədrlərdən biri kimi ATƏT-in Minsk Qrupunun prizmasından yanaşır: "Mən ictimaiyyətin müəyyən hərəkətini görürəm. Elə QHT-lər var ki, bu istiqamətdə öz fəaliyyətlərini həyata keçirirlər. Qeyd etmək istəyirəm ki, ölkələrimizin dini liderlərinin müraciətləri də münaqişənin həllinə öz töhfəsini verməkdədir”.

Səfirin mesaj xarakterli açıqlamalarını "Şərq”ə şərh edən siyasi elmlər namizədi Zaur Məmmədov bildirib ki, Rusiyanın yeni təyin olunmuş səfiri Boçarnikovun dedikləri ilə sələflərinin sözləri arasında bir qədər fərq var. Bu da onu göstərir ki, yeni yaranmış geosiyasi şəraitdə Kremlin Cənubi Qafqazla bağlı siyasətində bir qədər dəyişikliklər müşahidə olunmaqdadır: 

"Kifayət qədər maraqlı məqamdır. İndiyə qədər bu kimi bəyanatlar səsləndirilmirdisə, indi Rusiya səfirinin dilindən Azərbaycan və Ermənistan arasındakı "xalq diplomatiyası” alqışlanır. Bilirsiniz ki, son zamanlar xalq diplomatiyası istiqamətində Bakının uğurlu gedişləri oldu. Ermənistanın bir sıra QHT nümayəndələri münaqişədə İrəvanın özünü günahlandırdılar. Tez-tez bəzi erməni ictimai-siyasi nümayəndələri ölkələrinin aqressor və işğalçı olduqlarını bəyan edirlər. Lakin təəssüflər olsun ki, münaqişənin nizamlanmasında siyasi rəhbərlikdən çox şey asılıdır. Yaxşı olardı ki, Ermənistanın yeni rəhbərliyi bu siyasətin ilk olaraq Ermənistanın özünə ziyan verdiyini anlasın”. 

Analitikə görə, münaqişənin nizamlanmasında Bakının haqlı tələbləri hamıya məlumdur. Əgər Paşinyan doğrudan da münaqişənin həll edilməsini istəyirsə, beynəlxalq hüququn prinsiplərinə əməl etməlidir: 

"Əks təqdirdə Bakı digər variantlardan istifadə edərək işğal altındakı torpaqların geri qaytarılması ilə məşğul olacaq. Təbii ki, regionda yaranmış yeni geosiyasi şəraitdə Moskvanın da Cənubi Qafqaza olan baxış bucağı dəyişməkdədir. Azərbaycan geosiyasi və iqtisadi planda Rusiya ilə eyni maraqları bölüşür. Bakı Cənubi Qafqazda sabitlik istəyir. Bir zamanlar buna qarşı olan Rusiya indi regiondakı gerçəkliyin dəyişməsindən nəticə çıxararaq, münaqişənin həlli istiqamətində ermənilərə qarşı təzyiq rıcaqlarından istifadə etməlidir. Bu yaxınlarda Bakının müxtəlif kuluarlarından ölkənin KTMT-yə daxil olmasının istisna edilməməsinin dilə gətirilməsi də Moskvaya bir mesajdır. Yəni, ərazi bütövlüyümüzün bərpası müqabilində KTMT və Avrasiya İttifaqına daxil oluruq. Niyə də yox?”. Z.Məmmədov əlavə edib ki, dünyanın istənilən ölkəsindən münaqişənin həllində doğru və ədalətli mövqe tutmağı, işğalçıya təzyiq edilməsini istəyirik: "Əgər Qərb və ya Rusiya münaqişənin nizamlanmasında beynəlxalq hüququ, qəbul edilmiş qətnamələri əsas tutaraq bunu rəsmi şəkildə bəyan edərlərsə, xarici siyasətdə müxtəlif istiqamətlərə doğru müəyyən gedişlər edə bilərik”.

"Rusiyanın Azərbaycandakı nümayəndələri, səfirləri dəyişsə də, şimal qonşumuzun Azərbaycana münasibətində fərqlilik yoxdur”. Bunu isə "Sherg.az”a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu söyləyib. O qeyd edib ki, problemin həlli barədə açıqlamaları, Rusiyanın buna dəstək olacağı və danışıqlarda hərəkətlilik olması barədə açıqlamalar yeni səfirin siyasi gedişidir: 

"Adətən təyin olunan hər yeni səfir ilk mətbuat konfranslarında bu cür açıqlamalar səsləndirir. Rusiya rəsmiləri bir növ Azərbaycan xalqını ovutmaq, münaqişəni unutdurmaq istəyirlər. Rəsmi Moskva münaqişənin arxasında durmadığını göstərməyə çalışır. Əslində Dağlıq Qarabağ problemi Rusiya yaradıb, 100 illərlə davam edəcək məsələdir. Münaqişənin həlli istiqamətində gözləntilər fərqlidir. Azərbaycan təmsilçilərinin Rusiya səfəri, ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olması kimi məsələlər gündəmdədir. Bu isə Azərbaycan üçün uğurlu heç nə vəd etmir. Azərbaycanın bu təşkilata üzvlüyü MDB məsələsi kimi olmamalıdır, konkret nəticə əldə etmək vacibdir. Ümumilikdə isə, qeyd etdiyim kimi Rusiyanın Azərbaycanla bağlı siyasətində dəyişiklik edəcəyini düşünmürəm”.

İsmayıl