Qazi və ehtiyatda olan zabitlərdən ibarət Azərbaycan nümayəndə heyəti Türkiyədə...

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olan qazilərdən, ehtiyatda olan zabitlərdən və hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti Türkiyə Muharip Gazilər Dərnəyinin Mərkəzi Qərargahında olublar.
"Sherg.az” xəbər verir ki, görüşdə bu sahədə iki tərəfli əməkdaşlığın perspektivlərindən, keçirilən görüşlərin əhəmiyyətindən söz açılıb.
Qərargahda keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik-leytenant Elşən Qarayev, Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq dəstə komandiri, Azərbaycan bayrağı ordenli ehtiyatda olan polkovnik Hikmət Ağayev, ehtiyatda olan polkovnik, Azərbaycan bayrağı ordenli, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü Xətai Baxışov, Azərbaycanın Milli Qəhrəmanı, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu iştirak ediblər. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçü qaziləri, general Erdoğan Karakuş, polkovnik Şükrü Tandoğan və digərləri çıxış edərək, fikirlərini bölüşüblər.
Tədbirdən sonra nümayəndə heyətimiz Türkiyəli qazilərlə birgə qədim Ankara qalasını və digər tarixi məkanları ziyarət etdilər.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Ankara görüşləri davam edir.