Akif Nağı: “Onlar əsasən müxtəlif ölkələrdə yaşayan etnik ermənilərdir”
Rusiyanın "Kavkaz Explorer” şirkəti Qafqaz ölkələrinə, o cümlədən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə turizm turları təşkil edir. Dağlıq Qarabağa 9 günlük səfər turu üçün hər iştirakçı 78 min rubl (2550 manat) ödəyir.
Bəs Azərbaycan tərəfi ermənilərin bizim torpaqlarımıza gələn turistlərə ev sahibliyi etməsinə, tanınmamış bir əraziyə turist axınını artırmaq üçün əldən-ayaqdan getməsinə və adıçəkilən dövlətlərə qarşı hər hansı bir addım atmalıdırmı?
Son dövrlərdə Rusiyanın özünü çox pis apardığını vurğulayan Qarabağ Azadlığı Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, "şimal ayısı” açıq şəkildə Ermənistanın mövqeyini müdafiə edir:
"Biz bununla bağlı bəyanat da vermişik ki, Rusiya birmənalı olaraq Azərbaycanla bağlı mövqeyinə aydınlıq gətirməlidir. Böyük və güclü dövlət olması onun bizə qarşı münasibətdə istədiyi kimi rəftar etməsi səlahiyyətini vermir. İstənilən halda Azərbaycanın maraqları nəzərə alınmalıdır. Rusiya həm ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri, həm də Azərbaycanın strateji müttəfiqidir. Rusiyanın Azərbaycana qarşı bu cür aqressiv münasibəti davam etsə, ictimaiyyət tərəfindən kəskin reaksiyalar özünü göstərəcək. Bu, ilk hadisə deyil. Faktiki olaraq, Rusiya Dağlıq Qarabağdakı qondarma rejimin təbliğini aparır. Hesab edirəm ki, Azərbaycan hökuməti Qarabağa turist turlarının dayandırılması ilə bağlı Rusiyaya "nota” verməlidir”.
QAT sədri hesab edir ki, Qarabağa gedənlərə turist də demək olmaz. "Onlar əsasən müxtəlif ölkələrdə yaşayan etnik ermənilərdir.
Həm də ki, turistləri Qarabağa cəlb etmək üçün ermənilərin bu qədər dəridən-qabıqdan çıxması da absurddur. Çünki əvvəlki Qarabağla bugünkü Qarabağ arasında çox böyük fərq var. İndi Qarabağ xarabalığa oxşayır. Həmişəki kimi diqqəti cəlb eləmir. Ermənilər turistləri ora aparıb nə göstərəcəklər? İndi Dağlıq Qarabağda nə qalıb ki? Bu baxımdan düşünürəm ki, Qarabağa turistlərin səfəri siyasi bir prosesdir. Ermənilər turistləri ora cəlb etməklə çalışırlar ki, müxtəlif dövlətlərin də diqqətini Qarabağa yönəltsinlər və bu yolla Dağlıq Qarabağdakı qondarma respublikanın dünyada tanınmasına nail olsunlar. Və bu istiqamətdə də müəyyən işlər görürlər”.
Şəymən