"Qarabağ mitinqinin Qarabağa aidiyyəti olmayıb" - Şərh





"Qarabağ mitinqi siyasi oyunlar mərkəzi olub”

Bunu "Sherg.az”a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Qarabağ məsələsi xalqımız üçün həssas, eyni zamanda ümummilli məsələdir:

"İşğal olunmuş ərazilərin qaytarılması istiqamətində beynəlxalq birliyin ikili standartları bizim ərazilərimizə qayıtmağımızın qarşısında duran əsas əngəllərdən biridir. Xalq olaraq çalşırıq ki, torpaqlarımız tezliklə işğaldan azad olunsun. Azərbaycan xalqı daima Qarabağ məsələsində bütövlük və yekdil mövqe ortaya qoyub.

 Qarabağ məsələsindən bu cür siyasi oyunların keçirilməsi xalqda ümidsizlik yaradır. Ölkədə bir qrup siyasi cəhətdən tükənmiş şəxslərin Qarabağ məsələsindən istifadə edərək, yenidən siyasi səhnəyə can atması qəbuledilməz hal kimi xəyal qırıqlığı yaradır. Vətəndaşların belə bir ümummilli mitinqlərə qarşı inamsızlığına səbəb olur”.

Analitik bəyan edib ki, keçirilən Qarabağ mitinqində siyasi şüarların səslənməsi, bu mitinqin artıq Qarabağa aid olmadığının göstəricisidir:

 "Belə mitinqlərdən köhnə və etimadını itirmiş siyasiləri uzaqlaşdırmaq lazımdır. Çünki, bu mitinqdə elə şəxslərə tribunada yer verilir ki, irəli sürülən şüarlar artıq mahiyyətindən kənara çıxır. Hesab edirəm ki, keçirilməsi nəzərdə tutulan növbəti belə mitinqlər heç də uğurlu olmayacaq. Birinci mitinq bütün kartları ortaya qoydu. Qarabağ mitinqi siyasi oyunlar üçün deyil”.

İsmayıl