
“Qızımın adını hallandırmasaydı, susardım”
Fatimə Fətəliyeva: “Xatun mənə düşmənçiliyini nümayiş etdirdi”“Həyat yoldaşım heç vaxt bir qadının üstünə şığıyacaq tərbiyə sahibi deyil”
Müğənni Xatunla rəqqasə Fatimə arasında xeyli vaxtdır yaşanan qalmaqal yenidən gündəmə gəldi. Belə ki, müğənni Xatunun açıqlaması yenə tərəflər arasında yaşanan gərginliyi alovlandırdı. Xatun açıqlamasında Fatimənin qızı və həyat yoldaşı barədə də açıqlamalar verib. Bu günə qədər susmağa üstünlük verən Fatimə bu dəfə Xatunu cavabsız qoymadı. Məhz qızının və həyat yoldaşının adını hallandırdığı üçün Fatimə sükutunu pozmalı oldu. Məsələyə aydınlıq gətirən Fatimə Fətəliyeva "Şərq”ə danışdı.

- Fatimə, son günlər yenidən Xatunla qalmaqalınız gündəmə gəldi. Xatun müsahibəsində sərt açıqlamalar verib.
- Mən onun müsahibəsini oxudum, başımdan tüstü çıxdı. Bu qədər şər, böhtan atmaq olarmı? Bu günə qədər susmuşam, ailəmə görə susmuşam, xanımlığıma görə səbr etmişəm, yediyimiz çörəyə hörmət etmişəm. Amma bu dəfə danışmağa məcbur qaldım. Çünki mənim qızımın adını hallandırıb. Onun qızı yaşında bir uşağı bu qalmaqala alət etməsi təbii ki, bir ana kimi məni narahat etdi. Yenə susardım. Çünki şou-biznesdə o qədər qalmaqallar olub ki, ötüb keçib. Məni tanıyanlar da xasiyyətimi bilir. Mən tez həyəcanlanan insanam, tez də ağlayanam. Amma bu o demək deyil ki, mən acizəm, zəifəm. Mən zəif bir qadın deyiləm. Zəif olsaydım, həyatda bu gün qazandıqlarıma sahib ola bilməzdim. Sadəcə yenə də deyirəm, çox həssas biriyəm. Söz mənə təsir edərsə ağlayıram. Mənim ağlamağımı kimsə zəiflik hesab etməsin. Hər kəsin səhvini, əgər bu səhvi başa düşürsə, bağışlaya bilirəm, kinli deyiləm, paxıl deyiləm. Amma görünür, həyat başqa xasiyyətləri insandan tələb edir. Bu günə qədər danışmamışdım ki... Susurdum. Amma bu dəfə susa bilməzdim. Heç kimə imkan vermərəm ki, mənim övladlarımın adını hallandırsın, dilə gətirsin. Mən övladlarımı əziyyətlə, zəhmətimlə böyütmüşəm. Xatun da anadır, mən də anayam. Bizim aramızda olanların uşaqlarımıza aidiyyəti olmamalı idi. Mənim qızım ona xala deyib. Sənə xala deyən uşağın adını hallandırmaq nə qədər insanlıqdı? Mən demirəm, siz deyin. Sadəcə övladım salonda Xatunun səs-küyünü eşidib, adımın çəkildiyini görüb, övladdı, narahat olub, otağa daxil olub ki, Xatun xala, nə olub? Anamın adını niyə çəkirsən? Hansı övlad olsa soruşardı? Sən mənim qızımın anası yaşındasan, sənə yaraşdı ki, qızımın kürəyindən vurasan? Bunu necə bağışlayım? Mənim övladıma sən niyə əl qaldırmalıydın? Bu qadına yaraşar. Sən də anasan, ayıbdı.
- Xatun bu hadisədən sonra həyat yoldaşınızı onun üstünə apardığınızı iddia edir...
- İnanın səmimiyyətimə ki, yalandı. Mənim həyat yoldaşımı siz də, şou-biznesdə olan çoxları da yaxşı tanıyır. Onun nə qədər mədəni, kübar, səbirli insan olduğunu bilənlər var. O heç vaxt bir qadının üstünə şığıyacaq tərbiyə sahibi deyil. Sadəcə, Xatun qohumlarından birinin xınası barədə məndən soruşmuşdu. Mən də dedim ki, sənə nə qiymət deyim? Bu günə qədər o qədər sənət dostlarımın yaxınlarının məclislərində xına aparmışam. Heç vaxt kiminləsə pul söhbəti etməmişəm. Özü dedi ki, 500 manat verərəm, gəl iştirak et. Vəssalam. Dedim o nə deməkdi, baş üstə. Elə oldu ki, xınaya bir gün qalmış mənə yazdı ki, xınaya gəlirsən. Yazdım ki, nə xına? Yadımdan çıxmışdı. Nə isə, dedim gələrəm. Bir də yazdım ki, heç kim bilməsin ki, o qiymətə gəlmişəm. Bu, aramızda qalsın, sənə görə elə gəlirəm. Dedi kim biləcək, qəribə adamsan. Xatun birdən sanki çöndü. Dedi 1000 verirəm, gəl. Dedim ay qız, nə olub, istəsən sənə görə havayı da gələrəm. Mən başa düşmədim ki, nə oldu birdən sərtləşdi. Mənə dedi ki, sən kimsən, özünü kim sayırsan. Çaşdım. Əvvəl elə bildim zarafat edir. Yığıram açmır. Sonra birtəhər açdı. Soruşuram ki, nə olub, sən niyə belə edirsən. Həmin gün o məni dinləmək istəmədi. Sonra salonuma gəldi, qardaşı Balaşın otağında idi, ordan səsləri gəlib, mənim adımı çəkib. Qızım da narahat olub ki, nə baş verir. Soruşub ki, Xatun xala, nə olub? Sən mənim qızımı niyə itələyirsən, uşaqdı narahat olub, de ki balam, narahat olma, ananla bir az əsəbiləşmişik, vəssalam. Mənə işçilərim gələndə dedilər ki, bəs Xatun burdadı, nəsə deyir. Mən də yoldaşımla məsləhətləşdim ki, bəlkə insandı, nəyisə səhv başa düşüb, ya kimsə ona nəsə deyib. Sən təmkinlisən, çağır yuxarı otağımıza, oturaq söhbət edək. Aydınlıq gətirilsin. Axı biz rəfiqəlik edirdik. Yoldaşım da Balaşın otağının qapısını döyüb mədəni şəkildə Xatuna deyib ki, işiniz bitəndən sonra zəhmət olmasa qalxın yuxarı, oturaq danışaq. Mənim yoldaşım bir qadının üstünə gedəcək qədər mədəniyyətsiz biri deyil. Sadəcə qızımın da həyəcanlı olması, ona əl qaldırması bizə təsir etmişdi. Mənim ürəyimi hamı tanıyır. Heç kimin pisliyini istəməmişəm. Heç kimə paxıllığım olmayıb. Bir də niyə paxıllıq etməliyəm ki. Şükür Allaha, anam, övladlarım, həyat yoldaşım, dostlarım, işim, gücüm var. İnsana həyatda başqa nə lazımdı? Mən hər kəsin gözəl gününü arzulayan insanam, hamının xeyrinə-şərinə çatmağa çalışıram, sənət aləmində hamının xeyir işində ürəklə iştirak etmişəm. Kimsənin də yanında gözükölgəliyim yoxdu. Mən sadəcə bu gün ona görə danışdım ki, məsələyə aydınlıq gətirilsin. Yenə susardım, əgər qızımın adını hallandırmasaydı. Mən ona düşmən olmamışam. Amma o mənə düşmənçiliyini nümayiş etdirdi. Yenə də Allah görür. Həyat mənə öyrədib ki, Allahın ədalətindən böyük ədalət yoxdu. Mən nə qədər səbirli olsam da, o qədər də istənilən insanın cavabını verə biləcək qədər cəsarətliyəm. Amma yersiz danışmağı sevmirəm. Bu gün danışdım, yəqin bir də bu barədə danışmağa ehtiyac olmayacaq. Bir də mətbuat vasitəsilə ciddi şəkildə mesajımı göndərirəm ki, mənim övladlarımın adını kimsə hallandırmasın, buna heç kimin haqqı yoxdu. Mənimlə dərdi olan mənə sözünü desin, cavabını da alsın. Amma övladlarıma dil uzatmayın. Bunu heç kimə bağışlamaram.
Tahirə