Qarabağ qazisi Məlahət İbrahimqızına təşəkkür etdi

Əlillərin və şəhid ailələrinin problemi ilə məşğul olan dövlət komissiyası yaradılmalıdır



Millət vəkili Məlahət İbrahimqızı şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının problemlərini araşdıran dövlət komissiyası yaradılması ilə bağlı təklif səsləndirib.
Onun sözlərinə görə, hədəfi Azərbaycanın daha da güclü dövlət, həmçinin torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqdır. "Bu istiqamətdə hərtərəfli işlər gedir, islahatlar həyata keçirilir. Bu məqsədlə büdcədən vəsaitlər ayrılır. Mənim hökumətə bir sıra təkliflərim var.

Şəhid ailələri, Qarabağ müharibə veteranlarının problemlərini araşdıran xüsusi bir dövlət komissiyasının yaradılmasına ehtiyac var. Müxtəlif sahələri əhatə edən komissiyalar var. Mən təklif edirəm ki, Prezident yanında və yaxud Nazirlər Kabinetində şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının problemlərini araşdıran dövlət komissiyası yaradılsın. Bu yolla onların problemlərini araşdırmaq və həll etmək olar. Belə bir komissiyanın yerlərdə də şöbələri yaradılmalıdır”.

Deputatın təklifini yüksək dəyərləndirdiyini deyən "Vətən Müharibəsi Əlilləri" İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov "Şərq”ə bildirib ki, sözügedən komissiya yaradılsa, Qarabağ əlillərinin və şəhid ailələrinin həyatında önəmli rol oynaya biləcək bir struktur olardı:

 "Komissiyanın yaradılmasına heç bir əngəl yoxdur. Buna görə, böyük maliyyə büdcəsi lazım deyil və çətinliklər də yoxdur. Hələ 2001-ci ildə Qarabağ Əlilləri Cəmiyyəti olaraq biz həmin komissiyanın yaradılması ilə bağlı çıxış etmişdik. Hətta bu barədə dövlətə də müəyyən təkliflərimizi vermişdik. 

Növbəti dəfə isə 2014-cü ildə, Zaur Həsənov özünü yandıran ərəfədə komissiyanın yaradılması üçün müraciət etdik. O zaman bizdən yenə təkliflərimizi istədilər. Təkliflərimizi verərkən qeyd etdik ki, Qarabağ əlilləri və şəhid ailələrinin problemləri ilə məşğul olan dövlət komissiyası yaradılsın. Belə bir təklifi səsləndirdiyi üçün Məlahət xanıma təşəkkür edirik. Bu təklif çox vacib və yerində oldu”.

Yeganə Bayramova