Qondarma seçkilərin Qarabağ danışıqlarına heç bir təsiri yoxdur

Onsuz da beynəlxalq təşkilatlar, xarici dövlətlər kampaniyanın nəticələrini tanımayacaq



Ermənilər işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində "prezident seçkiləri” keçirməyə hazırlaşır. Ermənistan mətbuatının yaydığı məlumata görə, qondarma seçkilər 19-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "parlamenti”nə 2015-ci il mayın 3-də keçirilmiş qurama seçkilər, 2017-ci il fevralın 20-də "konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və tanınmayıb. Azərbaycan ictimaiyyəti isə deyib ki, qanunsuz "parlament” tərəfindən saxta "prezident seçki”sinin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və özü-özünü aldatmaqdan başqa bir şey deyil.

Yerli politoloqların dediyinə görə, Dağlıq Qarabağda erməni separatçıları tərəfindən keçiriləcək prezident seçkilərinin real danışıqlar prosesinə heç bir təsiri yoxdur.

Ermənilərin öz təxribatlarını heç vaxt dayandırmadıqlarını vurğulayan millət vəkili Asim Mollazadə deyib ki, beynəlxalq təşkilatları aldatmaq üçün min oyundan çıxırlar. Onun sözlərinə görə, bu "seçkilərin” heç bir əhəmiyyəti yoxdur və hər hansı bir qurum, ölkə tərəfindən tanınmır: "Bu, onların daxili oyunlarıdır və öz sahibləri üçün bu oyunları oynayırlar”.

Millət vəkilinin qənaətincə, hər dəfə qondarma rejim "seçkilər” keçirdikdən sonra beynəlxalq təşkilatlar, xarici dövlətlər onun nəticələrini tanımadığını bəyan edirlər: 

"Amma buna baxmayaraq ermənilər öz bildiyini edir. Çünki əsas problem ondan ibarətdir ki, beynəlxalq təşkilatlar təcavüzkarın işğalına düzgün qiymət vermir. Ermənilər beynəlxalq hüquq normalarını, BMT-nin, ATƏT-in təməl sənədlərindən irəli gələn qərarları qəbul etmir. Ermənistanın bu siyasətinin, özbaşınalığının səbəbi ona qarşı hansısa cəzaların tətbiq edilməməsidir. Cəzasız qalanda isə cinayətlər təkrar olunur”.

A.Mollazadənin fikrincə, bu kimi addımlar Ermənistanın öz işğalçı mövqeyində qaldığını göstərir və İrəvan bu mövqeyi davam etdirəcək: "Cəza olmayana qədər bu siyasət Ermənistan tərəfindən davam etdiriləcək. Ona görə də Qarabağa dair aparılan danışıqlardan, qarşıda nəzərdə tutulmuş xarici işlər nazirlərinin görüşündən heç nə gözləmirəm. Bu danışıqlar ancaq beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş hiylələrdir”.

"Seçkiləri” qeyri-ciddi məsələ hesab edən politoloq Tofiq Abbasovun sözlərinə görə, ermənilərin növbəti "seçkilər”ini də "referendum”la, parlament seçkilərinin aqibəti gözləyir:

"Bir halda ki, beynəlxalq təsisatlar bu qondarma respublikanın müstəqilliyini tanımır, deməli, onların keçirdiyi bütün "seçkilər” və digər təşəbbüslər də qondarmadır. Zəlil günündə yaşayan və ciddi şəkildə resurs çatışmazlığı yaşayan Ermənistan bu cür oyunlarla özlərinin "hər şeyə qadir” görüntülərini yaratmaq istəyirlər. Düzdür, erməni separatizmini dəstəkləyən qüvvələr, beynəlxalq oyunçular da var. Elə ermənilərin qurduğu "seçki” oyunları da məhz onların ayırdığı maliyyə yardımları hesabına həyata keçirilir. Ancaq buna rəğmən bütün bunlar perspektivsiz "gücənmələr”dən başqa bir şey deyil.
Azərbaycan XİN-in də dediyi kimi, var olmayan bir dövlətin keçirdiyi "seçkilər”in Dağlıq Qarabağ danışıqlarına heç bir təsiri yoxdur. Azərbaycan bununla bağlı özünün prinsipial mövqeyini açıqlayıb ki, orda keçirilən həmin kampaniyaların hüquqi qüvvəsi yoxdur. Azərbaycan bu məsələdə diplomatik müstəvidə üzərinə düşən məsuliyyətin hamısını dərk edir, lazım olan zəruri addımları atır. Ona görə də nə indi, nə də gələcəkdə qondarma respublikanın müstəqil dövlət kimi tanınmaq imkanı yoxdur. Getdikcə bu proseslərin hamısı daha çox lətifəvari bir hal alır və Ermənistanla bağlı baş verən bütün proseslər hamısı qondarma şou səviyyəsində həyata keçirilir. Təkcə elə Lapşinlə bağlı məsələni yada salmaq lazımdır ki, beynəlxalq arenada Azərbaycanın sözünün necə keçərli olduğunu görmək mümkün olsun”.

Şəymən