“Test tapşırıqları əvvəlki illərdə dəfələrlə istifadə olunmuş, sinif test kitabçaları və test bankda olan suallar idi”
Mayın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə imtahan keçirib. Hazırda protokolların oxunması prosesi gedir və abituriyentlərin nəticəsi sabah və ya birisi günə bəlli olacaq.
Qeyd edək ki, DİM tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Abituriyentlər Apelyasiya Komissiyasına mayın 14-dən 16-dək saat 10-dan 17-yə qədər şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.
İmtahan prosesini dəyərləndirən təhsil eksperti, tarixçi- alim Kamran Əsədov "Şərq”ə açıqlamasında ötən gün baş tutan qəbul imtahanlarının əvvəlki illərlə müqayisədə heç nəyi ilə fəqlənmədiyini deyib. Ekspertin sözlərinə görə, sadəcə imtahana qatılanların sayında ciddi fərq hiss olunurdu: "Keçirilmiş imtahanda 36559 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verib. Qəbul imtahanında II və III qruplara düşən tarix sualları ilə tanış oldum. Həm II, həm də III qrupda istifadə olunan test tapşırıqları əvvəlki illərdə dəfələrlə istifadə olunmuş, sinif test kitabçaları və test bankda olan suallar idi. DİM bunu etməklə ənənəvi qaydada keçirilən sonuncu qəbul imtahanlarında iştirak edən şəxslərin keçid balı toplaması üçün addım atdı. Hələki diqqət çəkən səhv sual yoxdur. Suallar olduqca asan idi. Tarixdən cüzi anlayışı olanlar bütün sualları düzgün cavablandıra bilərdi”.
K.Əsədovun sözlərinə görə, imtahan prosesində diqqət çəkən bir neçə məqam olub. Xüsusən də, istifadə olunan test tapşırıqları ilə bağlı. DİM imtahanda iştirak etmək üçün 40 manat xidmət haqqı müəyyən edib və bunu ona görə edib ki, istifadə olunacaq test tapşırıqlarına vəsait xərclənəcək. Amma 13 mayda II və III qruplarda istifadə olunmuş test tapşırıqlarının heç biri yeni deyildi:
"Bütün test tapşırıqları 2010-cu ildən bəri qəbul və sınaq imtahanlarında dəfələrlə istifadə olunmuş, siniflər üzrə çap olunmuş test kitabçasında və DİM-in fənlər üzrə nəşr etdirdiyi test banklarında olan suallar idi. Orta səviyyədə, 30-40 faiz hazırlaşmış, bu test toplularını işləmiş abituriyent 250-300 bal toplaya bilər. Hətta repetitor yanına getmədən belə. Mənim heç ümid etmədiyim, zəif nəticə gözlədiyim abituriyentlərim belə 280-310 balı rahatlıqla toplaya biliblər. Yüksək hazırlıqlı abituriyentlər isə 600 dən çox bal toplaya biliblər. Ümumilikdə 2018-2019-cu tədris ili üçün keçirilən qəbul imtahanları 26 ildir tətbiq edilən ənənəvi üsulla sonuncu qəbul imtahanıdır. 2019-cu ildən etibarən qəbul imtahanları yeni formatda keçiriləcək. Ona görə də DİM daha çox əvvəlki illərin məzunları gələn ilə qalmasın deyə, qəbul imtahanlarında daha sadə test tapşırığı nümunələrindən istifadə edib”.
K.Əsədovun sözlərinə görə, bu il III ixtisas qrupu üzrə toplanan ballar keçən illə müqayisədə yüksələcək, II qrupda isə müqayisədə aşağı düşəcək: "Təəssüf ki, 26 ildir eyni üsulla qəbul imtahanları keçirilsə də, nəticələrdə elə bir ciddi dəyişiklik yoxdur. 1992-ci ildə də 150 balla ali məktəblərə qəbul olmaq, tələbə adını qazanmaq olurdu, 2018-ci ildə də bu mümkündür”.
Şəymən