“Qarabağ mitinqi” möhtəşəm olmalıdır

Azər Rəşidoğlu: "Təşkilatçılar qapı-qapı gəzməli idilər"
Elxan Şahinoğlu: "Bu, müxalifət mitinqi deyil"


Qüdrət Həsənquliyev: "Daha 25 il də mənasız danışıqlara vaxt sərf etməyəcəyik"




Bakı Şəhər İcra Hakimiyyəti bir qrup siyasi partiya və ictimai təşkilat nümayəndəsinin 29 sentyabrda "Qarabağ mitinqi” keçirmək barədə müraciətinə müsbət cavab verib.
Təşkilatçıların bəyanatına görə, mitinq siyasi müxalifətin aksiyası deyil və hakimiyyətə münasibətlə əlaqədar siyasi şüarlar, tələblər qoyulmur və səsləndirilməyəcək. 29 sentyabr "Qarabağ mitinqi” ideyası Azərbaycan ictimaiyyətinin ölkə daxilində, habelə xaricdə yaşayan ən geniş təbəqələri tərəfindən müdafiə olunur və mitinqdə iştirak edəcəkləri barədə minlərlə insanın çağırışları KİV- də, sosial şəbəkələrdə, əhali arasındakı canlı müzakirələrdə səslənib.

Qeyd edək ki, mitinq 2018-ci il sentyabrın 29-da saat 15:00-dan 17:00-dək Yasamal rayonu ərazisində,”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda keçiriləcək.
Qarabağa azadlıq mitinqində "Qarabağa azadlıq!”, "Qarabağ bizimdir, bizim olacaq!”, "Ya Qarabağ, ya ölüm!”, "Qarabağ təcili azad edilməlidir!”, "Erməni murdarları torpaqlarımızdan dərhal rədd olub getməlidirlər!”.

Qarabağa azadlıq tələbinin "Məhsul" stadionunda keçirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Narazı kəsimin fikrincə, Qarabağ mitinqinin yeri "Məhsul” stadionu yox, Azadlıq meydanıdır. Mitinq ən azı yüz min nəfərlik olmalıdır! Əks halda, 3-5 minlik mitinq Azərbaycanın əleyhinə işləyəcək!

Politoloq Azər Rəşidoğlu ilk gündən Qarabağ mitinqi təklifini alqışladığını deyib. Onun fikrincə, biz xüsusən də, Paşinyanın hərbi ritorikası fonunda birlik nümayiş etdirib, kütləvi aksiya keçirtməliyik: 

"Lakin bu mitinqi tələm-tələsik keçirdib, dünyanın gözündə zəif görünə bilmərik. Yüz minlərin iştirakı üçün bütün siyasi qüvvələrlə danışıq aparmaq vacibdi. Təşkilatçılar böyük missiya götürüblər və buna görə də daha ciddi hazırlaşmalıdırlar. İqtidar, müxalifət, solçu, sağçı hər kəs mitinqə dəvət edilməlidi. Bu məsələ ilə bağlı azsaylı mitinq keçirtmək olmaz. Hakimiyyət və müxalifət bu məsələdə yekdillik nümayiş etdirməlidir.

 Qarabağ mitinqi kimlərinsə siyasətdə revanş götürməsinə hesablana bilməz. Hiss olunan budur ki, təbliğat işləri zəif aparılıb. Bu mitinqə hər kəs dəvət edilməli, təşkilatçılar qapı-qapı gəzməli idilər. Dünyaya sübut etməliyik ki, Qarabağı unutmamışıq. Hakimiyyət bu aksiyaya qoşulmalı, telekanlllar birbaşa efir imkanı verməlidirlər. 

Öncədən razılaşmaq lazımdır ki, mitinqdə ölkədaxili problemlər qaldıırılmayacaq və hər kəs ancaq bir şüar ilə çıxış edəcək – ya Qarabağ, ya ölüm! Zəif mitinqlə erməniləri özümüzə güldürə bilərik. Bunu anlamaq lazımdır. Qarabağ mövzusu heç kəsin inhisarında ola bilməz və bu baxımdan, tələbələr, gənclərlə daha fəal iş aparılmalıdır...”

"Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlu da hakimiyyətin Qarabağ mitinqinə icazə verməsini müsbət addım kimi dəyərləndirib: 

"Bəziləri yazır ki, "bu mitinq nəyə lazımdır, onsuz da insanlarımız bu məsələdə yekdildir” və ya "icazəli mitinqə az adam qatılsa, bu, Qarabağ uğrunda mücadiləmizə zərər vuracaq” və s. Əlbəttə, hər iki yanaşmanın məntiqdən kənar olduğunu iddia etmirəm. Ancaq mitinqin də əleyhinə deyiləm. Nəsə hərəkət olmalıdır, tribunalardan Qarabağ sədaları eşidilməli, bunun davamı gəlməli, müzakirələr qapalı məkanlarda genişlənməlidir və bütün bunlar internetdə və sosial şəbəkələrdə yayımlanmalıdır.

Mitinqə az vətəndaş qatıla bilər, halbuki bu, müxalifət mitinqi deyil və söhbət ümumxalq və ümumdövlət məsələsindən getdiyindən maneə yaradılmamalıdır, kimsə hədələnməməlidir. Ancaq iştirakçılar az olacaq deyə Qarabağla bağlı mitinqdən imtinanın da doğru olduğunu düşünmürəm. İndi 1988-ci il deyil ki, təkcə Topxana meşəsində kəsilən ağaclara görə yüzminlərin meydanı dolduracağına ümidlə yaşayaq. Reallıq dəyişib və bununla hesablaşmaq lazımdır. Buna baxmayaraq, 100 və ya 1000 nəfər meydanda "Qarabağ” qışqıracaqsa, bu da bir hərəkətdir, kiçik addımdır, mesajdır, mövqedir. Məşhur Amerika filmində deyildiyi kimi, "mən heç olmazsa cəhd etdim...”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də "Qarabağ mitinqi”nə münasibətini açıqlayıb.

Millət vəkili həm mitinq təşəbbüsünə, həm də mitinqə icazə verilməsinə müsbət yanaşdığını bildirib: "Hökumət də, cəmiyyətin fəal siyasi hissəsi də qəti qərarların qəbul olunmasının vaxtının çatdığının fərqindədirlər. Biz dünya birliyinə, o cümlədən Ermənistana göstərməliyik ki, artıq səbrimiz tükənib və daha 25 il də mənasız danışıqlara vaxt sərf etməyəcəyik. Bunu etməyimiz üçün isə xalq mitinqə gəlməlidir. Əgər xalqımız kənar seyrçi mövqə tutsa, bu mitinqin ziyanı xeyrindən daha çox olacaq”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə Qarabağ mitinqi”nə icazə verilməsi barədə müraciət məktubunda mitinq iştirakçılarının sayının 10 min nəfər göstərilməsinin təxmini rəqəm olduğunu deyib. Onun sözlərinə görə, mitinq iştirakçılarının sayı bu rəqəmdən az və ya çox ola bilər: 

"Biz bütün istiqamətlərdə təbliğat işlərimizi davam etdiririk. Bakıda, rayonlarda geniş təbliğat həyata keçirilir. İndiyə qədər bir çox qruplar fərdi şəkildə toplaşıb, bizə müraciət ediblər ki, mitinqdə iştirak edək. Hesab edirəm ki, izdihamlı mitinq olacaq. Mitinq iştirakçılarının sayına diqqəti yönəltmək zərərlidir. Əsas məsələ, münaqişənin həllinin vacibliyinə diqqət çəkmək və bu məsələdə iqtidar, müxalifət birliyinin nümayiş etdirilməsinə nail olmaqdır. Hakimiyyətin mitinqə icazə verməsi, hakimiyyətyönümlü, digər müxalif partiyaların mitinqin əleyhinə olmaması, əks-təbliğat aparılmaması müsbət nəticədir”.

Beynəlxalq təşkilatların da diqqətinin mitinqə cəmləndiyini xatırladan Akif Nağının sözlərinə görə, onlar da müşahidələr aparır, cəmiyyətdəki əhval-ruhiyyə haqqında rəy hazırlayırlar:

 "Bütün cəmiyyət mitinqi dəstəklədi, beynəlxalq qurumlar da bunu görür. Bu gün təşkilatların Azərbaycandakı nümayəndəliklərinə müraciət edəcək, onların müşahidəçi qismində iştirakına çalışacağıq.
Uzun müddətdir, belə mitinq keçirilmir, ola bilər, insanlar arasında bir qədər ətalət formalaşsın. İstənilən halda "Qarabağ mitinqi” ciddi oyanış, müsbət addımdır.

Xarici ölkələrdə yaşayan həmvətənlərimiz də bu istiqamətdə addım atırlar. Azərbaycanlılar yaşadıqları ölkədə mitinqlər keçirərək, o ölkələrin hakimiyyətinə təsir etməyə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində irəliləyişə nail olmağa can atırlar”.

Şəymən