Qərbdə maraqlı bir yekdillik hökm sürür
Avropa Rusiyanı başqa dövlətlərin işinə qarışa bilməyəcək qədər zəiflətmək istəyir
Xəbər verdiyimiz kimi, ABŞ başda olmaqla, Avropa İttifaqının bir sıra ölkələri, habelə Kanada, Ukrayna, Gürcüstan və başqa dövlətlər "Skripal işi” əlaqədar rusiyalı diplomatları arzuolunmaz şəxs elan ediblər. Vaşinqton 48 rusiyalı diplomatın və Rusiyanın BMT-dəki 12 əməkdaşının ölkədən çıxarılması haqda qərar verib. Bundan başqa Ağ Ev Rusiyanın Sietldəki Baş Konsulluğunu da bağlayıb.
Rusiya da öz növbəsində ABŞ-ın Peterburqdakı konsulluğunu qapadıb, üstəlik, 60 amerikalı diplomatın ölkəni tərk etməsi üçün onlara 7 gün vaxt verib. Bir neçə gün əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi rus diplomatlarının ABŞ-dan qovulmasına adekvat cavab verəcəklərini bildirmişdi. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkədən çıxarılacaq Amerika diplomatlarının sayı 58 nəfərdir. Onlar ölkəni aprelin 5-dək tərk etməlidirlər.
"ABŞ-ın Kremlə daha bir zərbə vuracağı gözləniləndir”
Rusiyalı senator Aleksey Puşkov 60 ABŞ diplomatının ölkədən çıxarılmasını şərh edərkən bildirib ki, diplomatların ölkədən çıxarılması və konsulluğun bağlanması Rusiyadan ABŞ-a verilməsi mümkün olan yeganə cavabdır: "Rusiyanın bu addımı atacağı Vaşinqtonda gözlənilmirdi. ABŞ-ın Rusiyanın aktivlərinə həbs qoymaqla Kremlə daha bir zərbə vuracağı istisna edilmir”.
"Heç kimə güzəşt edilməyəcək”
Rusiya XİN-in Sankt-Peterburq üzrə nümayəndəsi Vladimir Zapevalov deyib ki, ABŞ nəinki Furştat küçəsindəki baş konsulluq binasını, həm də Qrodnensk yolundakı qərargahı boşaltmalıdır: "Rusiyanın diplomatlarını ölkədən çıxaran bütün dövlətlərə qarşı adekvat cavablar veriləcək. Heç kimə güzəştə getmək, geri çəkilmək fikrimiz yoxdur”.
Rusiyadakı Avropa səfirləri XİN-ə çağrılır
Rusiyalı diplomatlara qarşı "Skripalın işi” ilə əlaqədar addım atmış ölkələrin səfirləri nazirliyə çağırılıb. Rusiya XİN-dən bildiriblər ki, səfirlərin çağırılmasının səbəbi həmin ölkə səfirlərinə Rusiyanın etiraz notasını təqdim etməkdir: "Dəvət olunan səfirlərə Moskvanın etiraz notası veriləcək və cavab addımları atılacağı elan olunacaq”. Nazirliyin məlumatına görə, Rusiya XİN-ə Polşa, Almaniya, İtaliya, Böyük Britaniya, Serbiya və başqa ölkələrin səfirləri çağırılıb.
"Ölkədən çıxarılanlar diplomat yox, casus idilər...”
ABŞ administrasiyasından verilən açıqlamada bildirilib ki, Vaşinqton hökuməti Rusiyadan olan diplomatların sayını azaltmır və yeni diplomatlar üçün qapılar açıqdır. Bununla yanaşı, Amerika hökumətinin nümayəndələri Vaşinqtonun "xarici kəşfiyyat əməkdaşları tərəfindən gözlənilən təhlükəni” ciddi qəbul etdiyini bildiriblər: "Bizim qapımız rusiyalı diplomatların üzünə açıqdır, lakin biz diplomat olmayan şəxslərlə bağlı ciddi narahatlıq keçiririk”. Administrasiya nümayəndəsi deyib ki, ölkədən çıxarılan Rusiya diplomatları casuslar olub.
"Münasibətlərin daha çox gərginləşəcəyini güman edirəm”
Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, son hadisələr Rusiyaya qarşı 5 ildən bəri davam etdirilən "soyuq müharibə”nin davamıdır: "Rusiya Krımı ilhaq edəndən sonra Qərbin sanksiyalarına məruz qalıb. Bundan sonra Rusiyanı ABŞ prezident seçkilərinə müdaxilədə ittiham ediblər və sanksiyalar daha da sərtləşib. Son qalmaqalda xəfiyyənin öldürülməsi ilə bağlı bütün izlər Rusiyaya apardığına görə, sanksiyalar yenidən vüsət alıb. Bu dəfə rus diplomatları Avropa ölkələrindən çıxarmaq qərarı veriblər. Rusiya rəsmiləri də analoji addım atılacağını vəd edirlər. Amma məsələ ondadır ki, Rusiyanın bir və ya iki ölkə ilə münasibətləri gərginləşmir. Avropa İttifaqının xeyli ölkəsi, o cümlədən ABŞ Böyük Britaniyanı bu qovğada haqlı sayır və inanırlar ki, bu şübhəli sui-qəsdin arxasında Rusiya dayanır. Ona görə də münasibətlərin hələ daha çox gərginləşəcəyini güman edirəm. Qərb ölkələri Rusiyanı başqa dövlətlərin işinə qarışa bilməyəcək həddə qədər zəiflətmək istəyirlər”.
"Heç "soyuq müharibə” illərində bunlar olmayıb”
Siyasi ekspert İlqar Vəlizadə isə bu hadisənin Qərb üçün bir bəhanə olduğunu bildirib: "Adamda elə təəssürat yaranır ki, hətta bu hadisə olmasaydı da onu düşünüb, tapmaq lazım gələcəkdi. Həm də budəfəki hadisədə çox maraqlı bir yekdillik nümayiş etdirilir. Adətən, belə hadisələrdə müəyyən vaxt və prosedurlar tələb olunur. Hiss olunur ki, əvvəlcədən müəyyən hazırlıq işləri görülüb. Maraqlıdır ki, müşahidə etdiyimiz hadisələr heç "soyuq müharibə” illərində də baş verməyib. Sanki indi Qərbin önə çəkdiyi Ukrayna hadisələri də arxa plana keçib. Qərbin Rusiyanın Suriyadakı proseslərdə iştirakı, İranın təklənməsinə yol verməməsi ilə bağlı narahatlıqları daha böyükdür”.
İsmayıl