Qərarlar vaxtında sistemə yerləşdirilmir

Ona görə sürücülər cərimələrini ödəyə bilmirlər


Baş Dövlət Yol Polisi İdarəsi cərimələri vaxtında ödəməyən sürücülərin müəyyən edilməsi məqsədi ilə reydlər keçirib.
Reyd zamanı cərimələri mərkəzi məlumat xidmətində qərarsız kimi qeyd olunan sürücülər saxlanılaraq onlara pozduqları yol hərəkəti qaydaları barədə yerindəcə müvafiq sənədlər təqdim olunub.

Qeyd edək ki, sürücülərin əksəriyyəti cərimələrin ödənilməsi ilə bağlı gecikmələrdə özlərini günahkar hesab etmirlər. Səbəb ya müvafiq cərimə protokolunun onlara məxsus ünvana gəlib çıxmaması, ya da cərimənin ödənilməsinə dair rəsmi qərarın verilməməsidir. Bununla bağlı bir çox sürücülər öz narazılıqlarını da bildiriblər. Onların sözünə görə, cəriməni ödəmək məqsədilə poçta üz tutduqları zaman "qərar hələ verilməyib” cavabını alırlar.

Bəs, problemin həlli ilə bağlı nə kimi tədbirlər görülməlidir? Bu cür hallarda sürücüləri günahkar hesab etmək doğrudurmu?

"Digesta” hüquq firmasının direktoru, nəqliyyat eksperti Ərşad Hüseynovun "Şərq”ə açıqlamasına görə, cərimələrlə bağlı problemin yaranmasında iki səbəb var. Bir qisim sürücülər məsuliyyətsizlik və diqqətsizlik edir, nəticədə cərimə ödəməkdən boyun qaçırırlar. Digər bir qisim sürücülər isə ödəməli olduqları cərimənin rəsmi məlumatını əldə edə bilmirlər: 

"Sürücülərin əksəriyyəti ödənişi həyata keçirmək üçün hansısa qərarların çıxmasını gözləyirlər. Bu zaman da bir sıra problemlər ortaya çıxır. Yaxud sürücüyə cəriməylə bağlı məlumat çatdırılmır və sistem bərbad olduğu üçün həmin məlumat banklara, postun sisteminə yönləndirilmir ki, sürücü cəriməsini ödəyə bilsin.

 Ona görə DYP-nin Baş İdarə qurumları bu problemi həll etməlidirlər ki, hər kəs vaxtında cərimədən məlumatlı olsun və cərimələrini ödəyə bilsinlər. Qərarlar vaxtında sistemə yerləşdirilsin ki, sürücülər bununla bağlı problem yaşamasınlar”.

Yeganə Bayramova