Qatar Bakıdan Ankaraya 35 saata çatacaq

Natiq Cəfərli: "Zamanın artması isə mütləq şəkildə biletlərin qiymətinə təsir etməlidir"
"Elə qiymətlər müəyyən edilməlidir ki, zaman fərqinə baxmayaraq qatarlar təyyarə və avtobuslarla rəqabət apara bilsin"


Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasını reallaşdırmaq məqsədilə Isveçrədən Azərbaycana 30 vaqon gətirilməsi planlaşdırılır. Sözügedən vaqonların İsveçrənin Surix şəhərində istehsal olunduğunu vurğulayan "Azərbaycan Dəmir Yolları QSC"nin sədri Cavid Qurbanovun sözlərinə görə, yeni qatarlarla Qarsa 10 saata çatmaq mümkün olacaq, Ankaraya isə 20 saata. Qiymətlərə gəldikdə isə, C.Qurbanov bildirib ki, gediş haqqını digər ölkələrlə razılıq əldə etdikdən sonra demək mümkün olacaq.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, sərnişin qatarlarında gediş haqqı göstərilən xidmətin keyfiyyətindən, qatarın sürətindən və qət edilən yolun məsafəsindən asılı olur. Avropa ölkələrindəki qatarların qiymətləri məsafədən asılı olaraq, sürətli və komfortlu qatarların gediş haqqı qiyməti yüksək olur:

 "Bakı-Tbilisi-Qars dəmir yolu ilə Ankaraya qədər sərnişin daşınmanın reallaşdırılması müsbət haldır. Ancaq onu deyim ki, mən bu məsafənin 20 saata qət olunacağına inanmıram. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək sərnişin qatarı sürət qatarı olmayacaq. Bu qatarla Bakıdan Tbilisiyə qədər olan məsafə 10 saatdan artıq vaxt aparır. Qatar Ankaraya gedib çıxana qədər 2 sərhəd keçəcək. Üstəlik də qatar Türkiyə sərhədinə keçəndə vaqonların təkərlərini dəyişmək lazım olacaq. Çünki Türkiyənin dəmir yolları ilə MDB ölkələrinin dəmir yollarında təkərlər arasında məsafə fərqi var. Səhv etmirəmsə, 10-15 sm ensizdi. Bütün vaqonların təkərləri Gürcüstan-Türkiyə sərhədində dəyişdiriləcək, bu da zaman itkisinə səbəb olacaq. Ona görə də, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Bakıdan yol alan qatar, ən azı 35 saata Ankaraya çatacaq. Zamanın artması isə mütləq şəkildə biletlərin qiymətinə təsir etməlidir. Alternativ nəqliyyat vasitələrinin olduğunu nəzərə alsaq, qatar qiymətlərinin baha olması sərfəli deyil. Elə qiymətlər müəyyən edilməlidir ki, zaman fərqinə baxmayaraq qatarlar təyyarə və avtobuslarla rəqabət apara bilsin. Əks halda, BTQ-nın ehtimal olunduğu qədər rentabelli olacağını düşünmürəm. Avropada cəlbedici məqamlardan biri yolboyu qatarlarda internetdən istifadə imkanlarının olması və yemək üçün ayrıca vaqonların olmasıdır. BTQ qatarları da bu cür komfortlu olub, qiymətləri avtobus qiymətlərinə uyğunlaşdırılacağı təqdirdə, Ankaraya və İstanbula səfər edən insanların dəmiryolundan istifadə edəcəyini düşünmək olar. Qiymətlər baha olsa, qatarın cəmi 30-40 faizi dolacaq ki, bu, rentabel baxımından heç kimə xeyir gətirməyəcək. Yola xərclənən vəsaitin geridönüşü də mümkünsüz olacaq”.

Şəymən