Qarabağ danışıqlarında aktivlik yaranıb

Putinin Sarkisyanı Soçiyə çağırmasında bir neçə məqam var



Məlumdur ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 23-də Soçidə erməni həmkarı Serj Sarkisyanla görüş keçirib. Görüşdə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunub. Görüş zamanı Rusiyanın Ermənistan qarşısında konkret fəaliyyət proqramı şərti qoyması haqqında iddialar var.

Ekspertlərə görə, Putin Rusiya-Ermənistan münasibətlərini həm təftiş, həm problemlərin aradan qaldırılması, həm də perspektivdə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıb. Bildirilir ki, Moskva regionda əlavə gərginliyin yaranmasının tərəfdarı deyil. Bu kontekstdə Rusiyanın Ermənistana müəyyən "tövsiyələri” var. Yəni, Kreml istəyir ki, İrəvan hadisələri gərginləşdirməsin və beynəlxalq qurumların tələbləri çərçivəsində addımlar atsın. Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov isə deyib ki, Ermənistan rəhbərliyi Avropa İttifaqı, NATO, ümumilikdə Qərb koalisiyası ilə yaxınlaşmaq kimi intriqa yolundan istifadə etməklə Rusiyaya təzyiq göstərməyə cəhd edir. 

Onun fikrincə, Sarkisyan bu addımı atmaqla bir neçə məsələni həll etməyə çalışır: 

"Məqsəd Moskvanın İrəvana təzyiq göstərməməsi, Ermənistanı münaqişənin nizamlanması üzrə ciddi və məzmunlu danışıqlar masasına qayıtmağa məcbur etməməsi üçün Rusiyaya təsir göstərməkdir. Məlumdur ki, Ermənistan rəhbərliyi ümumi danışıqların yox, məzmunlu danışıqların əleyhinədir və sadəcə danışıqlar xatirinə görüşlərdə iştirak etmək istəyir. Əslində isə erməni tərəfi münaqişənin həllində irəliləyiş arzulamır”.

Putin-Sarkisyan görüşü ətrafında cərəyan edən prosesləri "Şərq”ə şərh edən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, Ermənistanın Rusiyaya deyil, tam əksinə, Moskvanın İrəvana təsir imkanları böyükdür. Çünki Ermənistan Rusiyanın əyalətidir: 

"Düşmən ölkə Rusiyadan bir çox məqamlara görə tam asılıdır. Hamı bu reallığı çox aydın dərk edir. Putinin Sarkisyanı Soçiyə çağırmasında bir neçə məqam var. Məlumdur ki, Ermənistanın Avropa İttifaqı ilə assosiativ üzvlük barədə müqavilə imzalaması məsələsi gündəmdədir. Görünür, Rusiya öz vassalına xəbərdarlıq etmək və təzyiq göstərmək məqsədi ilə Sarkisyanı Soçiyə çağırıb. Putin erməni həmkarını başa salıb ki, "əgər müttəfiqsənsə, bizdən asılısansa, onda öz yerini bil”. 

Ekspert bəyan edib ki, bu ilin sentyabr ayında ABŞ-ın Nyu-York şəhərində Azərbaycan və Ermənistanın dövlət başçılarının görüşü planlaşdırılıb. Hətta Minsk Qrupunun həmsədrləri bəyan ediblər ki, artıq görüşün predmeti ilə bağlı bir sıra şərtlər və maddələr hazırlanıb. 

Düzdür, indidən dəqiq nəsə demək çətindir. Lakin ola bilər, maddələr arasında Ermənistanı qane etməyən, narazı salan məqamlar var. Putin erməni həmkarına izah edəcək ki, müəyyən sazişlərə imza atmağın vaxtıdır. İlk növbədə isə işğal olunmuş torpaqlarla bağlı konkret iş görülməli, İrəvan tərəfindən müəyyən güzəştlərə gedilməlidir. Əlbəttə, bunlar sadəcə ehtimallardır. Hər halda hiss olunur ki, münaqişə ətrafında canlanma var.

 ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubda ölkəmizin maraqlarını müdafiə etməsi və daha sonra Soçidə baş verən görüşlər fonunda müsbət iddialar sürmək mümkündür. Ümumiyyətlə isə baş verən bütün irəliləyişlər Azərbaycan hökumətinin hücumedici-diplomatik addımların nəticəsidir”.

İsmayıl