Krakovdan da “kreativ” sözü yadda qalacaq
Qarabağ mövzusu masadan masaya dolaşır
Ermənistan tərəfi vaxt udur, Qarabağın həllində maraqlı deyil
Krakovdan da “kreativ” sözü yadda qalacaq
Krakovdan da “kreativ” sözü yadda qalacaq
"Polşanın Krakov görüşündə həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb”. Bunu görüşün nəticələri barədə məlumat verən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bəyan edib ki, danışıqlar 6 saata yaxın davam edib: "İlk əvvəl mən Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kasprşik ilə görüşdüm.
Sonra nümayəndələrin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla bir araya gəldik. Bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təkbətək görüşlər oldu. Daha sonra isə görüşə həmsədrlər də qatıldı”. Məmmədyarovun sözlərinə görə, görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb: "Bu ideyalar əsasında müzakirələr davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.
ATƏT-dən görüş barədə bəyanat: "Müvafiq konseptual sənədlə razılaşıblar”
ATƏT Polşanın Krakov şəhərində nazirlər arasında keçirilmiş görüş barədə bəyanat yayıb. Bəyanatda bildirilir ki, xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi üçün nəzərdə tutulan müvafiq konseptual sənədlə razılaşıblar. Görüşlər zamanı tərəflər və həmsədrlər cədvəl üzrə hazırlanan iş təkliflərindəki həssas məsələlər barədə də fikir mübadiləsi aparıblar. Həmsədrlər danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar və təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd ediblər. Müsbət tendensiyanı alqışlayan həmsədrlər fevral ayının əvvəlində bölgəyə səfər edəcəklərini deyiblər.
"Qoşunların qarşıdurma xəttində genişmiqyaslı əməliyyatlar alovlana bilər”
Minsk Qrupunun keçmiş amerikalı həmsədri, Kentukki Universitetinin diplomatiya və münaqişələrin nizamlanması üzrə professor Kerri Kavano cəbhə xəttində insidentlərin davam etdiyini, genişmiqyaslı hərbi əməliyyatların hər an başlaya biləcəyini deyib. Ekspertin sözlərinə görə, tərəflər Vyana və Sankt-Peterburq görüşlərində razılaşdıqları etimadın möhkəmləndirilməsi mexanizmlərini işə salmalıdırlar: "İnsidentlərin araşdırılması mexanizmi əvvəlki kimi mürəkkəbdir. Lakin müşahidəçilərin sayının 6 nəfərdən 13 nəfərədək artırılması mümkündür”. Kavano Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri səviyyəsində dialoqun bərpa olunması faktını müsbət qiymətləndirsə də, tərəflərin hansısa irəliləyişə nail olmadığını bildirib.
"Erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur”
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, xarici işlər nazirlərinin təkbətək görüşündən sonra həmsədrlərin onlara qoşulması köhnə taktikadır. Onun sözlərinə görə, həmsədrlər əvvəlcə tərəfləri baş-başa buraxır, onlar ürəklərini boşaltdıqdan sonra isə özləri danışıqlara qatılırlar: "Elmar Məmmədyarov görüşdən sonra maraqlı açıqlama verib. Nazir deyib ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.
Gəlin indi baş sındıraq ki, 25 ildə hər detalın öyrənildiyi və müzakirə edildiyi danışıqlarda hansı boşluq qalıb ki, yeni və maraqlı təklif üçün də yer qalsın. Əslində Məmmədyarovdan fərqli olaraq Ermənistanın xarici işlər nazirindən həmsədrlərin "kreativ” təklifləri barədə açıqlama gəlmədi. Tam əksinə, görüşdən əvvəl Ermənistan XİN-in mətbuat katibi Azərbaycan əleyhinə sözlər sərf etdi. Bakını danışıqları pozmaqda suçladı. Bəlkə də həmsədrlər nəsə "kreativ” təklif irəli sürüblər, ancaq məsələ ondadır ki, erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur”.
"Ermənilər bu prosesin uzunmüddətli olduğunu anlayır”
Millət vəkili Zahid Oruc bildirib ki, həmsədrlərin Krakov danışıqları iki hissədən ibarət olub: "Birinci, erməni tərəfi xeyli müddətdir çalışır ki, Vyana və Sankt-Peterburqdakı ümumi söhbətlər hansısa bir qərar halına gəlsin və Azərbaycanın üzərinə öhdəlik kimi qoyulsun. Söhbət ilk növbədə Azərbaycanın atəş açmama və ya müharibə hüququnun olmamasına dair öhdəlikdən gedir. Halbuki, bu, qeyri-real məsələdir və dövlət olaraq heç vaxt belə bir məsələdə razılaşmağımızı gözləmək mümkün deyil. İkinci məsələ bölgədə Kasprşikin müşahidə missiyasının genişlənməsi ilə bağlıdır”. "Həmsədrlərin kreativ ideyaları nə ola bilər” sualına isə Z.Oruc belə cavab verib: "Krakovda kreativ yanaşmalar ondan ibarət ola bilər ki, Azərbaycan tərəfi ermənilərin bu mövqedən bir qədər geri addım atdığını müşahidə edir. Ermənilər bu prosesin uzunmüddətli olduğunu anlayır. Sarkisyan rejimi başa düşür ki, söhbət yenə mərhələli həll planına qayıdacaq. Ona görə də Sarkisyanın son sözlərindən biri bu anlama gəlirdi ki, deyəcəyi söz ağır olacaq”. Millət vəkili qeyd edib ki, 2018-ci ildə həmsədrlər prezidentləri görüşdürə bilərlər. Çünki Qarabağ münaqişəsinin qaynar fazaya keçməsi hələlik nə Rusiyaya, nə ABŞ-a, nə də Avropa dairələrinə lazımdır.
"Sülhyaratma prosesinin hərəkətə gəlməsi üçün şərait var”
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Krakov görüşü mülayim atmosferdə keçib: "Görüşdə status-kvonu dəyişdirməyə can atmaq meyli müşahidə olunub. Fikrimcə, nazir Elmar Məmmədyarov kreativ ideyalar dedikdə cəsarətli və özündə yeni yanaşmalar daşıyan ideyaların olduğunu nəzərdə tutub. Hələlik danışıqlar prosesinin ciddi nəticələrə gəldiyi qənaətində deyiləm. Danışıqların atmosferindən tərəflərin kompromisə doğru meyillənməsi hiss olunur. Bəyanatlar danışıqların məzmunu barədə bir şey söyləməsə də, hesab etmək olar ki, irəliləyişlər üçün əsas var. Yəni, sülhyaratma prosesinin hərəkətə gəlməsi üçün şərait var. Sadəcə görünür, tərəflər hələlik nələrdənsə çəkinirlər. Ona görə də irəliyə doğru yekun nəticədən danışmaq çətindir”.
"İşğalçıya təzyiq edilməsə, mövqeyi dəyişməyəcək. Bu təzyiqi görmürük”
"Ermənistanın mövqeyi dəyişmədikcə, tərəflərin və həmsədrlərin görüşlərində yeniliyin olması çətindir”. Bunu isə "Sherg.az”a Krakovda baş tutan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların nəticələrini şərh edərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.
O diqqətə çatdırıb ki, erməni tərəfinin bəyanatları onların mövqeyinin daha da sərtləşdiyini göstərir: "Bu cür mövqe davam etdiyi müddətdə kompromisin əldə olunması mümkün deyil. Görüşdən sonra tərəflərin və həmsədrlərin bəyanatlarında da yenilik müşahidə edilmir. Münaqişənin həlli üçün yeni təkliflər olması müşküldür. Bütün variantlar, bunlara Azərbaycan və Ermənistanın münasibəti bəllidir. Ermənistan rəhbərliyinin radikal bəyanatlarını da üzərinə əlavə etdikdə optimizm üçün heç bir əsas olmadığını görəcəyik”. Minsk qrupunun fəaliyyətinə gəlincə,T.Zülfüqarov xatırladıb ki, ötən il də danışıqlar aparıldı, amma heç bir nəticə əldə edilmədi: "İşğalçıya təzyiq edilməsə, onun mövqeyi dəyişməyəcək. Bu təzyiqi görmürük. Əksinə bəzi məqamlarda, xüsusilə Rusiya tərəfindən dəstək addımları atılır. Belə çıxır ki, bu işğalçılıq siyasətinə dolayı dəstəkdir. Dəstəyi hiss edən Ermənistan mövqeyini daha da sərtləşdirir”.
İsmayıl